Novruz Məmmədov nazirləri toplayıb tapşırıqlar verdi

novruz-memmedov-nazirleri-toplayib-tapsiriqlar-verdi
Oxunma sayı: 4334

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda iki məsələ - əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsi və iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması; regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyası üzrə təkliflər müzakirə olunub.

Regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyasına dair təkliflər nəzərə alınmaqla, əmək bazarının mövcud vəziyyətinin regionlar üzrə təhlil edilməsi, hər bir region üzrə əmək resurslarının balansının tərtib olunması, ərazi məşğulluq proqramlarının hazırlanması, regionlarda məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi, səyyar əmək yarmarkalarının təşkil edilməsi qərara alınıb.

İclasa yekun vuran baş nazir ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün sosial sahənin prioritet mahiyyətini diqqətə çatdıraraq, sosialyönümlü məsələlərin həlli zamanı qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması və iclasda müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin aidiyyəti qurumlarına müvafiq tapşırıqlar verib.