“Nurçuluq da, vəhhabilik də bir bezin qırağıdır”

nurculuq-da-vehhabilik-de-bir-bezin-qiragidir
Oxunma sayı: 4622



- Vəhhabilərlə bağlı problemlərin bir ucu isə Suriyaya gedən azərbaycanlıların ölümünə gətirib çıxarırsa, nurçuluğun hakim komanda daxilində özünə yer etməsi barədə deyilənlər daha böyük təhlükələrdən xəbər verir. Bu vəziyyətin yaranmasına səbəb nədir?

- Öncə onu deyim ki, hər iki təriqət - həm nurçuluq, həm də vəhhabilik təhlükəlidir və Azərbaycan dövlətçiliyini zəiflətməyə yönəlib. Bu iki qüvvənin hədəfləri, məqsədləri eynidir, yalnız fəaliyyət prinsipləri, mübarizə metodları fərqlidir. Nurçular pambıqla baş kəsir, vəhhabilər isə qılıncla. Yəni, hər ikisi İslamın başını kəsən, ona zərbə vuran təriqətlərdir. Odur ki, nurçuluq da, vəhhabilik də bir bezin qırığıdır, onlara potensial təhlükə kimi yanaşmaq lazımdır.

- Azərbaycanda vəhhabi təhlükəsi uzun illərdir olsa da, nurçuluq məsələsi gündəmə yeni gəlib. Bəziləri bizdə nurçuluqla bağlı hər hansı təhlükənin olmadığını deyir, kimlərinsə rəqiblərini bu yolla sıradan çıxardığını iddia edirlər...

- Xeyr. Mən belə iddialarla razı deyiləm. Nurçuluq təhlükəsi çoxdan var. Sadəcə olaraq, vəhhabilər göz qabağında idi. Onlar hər zaman kobud davranışları, qeyri-qanuni əməlləri, silahlı hadisələrə qarışmaları, bununla yanaşı, geyimləri, xarici görünüşləri ilə diqqət çəkib. Yəni, vəhhabilər göz önündəydi, hamı onların hansı məzhəbə qulluq elədiyini görürdü. Amma nurçular hər şeyi gizli edirlər. Onların da böyük hədəfləri var. Nurçuların ən böyük məqsədi Azərbaycanda hakimiyyəti ələ keçirməkdir.

- Bu gün əksəriyyət nurçuluğun mahiyyətini anlamır. Bəs, necə olur ki, bu təriqət öz ətrafına insanları cəlb edə bilir?

- Nurçuluq - İslamın təməlini sarsıtmaq üçün yaradılan bir təriqətdir. Bu təriqət başdan-ayağa İslamın ali dəyərlərini inkar edir. Hər şey bir kənara, İslamı zədələyən təriqətin başqa təhlükəsindən danışmağa dəyməz. Necə ki, vəhhabilərin arxasında anti-isilamçı qüvvələr dayanıb, eləcə də, nurçuların arxasında Amerika, İngiltərə və yəhudi sionizmi durur. Burada hər hansı fərq yoxdur. Bunlar, adı və fəaliyyət prinsipləri ayrı olan, amma eyni məqsədə, eyni mənbəyə xidmət edən təriqətlərdir. Yəni, vəhhabilərlə yanaşı, nurçular da təhlükə mənbəyidir.

- Vəhhabilərin hansı səviyyədə təhlükəli olduğu, hansı addımlar ata biləcəyi məlumdur və bu istiqamət-də müəyyən fəliyyətlərini görmüşük. Bəs, nurçuluğun təhlükəsi hansı səviyyədədir?

- Belə baxanda, nurçular vəhhabilərdən də təhlükəlidir. Çünki onlar bu günə kimi elə işləyiblər ki, böyük əksəriyyətin onların varlığından xəbəri olmayıb. Nurçuluğun təhlükəsi odur ki, onlar, uzun illərdir Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün iş aparıblar. Hətta mən deyərdim ki, nurçular hakiyyətdə idi, onu tamamilə ələ keçirməyə bir addım qalmışdı...

