Nurçuluğun görünməyən tərəfləri - - ARAŞDIRMA

nurculugun-gorunmeyen-terefleri-
Oxunma sayı: 1895


 Xəzər Universitetinin fəlsəfə və sosiologiya kafedrasının müdiri Mail Yaqub bildirdi ki, nurçuların bir çox ölkələrdə, o cümlədən Azərbaycanda təhsil şəbəkəsi mövcuddur. Bu şəbəkə təxminən 1993-cü ildən etibarən ölkəmizdə fəaliyyətə başlayıb: "Bu məktəblərdən birində təhsil alan qonşumuz bir neçə aydan sonra mənimlə söhbət zamanı məzhəblərlə bağlı mübahisə etməyə başladı.

Telegraf.com bildirir ki, bu tip məktəblərdə məzhəblərlə bağlı məsələlər zəif şəkildə təbliğ olunsa belə, müəyyən vaxtdan sonra orada təhsil alan uşaqlar bu sahədə mübahisələr aparırdılar. Bu baxımdan deyə bilərəm ki, kənardan hansısa bir təriqətin ölkə daxilinə müdaxilə etməsi məsələni çox qəlizləşdirir və sonda faciə ilə nəticələnir. Xüsusilə, din elə bir sahədir ki, bura çox həssasdır və burada oyun oynamaq olmaz. Bu insanların inanc, etiqad məsələsidir, bura oyun səhnəsi deyil. Burada səhv addımlar çox yanlış və təhlükəli tendensiyalar yarada bilər. Necə ki, artıq yaranıb və biz son aylarda bunun şahidi olduq. Misal üçün, Suriya məsələsini diqqətinizə çatdırım. Nurçuluq da Azərbaycan düşüncəsinə, toplumuna yaddır. Əgər nurçuluq sırf təhsil məsələləri ilə bağlıdırsa, bu, başqa məsələ. Amma burada söhbət yeni dini cərəyandan gedirsə, bu, xoşagəlməz hallara gətirib çıxaracaq. Özü də bu, yaxın gələcəkdə özünü biruzə verəcək. Nurçuluq artıq məzhəbçilik məsələlərinə özünü bulaşdırıb".

Mail Yaqub nurçuluğun təhlükəliliyi məsələsinə toxunaraq deyib ki, təzə bir təriqət Azərbaycanın oturuşmuş təhlükəsiz dini mühitinə müdaxilə edirsə, bu gun də olmasa, sabah mütləq təhlükə yaradacaq: "Ona görə ki, tədricən ənənəvi olmayan dinin yayılması öz milli kimliyimizin unudulmasına gətirib çıxarır. Çünki bu təriqət milli kimlikdən doğan bir şey deyil, bu kənardan gətirilib. Cəmiyyətə yeni təriqət gələndə özü ilə yeni prinsiplər gətirəcək və belə olarsa, yavaş-yavaş milli kimlik məsələsi unudulacaq. Əmin olun ki, digər bir məzhəbin, ənənəvi olmayan təriqətin təsirinə düşən insan üçün tədricən Azərbaycançılıq, Vətən ideyası mənasızlaşır".

Azərbaycanda fəaliyyətdə olan nurçularla bağlı bir sıra sənədlərin mediada yer almasına münasibət bildirən ekspert Dilavər Əzimli bildirib ki, həmin sənəddə əksini tapan faktların olma ehtimalı böyükdür. Onun sözlərinə görə, qloballaşan dünyada Azərbaycan bu proseslərdən kənarda qala bilməz: "Ümumən nurçuluqla bağlı mövqeyim ondan ibarətdir ki, hər bir təriqət özlüyündə dini təbliğ edirsə bu ayrı məsələ. Amma bir dini təriqət siyasətə qoşularsa, bu yaxşı hal deyil. Şərq cəmiyyətlərində mövcud olan təriqətlərin əksəriyyəti Qərb institutları, Amerikadakı mərkəzlər tərəfindən idarə olunur".

Ekspertin fikrincə, nurçuların kimə nə qədər pul verməsi ilə bağlı məlumatı mətbuatdan əldə edib. D. Əzimlinin sözlərinə görə, hər hansı bir məsələnin həyata keçirilməsində pulun verilməsi üçün müxtəlif formalar var: "Bu maliyyəni qrant şəklində və ya konfransların keçirilməsi üçün verə bilərlər. Yaxud hər hansı din xadiminə kitabın yazılması üçün maliyyə ayrılır və s. Ümumən bu oyunu başlayan eyni "mərkəz"dir və eyni qapıya oynayırlar. Məsələ ondadır ki, hələ 1964-cü ildə Türkiyədə Nihal Atsız mətbuat vasitəsilə haray qoparırdı. O, göstərirdi ki, bu təriqət siyasi proseslərə müdaxilə edir və gələcəkdə Türkiyəyə çox böyük fəsad verə bilər. Göründüyü kimi bu məsələnin indi Türkiyədə, o cümlədən Azərbaycanda da mənfi tərəfi ortaya çıxdı".