Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdü - Foto

novruz-memmedov-tacikistan-prezidenti-ile-gorusdu
Oxunma sayı: 3628

Azərbaycanın Baş naziri Novruz Məmmədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanla Tacikistan arasında ənənəvi dostluq münasibətlərini xatırladan Baş nazir hazırda əlaqələrimizin yüksək səviyyədə davam etdiyindən məmnunluğunu bildirib.

Tacikistan prezidentinin ölkəmizə rəsmi səfərinin siyasi-iqtisadi və humanitar əməkdaşlığımızın daha da dərinləşməsi baxımından əhəmiyyətli olacağını vurğulayan N.Məmmədov qeyd edib ki, səfər çərçivəsində hər iki ölkənin prezidentləri arasında keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər çoxşaxəli münasibətlərimiz üçün yeni perspektivlər açacaq, qarşılıqlı sərmayə qoyuluşuna şərait yaradacaq.

E.Rəhmon regionun ən inkişaf etmiş ölkələrindən biri olan dost Azərbaycana səfərindən məmnunluq ifadə edərək, bu səfərin çox məhsuldar və səmərəli keçdiyini vurğulayıb. O, iqtisadi-ticari, dağ-mədən sənayesi, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu diqqətə çatdırıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da ali qonağa ətraflı məlumat verilib. Baş nazir Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin həllinin yubadılmasının bütün regionda sülhə və əmin-amanlığa təhlükə yaratdığını diqqətə çatdırıb.