O qızın əsəblərini pozan həm də sənin anan, mənim xalamdır

o-qizin-eseblerini-pozan-hem-de-senin-anan-menim-xalamdir
Oxunma sayı: 872

Nərmin Dadaşova

Bakının dərdi var, Bakı xəstədi... ANS-in iddiası təmin edilməyib, polis üç yaşlı uşağı “07” ilə vurub öldürüb, istirahət mərkəzində uçqun olub, Leyla Şıxlinskayanın iddiası ləğv olunub, “Sovetski”də məscid sökülür, qısası, aləm dəyib bir-birinə. 

Və bu vurhavurda otuz yaşlı bir xanım, bütün medianı yığıb başına ki, sevgilim mənimlə evlənmir. Beş ildir vədlər verib gəncliyimi məhv edib, sonra da ayrılıb. Bəs gəlin, köməkləşək “xalxın oğlu”nu məhkəməyə verək , sürüm-sürüm süründürək. Jurnalist günüqaralar da axtarıb vəkil tapıblar, sorğu ediblər ki, görsünlər məsələnin hüquqi əsası var, yoxsa yox.  Qanun yenə soyuqqanlılığını saxlayıb bu məsələdə, deyib ki, evlilik könüllü prinsiplər əsasında olmalıdır, zorla yox. Qardaş evlənmək istəmirsə, onu buna görə məsuliyyətə cəlb etmək olmaz.  
 
İki gündür xanımın verdiyi videomüsahibə çoxunun məzə obyektinə çevrilib. Xüsusən də kişilərin üzünü güldürən zərərçəkmişi  ələ salan kim, dəli adlandıran kim. Xanımın sevib-seçildiyi  illəri hədər hesab etməsinə hər nə qədər haqq verməsəm də, onu çox yaxşı başa düşürəm. Birincisi, ona görə ki, bizim yaşadığımız cəmiyyət qadına sevgili olduğun adamla evlənməkdən başqa çarə buraxmır.  Bəli, azərbaycanlı qızlara salam verən kimi gəlin paltarını geyinib otururlar. Çünki burda sevgi  mənəvi ehtiyac deyil, sosial işdir. Münasibətin haqqında ananı, bacını, bibini, xalanın baldızını, ən axırda da yengəni  xəbərdar etməlisən. Yəni bizim mental qayda-qanunlar evləndiyin gün, yataq otağına qədər sənə inanmır. Arxanca xalanı da göndərir ki, get, güd onları, gör doğrudanmı ər-arvad oldular? Bu xanım da sevgili olduqları beş ildə oğlanın ailəsi ilə görüşüb, öz ailəsinə də münasibətdə olduğunu söyləyib. Oğlanın son anda evlənməkdən vaz keçməsinin ona bu qədər pis təsir etməsinə niyə təəccüblənirik ki?!

Axı o qızın əsəblərini pozan təkcə ayrılıq deyil, sənin anan, mənim xalam, başqa birisinin bibisidir. Ana-ata davasından, qonum - qonşu qınağından qaçıb qabağına çıxan ilk oğlana ərə gedib qalan ömrünü məhvə məhkum etmiş, yağışdan çıxıb yağmura düşmüş azmı qadın var ətrafımızda?!  

Dünən Dovlatovun “Çamadan” romanını oxudum. Əsərin qəhrəmanı (müəllifin özüdür)  mühacirətə gedəndən 4 il sonra bütün həyatı boyu qazandıqlarını içinə yığıb ağzını möhkəmcə bağladığı çamadanını açır. İçindən çıxan hər bir əşya barədə xatirələrini  dünyanın ən kədərli cümlələrini seçərək yazır. Bu əsərdən sonra xanımın beş illik münasibətinin bitməsinə belə reaksiya verməsi məni təəccübləndirmədi. Nə etsin, 5 illik yaşantıları, beş illik xatirələri hayana qoysun, necə unutsun?

Demirəm qadın haqlıdır, demirəm o gənc mütləq onunla evlənməlidir, demirəm onlardan hansısa günahkardır. Bircə onu deyirəm ki, cənablar, sevgili olduğunuz, daha dəqiq ifadə edim - sevdiyiniz qızı qoyub, əminiz qızı ilə evlənməyin, nə xəstə uşaqlar doğulmasın, nə də kimsə yarım qalan arzularının, kənardan gələn baş qaxınclarının ucbatından belə gülünc addımlar atmasın...

Sağlıqla qalın...