Nyu-Yorkda İslam mərkəzi açıldı

nyu-yorkda-islam-merkezi-acildi
Oxunma sayı: 640

Vaxtilə Dünya Ticarət Mərkəzinin olduğu yerə yaxın ərazidə İslam mədəniyyət mərkəzinin açılışı bayram əhval-ruhiyyəsi ilə keçib və insidentsiz ötüşüb.

Qeyd edək ki, ötən il Birləşmiş Ştatlarda İslam mərkəzinin və Qoşa qüllələrin yerində məscidin inşası ilə bağlı qızğın mübahisələr yaranmışdı.

Mərkəzin inşasını həyata keçirən Şərif əl-Qamal 11 sentyabr qurbanlarının ailələrinin lap əvvəldən layihəyə cəlb edilməməsini "böyük səhv" adlandırıb. Onun sözlərinə görə, İslam mərkəzi bütün dinlərdən olan insanların üzünə açıqdır və burada 11 sentyabr memorialı da hazırlanacaq.

15-mərtəbəli binada həmçinin teatr, təhsil proqramları, hovuz və restoran yaradılması üçün maliyyə vəsaiti toplanmaqdadır. Məscid və mühazirə otaqlarından başqa, İslam mərkəzində idman və digər məşğulliyyətlər üçün məkan da var.

Mərkəzin açılışı ilə əlaqədar "Nyu Yorkun övladları" adlı foto-sərgi də təşkil edilib. Sərgidə Nyu-Yorkda yaşayan və 170 ölkədən olan 170 mühacir uşağın portretləri nümayiş olunub. Tədbirdə ənənəvi şərq musiqi alətlərində ifa edən orkestr də çıxış edib.

ANS PRESS