- Hakimiyyətdə olan nurçular kimlər idi?

- Bunu açıb-ağartmağa ehtiyac yoxdur. Onsuz da mətbuat hər gün onlardan yazır. Kimin kim olduğunu siz də, mən də, camaat da gözəl bilir. Hər şey bir tərəfə, parlament elə göz qabağındadır. Hökumətdə təmsil olunan nurçular kifayət qədərdir. Düzdür, dövlət artıq ayılıb və ona qırşı mübarizə aparır, amma bu gün də vəzifədə olan nurçular var.

- Sizcə, Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun bu təriqətə aidiyyatı varmı?

- Mən kimin nurçu, kimin vəhhabi, kiminsə başqa təriqətə xidmət göstərdiyini iddia etmək istəmirəm. Dövlət də, aidiyyatı qurumlar da hər şeyi gözəl bilir.
O ki qaldı kimlərinsə vəzifədən kənarlaşdırılmasına, hər şey ola bilər. Sel gələndə özü ilə zir-zibillə yanaşı, lazımlı şeyləri də gətirir. İndi bu prosesdə bir nurçunu tərpədirlərsə, onun yanında 4-5 günahsız da gedə bilər. Bu cür hadisələr həmişə olub, bundan sonra da olacaq.

- Dini Komitənin sədri Elşad İsgəndərovun da adı nurçuluqda hallanırdı. O da işdən çıxarıldı...

- Bəli, ona da nurçu deyirdilər. Amma mən kimisə nurçuluq təriqətinə xidmət etməkdə suçlaya bilmərəm. Çünki bu barədə dəqiq məlumatım yoxdur. Onu heç vaxt görməmişəm, hər hansı əlaqəmiz, söhbətimiz də olmayıb.

- Bəs, onun komitə sədri kimi fəaliyyətini necə qiymətləndirirsiniz?

- Elşad İsgəndərov nə yatdı ki, nə də yuxu görsün. Dini Komitəyə rəhbər gəlməsi ilə yol salınması bir oldu. Heç aman vermədilər, yerində düz-əməlli otursun. Ona görə də onun fəaliyyətinə qiymət vermək çətindir.

- Belə çıxır, eyni vəzifədə on il oturmaq lazımdır ki, fəaliyyətinə qiymət verəsiz?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi elə bir sahədir ki, orda hər hansı dəyişiklik etmək üçün xeyli müddət fəaliyyət göstərməlisən. Bu sahəyə dırnaqarası baxmaq olmaz. Dini Komitə dövlətçilik baxımından olduqca əhəmiyyətli sahədir. Hesab edirəm ki, bu quruma Milli Təhlükəsizlik Nazirliyindən kimsə gəlib rəhbərlik etməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərinin dinlə bağlılığı olmamalıdır. Çünki dini baxışları qabarıq olan adam axıra kimi bu posta otura bilmir.
Biri var dini qoruyasan, biri də var dövləti. Ancaq onu da unutmaq lazım deyil ki, dini qorumağın özü dövləti qorumaq kimi bir şeydir. Məsləhət görərdim ki, Milli Təhlükəsizlik Nazirliyindən bir generalı gətirib Dini Komitəyə rəhbər qoysunlar. Ən gözəl varinat budur.

- Hacı, nurçuluq, vəhhabilik və digər təriqətlərin Azərbaycanda meydan sulamasına, təhlükə yaratmasına necə şərait yaranıb?

- Bunun ən birinci səbəbi odur ki, bu gün Azərbaycanda İslami dəyərlər təbliğ olunmur. Ümumiyyətlə, bu sahədə vəziyyət ürəkaçan deyil. İnsanların dini savadı zəif olduğundan başqa-başqa yollara düşürlər. Bu sahədə məsuliyyət birbaşa Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, bütövlükdə dövlətin üzərindədir. Dini təbliğatla bağlı dövlət siyasəti olmalıdır, telekanallarda verilişlər açılmalıdır. Hətta bununla bağlı ayrıca telekanal da aça bilərlər. Amma görünən odur ki, bu işlərin heç biri yoxdur. Təəssüf ki, nə Qafqaz Müsəlmanları İdarəsi, nə də dövlət bu işə lazımi səviyyədə diqqət ye-tirmir.

