“O kadrlar ATV-də yayımlanmayıb...” - Efirdə getməyən videonu kim yayır?

“O kadrlar ATV-də yayımlanmayıb...”
Oxunma sayı: 10804

"ATV kanalında efirə getməyən görüntü necə saytlarda yayımlanıb?”

"Qafqazinfo" xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova söyləyib. O, "İdeya Qazandı!” verilişi ilə bağlı yayımlanan görüntülərin 2013-cü ilə aid olduğunu və bu kadrların efirə getmədiyini deyib:

"Televiziya işini bilən hər kəs bilir ki, əgər hansısa bir kadr efirdə yayımlanarsa o zaman o kanalın loqosu kadrda öz əksini tapmalıdır. Bu görüntülərdə isə loqo yoxdur. Deməli, kadr efirə verilməyib. Digər bir maraqlı məqam isə bu görüntülərin 2013-cü ilə aid olmasıdır. Maraqlı sual ortaya çıxır. Niyə məhz indi bu görüntülər ortaya çıxır?”.

Nazirlik rəsmisi efirə getməyən görüntülərin saytlarda yayımlanmasına ATV-nin aydınlıq gətirməli olduğunu deyib:

"ATV kanalında efirə getməyən görüntü necə saytlarda yayımlanıb? Bu sualı kanala ünvanlamaq yaxşı olardı”.

S.Məmmədova sözügedən layihənin gənclər üçün önəmini xüsusi vurğulayıb: "Nazirlik bu layihəyə dəstək olur və bu layihə bu günə kimi onlarla Azərbaycan gəncinin ideyalarını reallaşdırıb. Nazirlik kiminsə efirdə hərəkətlərinə nəzarət edə bilməz".

Qeyd edək ki, ATV-nin "İdeya Qazandı" verilişində kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub.

Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.

Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı, onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb.

Onu da qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Paşa Bank ASC və Youth İNC proqramı tərəfindən dəstəklənən "İdeya Qazandı" verilişi ATV-nin efirində yayımlanır. Layihənin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi