O saqqallılar Türkiyəyə “Nobel” gətirməyəcək...

o-saqqallilar-turkiyeye-nobel-getirmeyecek
Oxunma sayı: 3176

Seymur Verdizadə

Mən həmişə zorakılığın əleyhinə olmuşam. Hakimiyyəti dəyişməyin yolu azad və ədalətli seçkilərdən keçir. Xalqın iradəsini zorlamaq olmaz. Bu, bəşəri cinayətdir.

İyul ayının 15-dən 16-na keçən gecə qardaş Türkiyə Cümhuriyyətində baş verən hadisələr bizim ölkəmizdə də geniş müzakirə olunur. Şərqdə ilk demokratik respublikanı quran azərbaycanlılar birmənalı olaraq hərbi çevriliş cəhdini pisləyir, türk qardaşlarımızın ölümünə üzülür, baş verən hadisələrə görə dərin təəssüf hissi keçirirlər. Mən heç vaxt emosiyalarımın əsiri olmasam da, uzun müddət Türkiyədə yaşanan hadisələrin təsiri altında qaldım, hətta dərin sarsıntı keçirdim. Türkiyə böyük Türk Dünyasının düşünən beynidir. Bu “beyni” iflic etmək olmaz.

İki gün əvvəl Türkiyənin iki böyük şəhərində - İstanbul və Ankarada baş verən hadisələr çoxdan bəri sirr pərdəsinə bürünmüş bəzi həqiqətlərin üzə çıxmasına səbəb oldu. Məlum oldu ki, təkcə xaricdə deyil, həm də Türkiyənin daxilində qarşıdurma yaratmaq istəyən xeyli ünsür var. Özləri də bilmədən qiyamın iştirakçısına çevrilən gənc əsgərlərə göstərilən münasibət məni dəhşətə gətirdi. Bir qrup adam təslim olan əsgərləri linç etməkdə israrlı görünürdü. Hətta səhər saatlarında 18 yaşlı bir əsgərin başının kəsildiyini əks etdirən şəkillər yayıldı. İndi iddia edirlər ki, həmin şəkilləri hansısa təxribatçı qrup montaj üsulu ilə ərsəyə gətirib. Amma gənc əsgərlərin döyüldüyünü, şallaqlandığını, hətta ağzının cırıldığını əks etdirən şəkillər montaj deyildi. Dünən Ankara və İstanbulda bir qrup adam ciddi-cəhdlə ordu ilə xalqı üz-üzə qoymağa çalışırdı. Onların öz məqsədlərinə müəyyən qədər nail olduqlarını söyləmək mümkündür.

Məni dəhşətə gətirən, dərin sarsıntı keçirməyimə səbəb olan mənzərə əlişallaqlı, saqqallı bir pəzəvəngin yerə uzanmış 15-20 əsgəri at kimi şallaqlaması idi. Görəsən, özünü qanundan üstün sayan, cinayəti hələ sübuta yetirilməmiş hərbçilərə qarşı vəhşilik edən, 18-20 yaşlı əsgərlərin ağzını cıran adamlar bu gücü hardan alıblar? Türkiyənin hüquq-mühafizə orqanları təkcə qiyamda iştirak edən zabit və əsgərlərin deyil, həm də onlarla barbarlara xas əda ilə davranan mülki şəxslərin əməllərini araşdırmalıdır. Müttəhimlər kürsüsündə çevrilişə cəhd edən zabitlərin yanında gənc əsgərlərin ağzını cıran pəzəvənglər oturmasalar, Türkiyədə heç vaxt ədalətli cəmiyyət qurmaq mümkün olmayacaq.

P.S.Dünən Azərbaycanda sosial şəbəkə istifadəçiləri Türkiyə ilə Suriyanı müqayisə edirdilər. Yayılan şəkillərdə oxşarlıq çox idi. Xarici görünüşü və davranışları ilə radikal dini təriqətlərə yaxınlığı şübhə doğurmayan adamlar PKK-çılara göstərmədikləri aqressiyanı şanlı türk əsgərinə göstərirdilər. Hansı ki, anası həmin əsgəri hərbi xidmətə yola salanda başına xına qoyub, Vətənə qurban demişdi...

P.P.S.Saqqal saxlamaq hər bir insanın şəxsi işidir. Amma 20 illik jurnalist təcrübəmə əsaslanıb, bunu demək istəyirəm: türk əsgərinin hülqumundan yapışıb onu boğmağa çalışan əlişallaqlı, üzüsaqqallı bu adamlar Türkiyəyə heç vaxt “Nobel” mükafatı gətirməyəcəklər. Əksinə, çoxlu dərd-sər, saysız-hesabsız problemlər gətirəcəklər. Allah ömür versə, hamımız bunun şahidi olacağıq...