O qalmaqal bir də olmasın!

o-qalmaqal-bir-de-olmasin
Oxunma sayı: 2727

Turan Babayev

Bir neçə il əvvəl "Oscar"lar yanvarın sonu - fevralın əvvəlində sahiblərinə təqdim olunurdu. Bu il martın əvvəlinə saxladılar. Eybi yox, gec olsun, amma güc olmasın.

Ən azı keçən ilki "Moonligh" skandalı təkrarlanmasın. Elə hər iki mənada. Yanlış zərfin verilməsi bir qabəhət, doğru zərfin içindən homoseksual bir afroamerikalının həyatının çıxması ondan da böyük qəbahət idi məncə. Heyif  oldu "La La Land"a. 

Bu ilki namizədlər arasında da cinsi azlıqlar üçün bir gözmuncunğu salıblar. "Məni öz adınla çağır" ("Call me by your name"). Baxmasaz heç nə itirməzsiniz. Baş rolun ifaçısı 23 yaşlı Timoti Şalame ən yaxşı aktyor nominasiyasında 5 namizəddən biridir. Amma çətin ki, qalib ola. Qary Oldman imkan verməz buna. 

Düzü, mən çox da bəynmədim Uinston Çörçili ("Darkest Hours"), lakin bütün işarələr onu göstərir. Qlobusu da aldı, Baftanı da. Kinokritiklərin də, Aktyorlar Gildiyasının da seçimi məhz Oldmandır. 

"Three Billboards Outside Ebbing, Missouri". Adı bir az qəliz olsa da, elə təsir bağışlayır ki... Kin, nifrət, sevgi, ailə, dostluq, əzm, inad, ədalət. Her şey var bu filmdə. Ən yaxşı aktrisa da burdadır, ən yaxşı yardımçı aktyorlar da. Frensis Macdormand sənətkarlığını bir daha ortaya qoyub. Tərəf müqabilləri Sem Rokvel və Vudi Harelson hələ heç bir fimdə bu cür performans sərgiləməyiblər. 

Son illər meksikalı rejissorların paradını izləyirik Hollivudda. Alfonso Kuaron ("Gravity"), ardınca Alexandro İniaritu ("Birdman", "The Revenant"), indi də Gilyermo del Toro. Sovetin "Amfibiya adam"ını xatırladan "Suyun forması" ("The Shape of Water") ən çox nominasiyada namizəd olmaqla yanaşı, həm də ilin ən yaxşi ekran əsəri olmağa iddialıdır. Aleksandra Desplanın bəstələri filmə xüsusi rəng qatıb. Özəlliklə "Elisa`s theme" adlı parçanı vaxt tapıb dinləyin.

Kristofer Nolanın ilk tarixi ekran əsəri - "Dunkerk" də Kinoakademiyanın bəyəndiyi fimlərdəndir. Maraqlı film alınıb - minimum dialoq, maksimum gərginlik, həyəcan, və möhtəşəm səs effektləri. 

Mənim favoritim "Get Out"dur. Hollivud tarixində bu cür kino görməmişdim. Ən yaxşı orjinal ssenari nominasiyasında Oscarı məhz bu film almalıdır. Filmin kəşfi - Deniel Kaluya artıq tanınmış rejissor və prodüsserlərin diqqət mərkəzindədir. Birnəfəsə izlənəcək filmdir. 

Və sonda. İlin ən yaxşı animasiya filmi də yəqin "Coco" seçiləcək. Bu film uşaqlar üçündür, yoxsa böyüklər üçün - demək çətindir. Bircə bunu dəqiq deyim ki, insanda dərin duyğular oyadır, düşündürür və kövrəldir. 

Kinosuz qalmayın!