“O, Beynəlxalq Banka sədr gələndə iş-işdən keçmişdi” - Kapitan

“O, Beynəlxalq Banka sədr gələndə iş-işdən keçmişdi”
Oxunma sayı: 6532

“İnter”in kapitanı Nizami Hacıyevin “Qafqazinfo”ya müsahibəsi:

- Açıq danışan tək-tük futbolçulardansınız. Bu, sizə problem yaratmır?

- İndiyə qədər problem yaşamamışam. Amma dostlarım tez-tez tövsiyə verirlər ki, belə danışma. Bugünkü vəziyyətdə açıq danışmaqdan qaçmaq lazımdır. Bəzən elə anlar olur ki, hər şeyi danışmaqdan yayınmaq olar. Amma məndə bir xasiyyət var ki, dözə bilmirəm, ürəyim partlayır. Sualımın cavabını almalıyam və ya hər şeyi etiraf etməliyəm. Ən çətin anda belə suala düzgün cavab verməyə çalışıram. Bilirsiniz, mən məcbur yalan danışa bilmərəm. Baxmayaraq ki, başqaları bunu edir. Yadınıza gəlir, o vaxt dedilər ki, “Neftçi” “İnter”in 4 futbolçusunu istəyir. Hamı təkzib etdi. Amma mən etiraf etdim ki, həqiqətən təklif olub. Axı niyə yalan deyim? Niyə demirlər ki, “Neftçi” Nizamini istəyir? Çünki mənə təklif olmayıb. Nəsə olmasa, səs çıxmaz. Mən məcbur düzünü danışıram. Yalanın ömrü 40 gün olur. Nə vaxtsa üstü açılanda qarşımdakının üzünə baxa bilmərəm. Ona görə də düz danışıram. Mənim ailəm mənə belə öyrədib. Hansısa jurnalist sual verəndə cavab verməklə məlumatı xalqa ötürürsən. Mən yalan danışanda deməli xalqı aldadıram. Çünki onu minlərlə adam oxuyur. Ən əsası öz ətrafımızı aldadırıq. Yalan ortaya çıxanda “kaş düzünü deyəydim” demək əvəzinə, əvvəlcədən düz demək lazımdır. Övladlarımız da bizə baxıb tərbiyə götürür.

- Kapitan kimi komanda yoldaşlarınıza demisiz ki, yalan danışmayın?

- Belə şeyləri məsləhət görmək mənasızdır. Hamının öz fikri var. Hər kəs problemi özünün düşündüyü kimi yozur. Mən “İnter”də olan problemləri başqa cür görürəm. Düşünürəm ki, illər boyu qurduğumuz “imperiya” çökür. “İnter”in halı pisdir. Amma başqaları sadəcə maaş kimi görür. Maaş bu gün yoxdur, sabah olacaq. Amma bu cür klub davam etməlidir. Cahangir Hacıyev getdikdən sonra klubun futbolçulara 6-7 aylıq borcu qalmışdı. Ondan sonra Elmar Məmmədov Azərbaycan Beynəlxalq Bankına sədr təyin olunandan sonra bütün pulları ödədi. Düzdür, bəzi ayların 70-80 faizini verdi. Amma yenə də əlimizə pul gəldi. O pulları unutmuşduq. Lakin aldıq. “İnter”in adını dəyişsəydi, heç kim pul tələb etməyəcəkdi. Mənim bir qohumum var, nəsildə hamının ondan zəhləsi gedir. Çünki “qırmızısifətdir”, hər şeyi üzə deyir. Hamı ondan qaçır. Əksinə, biz belə insanlara yaxın olmalıyıq. Çünki düzgün insanlardır. Mənim səhvimi üzümə deyən insan yaxşı insandır. Tərifləyən insanlar adamı adətən uçurama aparır.

- Azərbaycan futbolu niyə bu vəziyyətə gəldi? 2 qat çempion “İnter” özünə sponsor tapmaqda çətinlik çəkir...

