“O, atasının yanında dayısını söyür, alçaldır…”

o-atasinin-yaninda-dayisini-soyur-alcaldir
Oxunma sayı: 3259

 “Mənə elə gəlir ki, yumor edənlərin daxilində senzura olmalıdır. Bu, həmin şəxsin dünyagörüşü və intellekti ilə bağlıdır. Elə olur ki, rayonlara gedirik. Orada deyirlər ki, filankəs var, çox gülməli insandır. O insanla görüşürsən. Görürsən ki, o, atasının yanında dayısını söyür, təhqir edir və alçaldır. Atası isə bununla fəxr edir, deyir ki, oğlum gülməli oğlandır. Bu nədən irəli gəlir? İnsanın intellekti olmayanda söyüşlü və fiziki zarafata keçir. Bu tipli zarafatlar təbiyyəsizlikdir. İntellekti olan insan məsafə ilə oturub sözlə zarafat edə bilər. Bu dəqiqə sosial şəbəkələrdə senzura yoxdur, “inkişaf” edir və nəticələrini görürük”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bu şəhərdə” komandasının baş prodüseri Müşviq Abbasov İTV-də yayımlanan “Pressinq” proqramında qonaq olarkən bildirib. 

Prodüser efirdə qeyd edib ki, tamaşaçıların əksəriyyətinin intellektual səviyyəsi yüksək deyil: “Bizdə Şah Qacarla Molla Pənah Vaqifin görüşü ilə bağlı səhnəcik olub. Sırf şeir və qafiyə ilə müzakirə aparılıb. Bundan başqa Nizami Gəncəvi ilə Puşkinin görüşünü də səhnələşdirmişik. Bu və bu kimi səhnəciklərdə qadın və digər məişət problemlər qabardılmayıb. Amma reytinq nəticələrinə baxanda görürük ki, birinci gəlin-qayınana münasibətləridir. Bizim tamaşaçıların əksəriyyəti Şah Qacarı elə bizim konsertdə tanıyıb. İnanın, Nizami Gəncəvi ilə Puşkini səhv salan da olub.  Baxmayaraq ki, vizual olaraq bunu ayırd etmək olar”.