O nədir ki, bizə olar, almanlara yox?

o-nedir-ki-bize-olar-almanlara-yox-
Oxunma sayı: 635

Eynulla ilə 20 ilə yaxındır ki, tanışıq. Heç vaxt yolumuz bir olmayıb onunla. Əsasən də gənclik illərimizdən onun sola, mənim sağa bağlı olmağım aramızda çox dərin bir ideoloji uçurum yaratdığından sonrakı illərdə də çalışmalarımızda üst-üstə düşən məqamlar olmayıb. Hətta Eynulla həbsə düşəndə, elə bu gün qalmaqalda adı çəkilən Beynəlxalq Əfv təşkilatı onu vicdan məhbusu elan edəndə də mənim mövqeyim nə indikindən, nə də daha öncəkindən fərqlənmədi. Düzdür, buna görə o zaman, Eynullanın hesabına beynəlxalq aləmə çıxıb yenə də onun hesabına beynəlxalq ödüllər alanların sərt tənqidlərini də eşidirdim. Amma təmkinimi pozmadan hər şeyi zamanın öhdəsinə buraxırdım və haqlı olduğum da Eynulla həbsdən çıxandan sonra təsdiqini tapdı. Ancaq sözüm onda deyil. Bu dəfə toxunacağımız məsələ yalnız bu cənabla adı keçən beynəlxalq qurum arasındakı qalmaqal olacaq.

Xəbər kanallarından aldığımız bilgilərə görə, Eynulla Fətullayev bir insan haqları təşkilatının rəhbəri olaraq maraqlı və orijinal bir addım atıb. Almaniyada insan haqlarının durumu ilə bağlı hesabat hazırlayaraq bunu birbaşa Strasburqda təqdim etmək qərarına gəlib. Bu işdə Beynəlxalq Əfv təşkilatının Almaniya təmsilçisinin də yardımından istifadə edib. Açığını deyim, şəxsən özümün də yaxından izlədiyim və ayrıca rəğbət bəslədiyim Almaniya haqqında Fətullayev çox maraqlı və ilk baxışdan obyektiv bir hesabat hazırlayıb. Əlbəttə ki, biz Almaniyada insan haqları pozuntularının Azərbaycandakı qədər olduğunu iddia etməkdən uzağıq. Bununla belə, hər zaman gözüyumulu inandığımız və güvəndiyimiz Avropanın ən aparıcı ölkəsində belə insan hüquq və azadlıqlarının pozulması, polis zorakılığının olması haqqında hesabatın hazırlanması diqqətimizi çəkməyə bilməzdi.

Bizim üçün olduğu kimi bu hesabat Beynəlxalq Əfv təşkilatının da diqqətini çəkməliydi. Lakin adı keçən qurum tamam gözlənilməz bir mövqe nümayiş etdirir. Elə ona görə də Beynəlxalq Əfv təşkilatının tələm-tələsik və radikal münasibət sərgiləməsini anlamaqda çətinlik çəkirik. Qurumun Eynulla ilə əməkdaşlıqdan imtina edəcəyi barədə açıqlamasında diqqətimizi çox maraqlı bir nüans da cəlb edir. Sənəddə deyilir: “Beynəlxalq Əfv təşkilatı bu məsələni Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında bu həftə müzakirə edilən insan haqları pozuntularından arzuedilməz yayındırma hesab edir”.

Açığı, belə bir məqamla rastlaşanda xeyli təəccübləndim. Belə çıxır ki, Almaniyada insan haqları pozuntuları diqqəti Azərbaycan kimi hər zaman beynəlxalq qurumların tənqidinə tuş gələn bir ölkədəki eyni problemlərdən yayındıracaq qədər çoxdur! Yəni buradan anlaşılacaq budur. Deməli, AŞPA və bənzəri qurumlarda Almaniya kimi bir ölkədə insan haqları məsələləri müzakirəyə çıxarılarsa, Azərbaycan arxa plana keçər və...

