“O, özünü öldürməliydi...” - Özcan Dəniz

o-ozunu-oldurmeliydi
Oxunma sayı: 3029

 
“Qafqazinfo”nun məlumatına görə,  Özcan Dəniz film nümayişindən sonar jurnalistlərin suallarını cavablandırıb:

- Artıq dəfələrlə Azərbaycanın qonağı olmusunuz. Buraya hər gəlişinizdə nələr hiss edirsiniz?
- Azərbaycanı xarici ölkə kimi görmürəm, burada özümü evimdə, ailəmdə kimi hiss edirəm. Bunun səbəbi tamaşaçılardır, xalqınızın qonaqpərvərliyidir, bizi çox mehriban qarşılayırsınız. İstəyirəm ki, burada təqdim etdiyim bütün işlər həmişəki kimi isti münasibət görsün. Azərbaycan tamaşaçısının türk filmlərinə marağı “Evim sənsin”in burada nümayiş olunmasından başladı, bu da məni çox xoşbəxt etdi. Bu gün nümayiş edilən “Su və Atəş”   yenə tamaşaçılar tərəfindən böyük maraqla izləndi. Hər kəsə təşəkkürümü bildirirəm. 

- “Su və Atəş” filmində Türkiyədə geniş yayılmış qan davasından söhbət gedir. Növbəti filmlərdə də bu mövzuya qayıdacaqsınızmı?
- Qan davası tək Türkiyədə deyil, Yaponiyada, İtaliyada, Ərəb ölkələrində, Orta Asiya ölkələrində geniş yayılıb. Xeyr, qan davası mövzusu bitdi, bu mövzuya bir də qayıtmayacam.

 - Türkiyədə Beren Saat, Tuba Büyüküstün kimi tanınmış aktrisalar var. Niyə məhz baş rol ifaçısı kimi Yasemin Alleni seçdiniz? 
- Yasemin çox yaxşı aktrisadır, bu rol üçün uyğundur. İlk gördüyümdə düşündüm ki, axtardığım aktrisa budur. İngiltərə vətəndaşı olduğu üçün Azərbaycana gələ bilmədi. 

- Gələcəkdə Beren Saatla iş birliyiniz gözlənilirmi?
- Beren Saat çox bacarıqlı aktrisadır. Təbii ki, onun filmimdə oynamasını istəyərəm. Sadəcə yazdığım ssenarilər ona uyğun deyil.

- Filmlərinizdə dram janrına müraciət etməyinizin səbəbi nədir?
- “Evim sənsin” dram, “Ya sonra” isə dram-komediya idi. Ürəyimdən, beynimdən keçən ssenarilər bunlardır.

- Filmlərinizin sonluğunda baş rol ifaçısı ölür. Tamaşaçılar da bayaq bu sonluğa etiraz etdilər. 
- “Ya sonra” xoşbəxt sonluqla bitdi. Sonrakı iki filmimin baş rol ifaçıları öldü. İnşallah önümüzdəki illərdə fərqli sonluqlu filmlər çəkəcəm. Bu filmdə Haşmet (Özcan Dəniz) qan davasının ortasındaydı  və başqa çıxış yolu yox idi. O, qardaşını, oğlunu xilas etmək üçün özünü öldürməliydi. 

- Filmlərdə daim soyuqqanlı obrazları canlandırırısınız. Həyatda da belə insansınızmı?
-  Filmin obrazının xarakteri soyuqqanlıdır. Həyatda da belə insanam.

- Çəkdiyiniz filmlərdə baş rolu özünüz oynayırsınız.  Başqa aktyorlara niyə müraciət etmirsiniz?
- Bu yazdığım ssenariyə bağlıdır. Əgər ssenaridə mənim oynamağıma ehtiyac olmasa, başqa aktyorlara müraciət edərəm. Mən rejissordan əvvəl, aktyoram. Mənim kimi aktyoru rejissor Özcan Dəniz əlindən buraxmaz.

- Filmdə sevdiyiniz qız sarışındır, həyat yoldaşınız qaraşın. Həyatda Özcan Dəniz sarışınmı, qaraşınmı qadınları bəyənir?
- Hər ikisini bəyənirəm, qadınların hamısı gözəldir.

- Çəkdiyiniz filmi tamaşaçılarla birlikdə izləmək necə hisdir?
- Çox gözəl hisdir. Çəkdiyim filmə tamaşaçıların necə reaksiya göstərəcəyi mənim üçün maraqlıdır. Siz filmi, mən sizi izləyirəm.

- Gələcəkdə Azərbaycanda film çəkməyi planlaşdırırsınız?
-  Burada film çəkmək haqqında düşünürəm. İnşallah gələn filmlərdə burada  da çəkilişlər edəcəyik.