Nübar Novruzovanın vəsiyyəti

nubar-novruzovanin-vesiyyeti
Oxunma sayı: 6134

Xuraman Hüseynzadə

Mən onu ilk dəfə “Ağ atlar üçün vals” tamaşasından tanımışam. Tamaşa Özbəkistanda pambıq yığımından bəhs edir. Özbək qızı Zümrada rolunda görmüşdüm Nübar Novruzovanı. Yamyaşıl gözlərinin gözəlliyinə, duruluğuna baxdıqca baxmışdım...

Vikipediyada axtarış verdim. Əməkdar artist Nübar Novruzovanın oynadığı rolların siyahısına baxdım. Sonra müsahibələrinə, haqqında dərc olunan materiallara... Yaşıl gözləri əksər fotoda yaşlıydı. Ağlayırdı Nübar xanım.

Bir tamaşada rolun tələb etdiyi qaydaya görə atılıb-düşməli olan aktrisa bətnindəki körpəni itirir. Bir müddətdən sonra yeni bir zərbə alır: ikinci körpəsini də itirir. 40 yaşlarında üçüncü körpəsi dünyaya gəlir. Həkimlər, uşağın xəstə olmasını deyəndə o, gedir kimsəsiz bir düzəngaha. O ki var, ağlayıb, tanrıdan imdad diləyir...

Digər bir xəbərdə aktrisanın şok keçirdiyi yazılmışdı. Yanğın zamanı evi təhlükə ilə üz-üzə qalan aktrisa fəryad eləyirdi.

Müsahibələrinin birində illərdi, ev növbəsində olduğundan gileylənirdi: “Heç olmasa, növbə mənə olmasa da qızıma çatsın."

Gülərüzlü, gözəl gözlü aktrisanın pessimist ovqatı, illərdir, üst-üstə yığılıb qalan, həll olunmayan problemləri içini göynədir adamın...

Aktrisa Gülnar Salmanovanın yas məclisinə qatılmışdı Nübar Novruzova. Həmkarının vəfat etməsinə üzüldüyünü bildirən aktrisa, vəsiyyətini açıqlamışdı: “Dəyərli həmkarlarım Nuriyyə Əhmədova, Gülnar Salmanova vəfat etdi. Yəqin, növbə bizə çatıb. Mən vəfat edəndə heç kimin yas mərasimimə gəlməyini istəmirəm. Yanımda ancaq qızım olsun. Qızıma da tapşırmışam ki, gələnləri qapıdan qovsun. Baş daşı da qoyulmasını istəmirəm, məni sakitcə aparıb basdırsınlar”. Bu vəsiyyət Mədəniyyət Nazirliyi, teatrların rəhbərləri üçün ciddi mesaj olmalıdı.

***

Aktyor və aktrisalara diqqət göstərilmədikcə, onların problemləri həll olunmadıqca Nuriyyə Əhmədovanın, Gülnar Salmanovanın taleyini yaşayanlar artacaq. Həyatda olan səhnə adamlarını qorxudan budur. Teatr rəhbərlikləri öz vəzifə borcunu qəbir üstünə gedib pafoslu çıxışlar eləməkdə, məzarın üstünü əklil, gül-çiçəklə bəzəməkdə görürlər.

Sənət üçün həyatını fəda eləyən adamların həyatını bəzəmək lazımdı öncə...