Nurçuluq qadağan olunsa...

nurculuq-qadagan-olunsa
Oxunma sayı: 2325


Xatırladaq ki, fətvada məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMİ tərəfindən qınanılırdı. Mətbuatda QMİ-yə istinadən yayılan məlumatlarda hətta qurumun bu təriqətləri qadağan edilməsi tələbi ilə çıxış etdiyi də deyilirdi. 

Lakin dünən QMİ mətbuat xidməti fətvanın bəyanat qismində və kontekstdən çıxarılmış şəkildə verilməsinə etirazını bildirdi. İstənilən halda QMİ-nin ilin əvvəlində verdiyi bəyanatın ölkədə "nurçular"la bağlı ciddi problem yaşanan dövrdə yenidən gündəmə gəlməsi özfəaliyyət hesab olunmaya bilər. Çünki qurumun qadağan olunmasını tələb etdiyi cərəyanlar Azərbaycanda Əliyevlərin hakimiyyəti dövründə geniş yayılıb. 

Ancaq istənilən halda məsələnin yenidən gündəmə gəlməsi radikallığı ilə seçilən təriqətlərin ciddi narazılığına səbəb ola bilər. Bu da əlavə problemlərin yaranması ilə nəticələnər. Ümumiyyətlə, təriqətlərin qadağan edilməsi nə dərəcədə real görünür?

Ekspertlər dini cərəyanlarla bağlı hər hansı qadağanın ölkənin imicinə xələl gətirə biləcəyini deyir. Sadəcə olaraq təriqətlərin hər hansı qanunazidd əməllərinin qarşısı almaq üçün qanunu sərtləşdirmək, dəyişiklik etmək lazımdır. Amma təriqətlərin ləğv olunması, onlara hər hansı qadağaların qoyulması, yaxud da cinayət məsuliyyətinə cəlb edilməsi böyük səs-küyə səbəb olacaq. Açıq şəkildə fəaliyyət göstərənlər gizli formaya keçəcəklər. O zaman daha ciddi problemlər yarana bilər. Dini cərəyanların təmsilçiləri daha radikallaşa, silaha meyl edə bilərlər. 

İlahiyyatçı Elşad Miri faktiki olaraq heç bir cərəyanın dini icma adı altında dövlət qeydiyyatından keçmədiyi, belə olan halda onların ləğvinin də mümkünsüz olduğunu deyir. 

Qafqaz Müsəlmanları İdarəsi ilk növbədə bu cərəyanların səhvləri, qüsurları, yanlışları ilə bağlı açıqlamalar verməlidir, onların islama ləkə olduğunu bildirməlidir. Amma heç bir səbəb açıqlamadan cərəyanlara qarşı mübarizəyə çağırmaq, onları qapatmaq ölkədə qarşıdurma yaratmağa, din sahəsində mövcud olan münasibətləri iğtişaş formasına gətirib çıxarmağa yönəlmiş bir çağırışlardı: "Bununla nəticə əldə etmək mümkün deyil. Əgər bu insanlarda yanlışlar varsa, belələrinin təsiri altına düşməmək üçün müəyyən addımlar atılmalıdır. Bu gün Azərbaycanda kimsə sektaların, cərəyanların təsiri altına düşürsə, demək, ölkədə bu sahədə  boşluq var. Bu sahə ilə bağlı mövcud qurumların fəaliyyətləri qənaətbəxş deyil. Demək, insanları özlərinə inandıra bilməyiblər. Ona görə də bu gün onların daxili strukturlarında dəyişiklik olmalıdır. Ondan sonra bu sahədə inkişaf mərhələsinə keçmək olar". 

azadliq.info