“Nurçular burda şəbəkələrini formalaşdırır” - Hələlik səssizdirlər

nurcular-burda-sebekelerini-formalasdirir
Oxunma sayı: 5127


“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Axar.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu dedi. 

O, Fətullah Gülən tərəfdarlarının Azərbaycanda Ərdoğana qarşı fəaliyyətlərini genişləndirməməsini Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gələ bilmə ehtimalları ilə bağlı olduğunu dedi: “Baş nazir Ərdoğanla Fətullah Gülən arasında açıq-aşkar savaş gedir. Ərdoğan çıxışlarının birində Gülənin əsas şəbəkələrindən birinin məhz Azərbaycanda olduğunu dedi. Buradakı gülənçilər hələlik səssizdirlər. Öz mediaları vasitəsilə və yaxud digər vasitələrlə Ərdoğanı vurmurlar. Bilirlər ki, bu addım Azərbaycan hakimiyyəti tərəfindən yaxşı qarşılanmayacaq. Azərbaycan üzərindən Ərdoğanı vurmaq onlara sərf etməyəcək. Əgər fikir versəniz görərsiniz ki, onların Azərbaycandakı başbilənləri çıxışlarında yenə deyirlər ki, biz burada ancaq təhsil verməklə məşğuluq. Mən bunu başa düşürəm. Amma hər dəfə “biz təhsillə məşğuluq” deyib bunu başa vurmaq lazım deyil. İkinci bir tərəfdən, burada kasıb təbəqənin uşaqları təhsil ala bilmir. Başqa bir tərəfdən isə Azərbaycanda onlar təkcə təhsil verməklə məşğul deyillər. Onların Azərbaycanda həm mətbuatı, həm də televiziyası var. Yaxşı, onda sual verirəm: Yalnız təhsillə məşğul olursunuzsa, bu televiziya və mətbuat sizin nəyinizə lazımdır? Bax, bu suallar hələ ki, açıq qalır”. 

Bu, dövlət içində təhlükədir 

Politoloq bu təriqətin tərəfdarlarının Azərbaycanda siyasi hədəflərinin olduğunu da vurğuladı: “Türkiyədəki hadisələr başlayandan sonra Ərdoğan ilk olaraq onların çirkli işləri haqqında danışmağa başladı. Ardınca isə gizli telefon dinləmələri ortaya qoydular. Hələ onların arasında Müdafiə naziri Zakir Həsənovu təbrik etmələri haqqında da sözlər var idi. Yaxşı bəs, Müdafiə nazirini təbrik etməkdə sizin nə marağınız ola bilər? Görünür, onların siyasi hədəfləri də var. Lakin bu siyasi hədəfləri hələ ki, Azərbaycanda dilə gətirməyiblər. Əgər Türkiyədə bu işləri bacarırlarsa, niyə də Azərbaycanda belə şeylər görməsinlər?” 

Elxan Şahinoğlu həmçinin nurçuların ölkədə təhsil verməklə bərabər müxtəlif idarələrdə artıq öz şəbəkələrini formalaşdırdıqlarını da qeyd etdi: 

“Onlar özlərinin şəbəkələrini formalaşdırırlar. Yenə də müdafiəçiləri yazırlar ki, onlara təhsil verir, işlə təmin edirlər. Bu, çox gözəldir. Amma bütün bunlar sonrakı mərhələdə şəbəkələşməni işə salır. Öz məktəblərini bitirən insanları müxtəlif yerlərə yerləşdirmək artıq şəbəkələşmədir. Bu, artıq dövlət üçün təhlükədir. Bu gerçəyi əks etdirəmn yazışmalar da var”.