- QMİ sədri Hacı Allahşükür Pahazadənin də fəaliyyəti qənətbəxş deyil?

- Bu məsələlərlə bağlı şeyxin fəaliyyəti sıfıra bərabərdir. Mən hələ 20 il bundan əvvəl xəbərdarlıq edirdim ki, vəhhabilik və digər şeytani təriqətlər Azərbaycana təhlükə yaradacaq. Amma heç kim fikir vermədi. Şəxsən şeyxlə dəfələrlə bu məsələlərlə bağlı söhbətim olub, ona da narahatlığımı çatdırmışam, amma heç bir əhəmiyyət verilmədi. Axırda da belə bir vəziyyət yarandı. İndi zaman gəldi, təhlükə özlərinə yaxınlaşdı, ayıldılar və fəaliyyət göstərməyə başladılar. Ancaq artıq gecdir.

- Sizcə, hazırkı məqamda QMİ rəhbəri nə etməlidir?

- Şeyx istefa verməlidir. Çünki Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri kimi onun böyük səhvləri olub. Əgər zamanında lazımi addımlar atılsaydı, bu gün vəhhabilik, nurçuluq kimi şeytani təriqətlər ölkəni bürüməzdi, dövlət təhlükəsizliyimiz təhdid altında qalmazdı. Ona görə də Allahşükür Paşazadənin ən yaxşı xidməti istefa vermək olardı.

- Onun yerini tuta biləcək fiqur varmı?

- Niyə yoxdur? Amma Allahşükür Paşazadə yaranan vəziyyətdən çıxmağımızı istəyirsə, üzərinə düşən işi layiqincə yerinə yetirməlidir. İstefa vermirsə, qoy verməsin, bu günə qədər nə olub-olub, amma heç olmasa, bundan sonra işləsin. Yox əgər yenə də əvvəlki kimi fəaliyyətsiz olcaqsa, bəri başdan istefa versin. Onun yerinə layiqli şəxs tapılar.
Bayaq qeyd elədiyim kimi, təhlükə bunların özlərinə yaxınlaşmasaydı, yerlərindən tərpənən deyildilər. Əslində, son dövrlər hərəkətə keçmələrinin səbəbi özlərini qorumaq istəyi ilə bağlıdır.

- Hacı, deyirsiniz ki, hər iki təriqətin məqsədi hakimiyyətə gəlməkdir. Bu məqsəd onları birləşdirə və dövlətə qarşı mübarizəyə sövq edə bilərmi?

- Xeyr. Azərbaycan dövləti bir o qədər də zəif deyil ki, hansısa şeytani təriqətlər onu məhv eləsin. Mümkündür ki, müəyyən həmlələr eləsinlər. Amma bu kimi cərəyanlar dövlətçiliyimizə zərbə vura bilməz. Sadəcə olaraq, dövlət də, cəmiyyət də ayıq olmalı, təhlükənin qarşısı zamanında alınmalıdır.

- Əgər onların nümayəndələri hakimiyyətdə təmsil olunurlarsa, onları tamamilə məhv etmək olarmı?

- Olar. Bu məsələdə heç bir problem yoxdur. Bu gün hakim komandaya tam nəzarət var və istənilən adamı vəzifədən uzaqlaşdırmaq mümkündür. Sadəcə olaraq, buna iradə lazımdır ki, həm dövlətçiliyimizi, həm də dinimizi təhdid edən təhlükələri dəf edə bilək. Ona görə də həm Qafqaz Müsəlmanları İdarəsi, həm Dini Komitə, həm də təhlükəsizlik orqanları birgə işləməli, xalqı və dövləti bu təhlükədən qurtarmalıdır.