- Maliyyə yatıranlar Azərbaycan futbolundan iyrəndilər. Sponsorluqdan üz döndərdilər. Mübariz Mənsimov niyə “Xəzər Lənkəran”ı dağıtdı? Çünki havaya pul səpməkdən bezdi. Onun yerində kim olsaydı, qaçıb gedərdi. Niyə görə sponsorlar qaçır? Bunu deyəcəm yenə də müsahibədən sonra zənglər gələcək ki, sənə lazımdı bu sözü danışırsan? Əfsuslar olsun ki, Azərbaycan futbolu bizə bizim istədiyimiz səviyyədə lazım deyil. Düzgün istiqamətdə inkişaf etmədik, düzgün struktur qurulmadı. Çempionatda 8 komanda var. Bilirsiz, bu nə deməkdir? Rumıniyaya, Macarıstana, Özbəkistana, Qazaxıstana baxın bir. Həqiqətən biz onlardan zəifik ki, bizdə futbolçu, komanda yoxdur? Bizim ölkədə elə oyunçular olub ki, Avropada ad qoya bilərdi. Özümdən misal çəkirəm. Vaxt olub ki, Polşa komandası “Poqon”u qoyub “Qəbələ” ilə müqavilə imzalamışam. Həmin anda pulu deyil karyeramı düşünsəydim, indi ortabab Avropa klublarının birində çıxış edərdim. Biz özümüz öz qarşımızı kəsirik.

- Mentalitet?

- Bəli. Mentalitet qarşımızı alır. Düzdür, Polşa klubu ilə danışanda qardaşım ağır xəstə idi. Allah bütün ölənlərə rəhmət eləsin, dünyasını dəyişdi. Ona yaxın olmaq istədim. Pul, ad, şan-şöhrət ailə deyil. Doğmalarıma çox bağlı olduğum üçün burda qaldım. Qardaşımın xəstəliyi də seçimimdə rol oynadı. 24 yaşım var idi və “İnter”də yaxşı maaş alırdım. 5-10 min avroya Polşada oynaya bilərdim. Həmin vaxt menecerlər də məndən incidi. Çünki məni Almaniyada klub rəsmiləri gözləyirdi. Berlində maşınla gözləyirdilər ki, gedib onlarla klubun məskunlaşdığı şəhərə yollanacam və birinci gün müqavilə imzalayacam. Amma seçimim belə oldu. Zaur Ramazanov Avropada oynaya bilməzdi? Bizim həmyaşıdlarımızın çoxu fikrini başqa cür qurdu. Futbol üçün heç nə etmədik. Yoxsa indi güclü komandalarımız var idi. Mən də istəyərəm ki, millimizin adı gələndə hamı əssin. Necə Almaniyanın adı gələndə hamı deyir ki, gəl, bunlarla oyna. Çempionluğa 2 klub yox, 10 klub oynasın.

- “İnter”in aqibəti necə olacaq?

- Bu gün (söhbət dünən olub) iclas oldu. Dedilər ki, nəticədən asılı olmayaraq klub yaşayacaq. Sadəcə hansı səviyyədə yaşayacağı bilinmir. Hər şey bizdən asılıdır. Son turda AZAL-la oyundan sonra demişdim ki, komanda “üçlüy”ə düşsə, biz istədiyimiz səviyyədə olacaq hər şey.

- Bu barədə sizə hansısa söz verilib?

- Yox, bu, faktdır. Siz mənim yerimdə olsanız, bunu görərdiniz. Son 3 ildə biz 4-5 prezident dəyişmişik. Bu vəziyyətdə döyüşürüksə, bizə alqış düşür. Maaşsız, mükafatsız oynamaq çətindir. Ən çətin vəziyyət qeyri-müəyyənlikdir. Bizdə də belə anlar olub. Bilmirsən ki, kimə əyiləsən, kimə durasan, kimin dediyinə qulaq asasan. Ən pis vəziyyətdir. Bütün bu problemlərlə 3-cü pillədəyiksə, bizim futbolçulara heykəl qoymaq lazımdır.

- Azərbaycan Beynəlxalq Bankı komandadan niyə imtina etdi?

- Bildiyim qədər bankın müəyyən maliyyə problemləri var. Qeyri-bank sektorunda olan yatırımları ləğv etdilər ki, vəziyyəti düzəltsinlər. Bu, normaldır. Mövsümün sonuna qədər olan müqaviləyə əsasən futbolçuların qarşıdakı aylardakı maaşları da ödənilib. İclasda da bunu danışdıq. İndiki rəhbərlik də bizə motivasiya verdi. “Zirə” ilə matçda bizə kömək olacaq.