Və Azərbaycan arxa plana keçəcəyi təqdirdə bəzi qurumlar “missiyalarından” yayınmış olacaqlar!

Təkrar-təkrar vurğulamaq istərdim ki, Azərbaycanda insan hüquq və azadlıqları Avropa ölkələrindəki səviyyədə təmin edilmir və bunu biz görürük, tənqid edirik, son illər nəzərə çarpan bəzi müsbət dəyişiklikləri də nəzərə alırıq. Ancaq bir təşkilatın Avropanın bir ölkəsində insan haqlarını müşahidə etməsinin çox nüfuzlu bir beynəlxalq təşkilatı bu qədər əndişələndirməsini hələ də anlaya bilmirik. Beynəlxalq Əfv iddia edir ki, Eynulla Fətullayev onlara yalan məlumat verib, hesabatın maliyyə mənbəyi haqqında bilgiləri düzgün təqdim etməyib. Eynulla da deyir ki, Azərbaycana gələn kimi bu məsələ ilə bağlı müvafiq sənədləri ictimaiyyətə təqdim edəcək və o zaman adı keçən beynəlxalq təşkilat ondan üzr istəməli olacaq. Əgər belədirsə, Beynəlxalq Əfv təşkilatı niyə tələsik qərar verir? Bəlkə bir neçə gün gözləyərək Eynullanın açıqlama hüququndan yararlanmasına imkan versəydilər daha düzgün olmazdımı? Axı Fətullayevin də öz mövqeyini müdafiə və sübut etmək kimi vazkeçilməz hüquqları var və insan haqları uğrunda mübarizə aparan qlobal bir təşkilat gərək ki, bu hüquqların təmini üçün imkan da tanısın axı. Niyə bu imkan tanınmadan tələsik qərar verilir? Hər halda, şəxsən mən suallarıma cavab almaq istərdim.

Yeri gəlmişkən, bu gün Beynəlxalq Əfv təşkilatının tənqidinə tuş gələn Eynulla Fətullayev bir neçə ay öncə beynəlxalq təşkilatların yenidən təzahür edən qəhrəmanı idi. Bakıda ötən ilin noyabrında keçirilən İnternet İdarəetməçiliyi Forumunda Eynullanın Azərbaycanı yerdən yerə vuran çıxışı Avropa Birliyi, Avropa Şurası, ATƏT kimi qurumların təmsilçiləri tərəfindən bəh-bəhlə qarşılanmışdı və onu yeni doğulan qəhrəman səviyyəsinə yüksəltmişdilər. İndi nə oldu elə isə? Adam Azərbaycanı tənqid edəndə qəhrəman, misal üçün, Almaniyanı tənqid edəndə qeyri-obyektiv olur? Məgər insan haqları məsələləri qlobal deyilmi? Məgər dünyanın hər hansı nöqtəsində ən adi bir insan haqqı pozuntusu Beynəlxalq Əfv təşkilatı da daxil olmaqla bütün insan hüquqları qurumlarını rahatsız etməli deyilmi? Həm də niyə Almaniyada insan haqlarının pozuntuları haqqında hesabat bu qurumu rahatsız edir? Bu nədir, yer üzündə insan haqları məsələlərində toxunulmaz ölkələrmi mövcuddur? Əgər Eynulla Fətullayev Almaniyada insan haqları pozuntularını gündəmə gətirirsə və bu da Beynəlxalq Əfv təşkilatının iddia etdiyi kimi diqqəti Azərbaycandan yayındıracaq gücdədirsə, Azərbaycanla bağlı olduğu kimi Almaniya ilə bağlı da qara siyahılar tərtib edilməli deyilmi? Ən adi məntiqə görə edilməlidir. Di gəl Almaniyada insan haqları məsələsinin müzakirəsinə belə dözümsüzlük edilir. Bu nə standartdır sərgilənir? Ümid etmək istərdik ki, Beynəlxalq Əfv təşkilatı bu suallara ağlabatan cavab verəcək.