Novruz bayramını kim, harda, necə qeyd edəcək? - Deputatlar, icra başçıları, xalq artistləri...

novruz-bayramini-kim-harda-nece-qeyd-edecek
Oxunma sayı: 2131

Novruz bayramını bir çox insanlar ölkədə keçirsə də, bəziləri xaricdə qeyd etməyi düşünür.

“Qafqazinfo” xəbər verir ki, bizimyol.info bir çox tanınmış şəxslərin bayramı harada keçirəcəyi ilə bağlı sorğu keçirib.

Deputatlar, icra başçıları, keçmiş nazirlər və incəsənət xadimləri bayramla bağlı maraqlı fikirlər bölüşüblər.

Milli Məclisin deputatı Cavid Osmanov: “Mən hamını bayram münasibətiylə təbrik edirəm. Bayramı Ağdaşda, seçicilərimlə, ailəmlə birgə qeyd edəcəm. Xaricə getməyəcəm, buna ehtiyac da duymuram.”

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Novruz bayramını xaricdə qeyd edəcək. “Mən hazırda ölkədə deyiləm, bayramdan sonra qayıdacam.”

Azərbaycanın insan hüquqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanova da Novruz bayramını xaricdə qeyd edəcək. O bir qədər əvvəl saytımıza özəl açıqlamasında məzuniyyətdə çıxdığını, xaricdə olacağını bildirmişdi:

“Hazirda xaricdə məzuniyyətdəyəm. Səhhətim də yaxşıdır. Mənə görə heç kim narahat olmasın.”

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da bayramı ölkədə yaxınları, qohumları ilə qeyd edəcək. “Mən həmişə Novruz bayramında ölkədə olmağı xoşlayıram. Bayramı da ailəmlə, yaxınlarımla birlikdə keçirəcəm. Novruz milli bayramdı, onu xaricdə keçirməyin nə əhəmiyyəti var. Ona görə də burda olmaq, seçicilərlə görüşmək lazımdır. Novruza çox gözəl hazırlıqlar görülüb.”

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Novruz bayramını ölkədə qeyd edəcək: “Elə imkanım yoxdur ki, bayramı gedib xaricdə qeyd edəm. Ölkədə olacam, ailəmlə yaxınlarımla birgə olacam. Özəlliklə gedəcəyim yer yoxdur. Hamı istirahətə Qubaya gəlir, mən də burda olacam. Novruz bayramı günü rayon tədbirində ola bilməyəcəm”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar da Novruz bayramını Bakıda keçirəcək. “Nəinki xaricə, heç rayona da getməyəcəm. Bakıda qeyd edəcəm. Paxlavamı da yeyəcəm, yumurtada da döyüşdürəcəm.”

Xalq artisti Mələxxanım Əyyubova isə Novruz bayramını ailəsindən uzaq, amma onun üçün sevindirici bir yerdə, Cocuq Mərcanlıda keçirəcək:

“Mən bayramda Cocuq Mərcanlıda olacam, bu mənim üçün fəxrdir. Orda tonqal başında olacağıq. Düzdür, ailəmdən uzaq olacam, ancaq onlar neçə illərdir buna öyrəşiblər. Bayramlarda xalqla bir yerdə olmalıyıq. Xaricə gedə bilməyəcəm. Çünki, burda gözəl muğam müsabiqəsi də var, orda münsif üzvü olduğum üçün bayramda da müsabiqədə iştirak edəcəm. İnşallah növbəti bayramlarda tonqalımızı Şuşada yandıraq. Bu hər birimizin ən böyük arzusudur”.

Xalq artisti Arif Babayev də bayramı ölkədə qeyd edəcək:

“Mən hər il Novruz bayramını ölkəmizdə qeyd edirəm. Azərbaycanımız, Bakımız çox gözəldir, harasa getməyə ehtiyac yoxdur. Ola bilər rayonlara, yaxınların, qohumların yanına gedim. Ağdama gedə bilərəm. Bununla belə ölkədə olacam. Hamının bayramını təbrik edirəm. Gün o gün olsun ki, Novruz bayramını Qarabağda qeyd edək”.