- 17-ci turda “Neftçi” ilə oyunda “İnter”in qəsdən uduzduğuna dair söz-söhbətlər var idi. Səbəb də hər iki klub rəhbərliyinin AFFA tərəfindən müəyyənləşdirilməsindədir...

- Elə “Neftçi” bizə uduzardı da. Çünki “İnter” daha yaxşı pillədədir, vəziyyəti daha yaxşıdır. Bizim uğurlu şansımız var. Onların 16 xalı, bizim 32 xalımız var. Bilsəm ki, komandamda kimsə həqiqətən oyun verir, onunla başqa cür danışaram. Belə oyunçumuz yoxdur. Kiminsə sözü ilə oturub durmuruq. Mənə rəhbərlik də, baş məşqçi də bir əmr verə bilər: çıxın, oyunu udun. Heyətimizdə adlı-sanlı futbolçular var. Sabah bu ləkəni üstündən atmaq çətin olacaq. Kimsə mənim övladıma desə ki, atan bunu edib, gərək mən yerə girəm. Kiməsə satqın deyilməsi ölümdən betərdi. İnsanlar var ki, xüsusi olaraq belə söz-söhbətlər atırlar ortaya. Ajiotaj yaratmaq fikirdədirlər. “İnter” bilə-bilə kiməsə uduzsa, özümü asaram.

- Keçək narazı qaldığınız əsas mövzuya. Millimizin baş məşqçisi Robert Prosineçki formada olan Nizami Hacıyevə dəvət göndərmir?

- Bunun izahı yoxdur. Gözləyirəm ki, növbəti siyahı açıqlansın. Ən azından məni çağırıb bir yoxlasın da. Qarşıda – martın 9-da Qətərlə yoldaşlıq görüşü var. Gözləyirəm, görüm nə olur. Siyahı açıqlansın və görək. Mən də Prosineçkiyə sual vermək istəyirəm ki, niyə çağırılmıram? Bir səbəb göstərsin. Ola bilər ki, mənə desin sən ötürməni ayağının içi ilə verirsən və bu, mənim xoşuma gəlmir, mən də ayağımın çöl tərəfi ilə ötürmə verərəm. Bu kişinin belə xoşuna gəlirsə, elə edərəm. Desə ki, bir oyun ərzində 12 km qaçıram, ona 15 km lazımdır, qaçaram. “İnter”in baş məşqçisi Zaur Svanadzeni mənim oyunum qane edir. Bizim sistemimiz var. Kaxabar Sxadadzenin vaxtından qalan sistemdir. Uğurumuzun 30-40 faizini bu sistem təşkil edir. Çünki qarışıq sistemdir və heç kim bilmir ki, futbolçu hara, necə qaçacaq.

Mənim səhvlərimi desələr, anlayaram. Açıqlama var idi ki, “Nizami güclü futbolçu da deyil, zəif də deyil”. Mən bununla razı deyiləm. Elə bir şey ola bilməz. Ya güclü olmalısan, ya da zəif. Bu mövsüm mən “artırmışamsa” hamı görür. Futbolun statistikası var. Oyunlardan sonra verilir. Kimin nə etdiyi göz önündədir. Milli komandada köməkçi məşqçilər var.

- Mahmud Qurbanov “İnter”in oyunlarını tez-tez izləyir. Niyə ondan soruşmursunuz?

- Bu dəfə görsəm, mütləq soruşacam. Özüm üçün maraqlanacam ki, məndə nə yoxdur.

- AZAL-la oyundan sonra demişdiniz ki, “Prosineçki məni dəvət etməsə şələ-şüləmi yığıb gedəcəm və deyəcəm gəlmişəm”...

- Onu zarafata demişdim.

- Mirhüseyn Seyidov yenə dönər gətirir kluba?

- Onu da zarafata demişdim. Beynəlxalq Bankın “İnter”dən imtina etdiyi ilk oyundan sonra idi. Bu zarafatı ona görə etmişdim ki, insanlar görsünlər komandada problemlərə baxmayaraq əhval-ruhiyyə yaxşıdır. Seyid komandanın sponsoru və ya prezidenti deyil, bizim dostumuzdur. Sadəcə bu sözlər zarafat üçün deyilir. Əhval-ruhiyyəmiz yaxşıdır. Seyiddir də hərdən bir paxlava, pizza gətirir (gülür).

- Komandada yaranan problemlərdən sonra bir Ruslan Abışov, Ağabala Ramazanov daha yaxşı təkliflər alıb başqa klublara keçdilər. Bəs, sizə təklif olmadı?

- Yox, heç bir təklif olmadı. Avropada işləyən agent dostlarımız var. Onlara demişdim ki, əgər imkan olsa, gedib qitənin normal klublarından birində oynamaq istəyərəm. Amma o da alınmadı. Konkret heç nə olmadı. Azərbaycan daxilində daha yaxşı təklif olsaydı da, getməyəcəkdim. “İnter”in kapitanıyam və hər kəslə münasibətim var. Hər zaman deyirəm ki, bu komandanın tarixi, keçmişi, uğuru var. Onu yaşatmaq lazımdır. Belə olan halda getsəydim, sözümlə əməlim üst-üstə düşməzdi. Mən “İnter”də oynamaqla fəxr edirəm. 18 yaşımda bura transfer olunanda bu komandanın kapitanı olmağı xəyal edirdim, yuxumda görürdüm. Xoşbəxt adamam ki, buna nail olmuşam. Maaşsız qalmaq bu hissə mane olmaz. Kənddə birinci olmaq, şəhərdən sonuncu olmaqdan daha yaxşıdır. “Qarabağ”da rəqabət güclüdür. Ora getsəm, əsas heyətə düşməkdə çətinlik çəkərəm. Rəqabətdən qorxmuram, amma orda ehtiyatda oturmaqdansa, burda oynayıram. Bu klub mənim üçün superdir. “Qəbələ”də də, “Xəzər Lənkəran”da da oynamışam. Amma futbolda belə şey var. Elə futbolçular olur ki, onların adı gələndə 5 klubda oynamasına baxmayaraq bir klub yada düşür. Zaur Ramazanovun adı gələndə “Xəzər Lənkəran” yada düşür. “Qarabağ”da, “Karvan”da oynasa da, hamı onu lənkəranlı sayır. Çünki Zaur o kluba yaraşırdı. Mən “İnter” üçün yaranmışam.

- Zabratda doğuldunuz üçün “İnter”ə sevgi var...

- Gözümü açandan “İnter”i görmüşəm. Bu komanda üçün təmannasız oynayaram. Ola bilər ki, çox yaxşı təklif gəlsə, gedərəm. Yaşım 29-dur. Ailəmi düşünüb daha yaxşı komandanı seçərəm. Amma indiki vəziyyətdə yox. Gedən hamını başa düşürəm. Ağabala Ramazanova yaxşı təklif gəldi. Etiraf etmək lazımdır ki, “Qarabağ”, “Qəbələ” ölkənin ən güclüləridir. Seçim edəndə normal qarşıladım. Amma ilk dəfə təklif gəldiyini eşidəndə Ağabala ilə dava etdim ki, hara gedirsən? Hər şey yaxşı olacaq, burda qal. Sonda başa düşdüm ki, getməlidir. Ağabala da, Ruslan da qalmaq istəyirdi. Bankda olan bəzi problemlər maneə yaratdı. Elnur Abdullayevin 31 yaşı var, meydana çıxanda canavar kimi oynayır.

- Ard-arda olan prezident dəyişikləri “İnter”ə verilən transfer qadağasının səbəbidir. Razısız?

