Nümayəndə heyətimiz MONEYVAL-ın iclasında iştirak edib

numayende-heyetimiz-moneyval-in-iclasinda-istirak-edib
Oxunma sayı: 633

İclasda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, plenar iclasın gündəliyinə Komitə tərəfindən 2010-cu ildə MONEYVAL-a üzv ölkələrin 3-cü mərhələ qiymətləndirməsinin nəticələri əsasında hazırlanmış “horizontal icmal” əsasən Azərbaycana təqdim olunmuş tövsiyələrin icra vəziyyətinə dair müzakirələr daxil edilib.
Plenar iclasın gedişində Azərbaycan nümayəndə heyəti müvafiq istiqamətdə ölkədə həyata keçirilmiş işlərin statusuna dair hesabat təqdim edib. Müzakirələrin yekunu olaraq Komitə hökümət tərəfindən tövsiyələrin icrası istiqamətində əldə edilmiş tərəqqini nəzərə alaraq ölkəmizə qarşı tətbiq edilən formal hesabatlıq rejiminin aradan qaldırılmasına dair qərar qəbul edib.

Plenar iclasın gedişində Komitə tərəfindən Latviya Respublikasında aparılmış 4-cü mərhələ qiymətləndirmənin yekunları müzakirə edilib, bu əsnada Azərbaycan nümayəndə heyətinin üzvü Anar Salmanovun Komitənin Latviya üzrə hüquqi məsələlərə dair qiymətləndiricisi qismində hazırladığı hesabat da müzakirə edilərək qəbul edilib.
İclasın gündəliyinə müvafiq olaraq növbəti 40-cı iclasda tərəqqi hesabatları dinləniləcək ölkələrin siyahısı da təsdiq edilib, Azərbaycan Moldovanın 2-ci tərəqqi hesabatı üzrə hüquq məsələlərinə dair məruzəçi ölkə təyin edilib.

Bundan başqa, Plenar iclasın gündəliyinə uyğun olaraq MONEYVAL-a üzv olan bir sıra dövlətlərin birgə qiymətləndirmə hesabatları, tərəqqi hesabatları, habelə “xüsusi monitorinq rejimi” və “horizontal icmal” çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələri üzrə çatışmazlıqları mövcud olan ölkələrin hesabatları da müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti plenar iclasın gündəliyində olan bütün məsələlərin müzakirəsində fəal iştirak edib və ölkəmizin maraqlarına uyğun mövqe bildirib.

Nigar Məmmədli