- Bu qadağa səhlənkarlığın nəticəsidir. Çünki Cahangir Hacıyev getdikdən sonra yeni prezident çox gec gəldi. Problemlər gec həllini tapdı. Həmin vaxt biz avrokuboklarda oynadıq. Ondan əvvəl həll olunsaydı, indi belə hal yaşamazdıq. Elmar Məmmədov ABB-yə tez təyin olunsaydı, problem ortaya çıxmazdı. Gec oldu və iş-işdən keçmişdi. Legionerlərdən 3-4-ü şikayət etmişdi. Baçana Sxadadze, Yohan Bokanyano, Franka Nildo şikayət etmişdilər. Gəlin, o legionerlərə baxaq. İndi harda burdakı kimi pul qazanırlar? Yaxşı pullar qazandılar. Futbolumuzu elə adamlara həvalə edirik ki, onlar hər şeyi şəxsi mənafeylərini güdürlər. “İnter”in akademiyasında Yohan Engbrext var idi. Alman mütəxəssis burada iş görməyə gəlmişdi. Ona sual vermək lazımdır ki, “hardadır Yuventus məktəbi?” Mən onu görmürəm. Yoxdur elə məktəb. Strategiya qurulub pul yatırılmışdı. Pullar hardadır? Bizdə akademiyaya kömək edəcək adamlar yoxdur? Adlı-sanlı futbolçularımız var ki, işsizdir. Emin Quliyev qalıb kənarda. Yohan kimi adam gəlib işləyir. Futbol adamları futbolda işləməlidir. Məni banka sədr qoysanız, nə edərəm? Heç nə, batıraram oranı. Dostlarıma deyəcəm ki, gəlin kredit götürün? Dost-tanışı vəzifəyə qoymaq lazım deyil. Hər kəs öz sahəsində işləməlidir. Futbolu bilməyənlər gəlib akademiyaya, ya kluba adamla elə danışır ki, fikirləşirsən yəqin mən bu sahədən uzaq adamam, heç nə bilmirəm. Bizim bir qonşumuz var. Kişinin 60 yaşı var. Gəlib bir gün qapını döydü və mənə dedi ki, oğlumu futbola düzəldə bilərsən? Fikirləşdim ki, yəqin kiçik oğlu var, 12-13 yaşında. Oynamaq istəyir, mən də kömək edim. Soruşdum k, dayı oğlunun neçə yaşı var? Deyir 30. Cavab verdim ki, ağsaqqal hələ tezdir (gülür). Onu qınamıram, futboldan anlayışı yoxdur. Bax belə adamları akademiya rəhbəri qoyurlar. Biz Vidadi Rzayev kimi futbolçular görmüşük. Onu akademiya rəhbəri qoymaq lazımdır. Vidadi gələndə biz ayağa qalxırdıq. İndiki cavanlar bir az futbol oynayır, 2 min manat maaş, əlində telefon, “İnstagram”, feysbuk və bitdi.

- Deyəsən siz də futbolun “peraşki dövrü”ndə çox əziyyət çəkmisiniz...

- Mən dəmir satırdım, aliminium satırdım. Bundan utanmıram. Ailəm böyük idi, kasıb olmuşuq. Mənim bir dostum var, uşağını “Yuventus məktəbi”nə yazdırıb və aylıq 300 manat ödəniş edir. Soruşur ki, ondan futbolçu olar? Dedim ki, “a kişi ondan heç nə olmaz. Sən ona görə 300 manat ödəniş edirsən”. İdmançı ac olmalıdır. Bizim evdə kolbasa olmayıb. Mən kolbasanı 18 yaşımda görmüşəm. Özüm pul qazananda birinci dəfə kolbasa yemişəm. İndi baxırsan uşaq məşqə əlində kolbasa-çörək və bahalı maşınla gəlir. 200 minlik maşından düşüb mühafizəçi ilə məşqə gedir. Ondan idmançı olar? Heç vaxt elə uşaqdan yaxşı idmançı olmaz. Məni o vaxt İslam Kərimov futboldan qovdu. Dedi səndən futbolçu çıxmaz. Get dedi Zabratda tinlərdə fırlan. O qədər ağladım ki,.. Zabratın stadionunda gecə-gündüz qaçırdım. Bu gün isə “İnter”in kapitanıyam. Bir neçə ildən sonra İslam Kərimov etiraf etdi ki, mən səhv eləmişəm.

- Futboldan kənarda necə insansınız? Bizim futbolçular həmişə düşüncələrinə görə qınaq obyektinə çevrilir...

- Mən həmişə yaxşıya baxıb ibrət götürürəm. Bütün futbolçular üçün Cahangir Həsənzadə nümunəsi var. Yaxşı qapıçı olmaqla yanaşı, iki universitet qurtarıb. Onunla birlikdə oynadığım üçün fəxr edirəm. Onun otağına girəndə görürdüm ki, ancaq kitab oxuyur. Dmitri Kramarenko kimi nümunə var. İdmanla digər yollar düz gəlmir. İdmançı boş vaxtını ailə və ya elmə sərf etməlidir. Futbolçu “oğru aləmi”ndə və ya başqa sahədə kiməsə hörmət edə bilər. Amma bunu dilə gətirməməli, bildirməməlidir. Çünki biz ictimai şəxs sayılırıq. Bütün münasibətləri gizlətmək lazımdır. Mən birdən-birə çıxım deyim ki, “oğruyam” və ya polisəm düzgün olmaz. Vaxtımı daha çox ailəmə sərf edirəm. Gənc futbolçular indi fikirləşməldirlər ki, vəziyyət pisdir. Onlar bizim qazandıqlarımızı qazana bilməyəcklər. Belə getsə, çox pis olacaq. “Qarabağ”, “Qəbələ” və “Neftçi”dən başqa heç kim yaxşı pul təklif etmir. Çıxıb Avropaya getmək lazımdır. Gələcək qurmaq lazımdır. İdmanı, futbolu düşünmək lazımdır.

- Bayaq dediniz ki, ailəmiz böyük olub...

- Ailəmiz böyük idi və heç bir idmançı yox idi. 4 qardaş, iki bacı olmuşuq. Mən futbolu sevirdim və gəlib o vaxt Zabrat qəsəbəsini təmsil edən “Xəzər Universitet”inin oyunlarında top daşıyırdım. Sonra da Allah şans verdi.

- Çox tez evlənmisiniz. 20 yaşında ailə həyatı qurmusunuz...

- Hə, 2008-ci ildə evlənmişəm. Sevdiyim xanımla evlənmişəm. 08.08.2008-ci ildə Moskvada toyum olub. 18.08.2008-də də Bakıda toyum olub. İki dəfə toy oldu. Çünki Rusiyada qohumlarımız var idi. 8 rəqəmini çox sevirəm. Ad günüm fevralın 8-idir. Özüm də 1988-ci ildə doğulmuşam (gülür). “Futbolkam”da da nömrəm 8-dir.

- Övladlarınız nə ilə məşğuldur?

- Böyük qızım karateyə gedirdi. Orada dostlarımız var idi. Sonra ordan çıxardıq. İndi rəqslə məşğuldur. Azərbaycan milli rəqslərini öyrənir. Oğlumun 3 yaşı var. Onun haqqında planlarım başqadır. İdmançı olmasını istəmirəm. Mənim arzum var ki, oğlum baş prokuror olsun. Bəlkə də qismət olmayacaq. Amma mənim ürəyim belə istəyir. Kiçik qızımın 18 fevralda 1 yaşı olacaq. Ötən ilin 18-i dünyaya gəldi, 19-u “Kəpəz”ə qol vurub ona həsr etmişdim. Bu ilə də oyunumuz var. İstəyirəm ki, yenə onun üçün qol vurum.

- Deyirlər ki, atalar qızların çox istəyir...

- Böyük qızım həyatımın mənasıdır. Onunla nəfəs alıram. Dünən onu Moskvaya yola salmışam. Mənə zəng vurub ki, ata, qarşıdakı oyunda qol vur balaca bacımıza həsr elə. Hər 3 övladımı çox istəyirəm.

- İdmandan kənar dostlarınız var?

- Dostlarımdan biri pilotdur, biri komersantdır, biri də biznesmendir. Futbolçulardan da var, amma başqa sahədə də çoxdur.

- Sosial şəbəkələrdən niyə istifadə etmirsiniz?

- Qorxuram. Bilirsiniz, mən futbolçuyam və sosial şəbəkələrdə haqqımda çox şey yazılır. İdmançıların fotolarını qoyub ağzına gələni yazırlar. Söyüşdən istifadə edirlər, təhqir edirlər. Hərənin öz fikir var, amma ola bilər ki, o fikir mənə pis gələ bilər. Məsələn, AZAL-a qol vuranda onların azarkeşi mənim haqqımda nəsə yaza bilər. Düzdür, azarkeş emosionaldır və onun dediyi hər şey doğru ola bilməz. Amma qorxuram. İstəmirəm ki, mənə qarşı belə şeylərdən istifadə etsinlər. Qarşımızda Cavid Hüseynov misalı var. Günahsız yerə getdi, həbsə düşdü. 29 yaşından sonra sosial şəbəkələrdə ağzına gələni yazanları görüm? Futbolu bitirəndən sonra biləcəm ki, məni söyməyəcəklər, onda feysbuk, “İnstagram” yaradacam. Bilirəm ki, qabaqda uçurum var, ora niyə gedim? Lazımsızdır.

Elsevər Məmmədov

Fotolar: Nuran


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi