“O səs Türkiyə”dən “Eurovision”a… - 21 yaşlı Səmra

“O səs Türkiyə”dən “Eurovision”a…
Oxunma sayı: 7317

Bu gün İTV rəsmi olaraq Azərbaycanı bu ilki “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək ifaçının adını açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Səmra Rəhimli İsveçin paytaxtı Stokholmda “Miracle” mahnısı ilə çıxış edəcək.

61-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səmra Rəhimli kimdir?

Məlumat üçün qeyd edək ki, Səmra 1994-cü ilin oktyabr ayında dünyaya gəlib. O, kiçik yaşlarından babası ilə birgə mahnı oxumağa başlayıb. Səmra 16 yaşından etibarən bir neçə mahnı müsabiqələrə qatılıb.

Gənc müğənni “Eurovision 2012” Milli Seçim Turlarına qatılmış, lakin təcrübəsizliyi səhnədə özünü biruzə vermişdi. 16 yaşlı Səmra seçim turlarındakı çıxışları ilə “Eurovision” fanlarının yadında qalmağı bacarmışdı.

Möhtəşəm “Global Arena” da çıxış edəcək iştirakçının ilk böyük səhnə təcrübəsi Türkiyənin “O ses Türkiyə” yarışmasında olub.

2014-cü ildə sözügedən müsabiqədə iştirak edən həmyerlimiz səsləndirdiyi Tina Törnerin "Simply the best" mahnısı ilə hər kəsi özünə heyran etmişdi.

Əvvəl Hadisənin, daha sonra Gökhanın komandasına keçən həmyerlimiz “Çarpaz duellər” mərhələsində müsabiqə ilə vidalaşmışdı.

Səmra yarışmadan sonra fəaliyyətini davam etdirməyə başlamış, ötən il musiqisi özünə, sözləri MC Murada aid olan “O sevir” mahnısına çəkilən klipini təqdim etmişdi.

Səmranın açıq-saçıq klipi isə müzakirələrə səbəb olmuşdu. Daha sonra qalmaqallı klip ifaçının rəsmi yutub kanalından silinmişdi.

Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra Rəhimli ötən ilin dekabr ayında “Səs Azərbaycan” mahnı müsabiqəsinə qatılmış, “Wrecking Ball” adlı ifa etdiyi mahnıyla yarışmaya rəng qatmışdı. Əməkdar artist Manana Caparidzenin komandasında yarışan ifaçı müsabiqəni 4-cü olaraq tərk etmişdi.

Nəhayət ki, 21 yaşlı Səmra və mahnısı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilən daxili və gizli səsvermə, o cümlədən 100 televiziya, musiqi eksperti və Avropanın 35 ölkəsindən olan “Eurovision” azarkeşlərinin rəyi əsasında seçilib. 

Bu il də Azərbaycan öz ənənəsini pozmayaraq musiqi seçimi ilə bağlı İsveç heyətinə müraciət edib. Səmranın ifa edəcəyi “Miracle” mahnısının sözləri də isveçli yazar Sandra Bjurmana məxsusdur.

Avropalıların ixtiyarına veriləcək mahnının təqdimatı bu həftəsonu olacaq.

Bu arada qeyd edək ki, Azərbaycan bu il 8-ci dəfə müsabiqəyə müğənni göndərir. Belə ki, 2008-ci ildə Samir və Elnurun ifa etdiyi “Day after day” mahnısı istisna olmaqla digər musiqi parçalarının müəllifləri əcnəbilər olub.

“Qafqazinfo” bu məqamda ilk mahnımız olan “Day after day”in bəstəkarı Gövhər Həsənzadənin fikirlərini öyrənib:

“Bizim Avropadan qat-qat yüksək savada malik musiqiçilərimiz var. Bunun səbəbi Azərbaycandakı bəstəkarların Avropa standartlarına uyğun olmamasından irəli gəlmir. Sadəcə, təşkilat komitəsi bəlkə də,hər hansı bir müqaviləyə imza atıb, bütün mahnılarla bağlı əcnəbilərə müraciət edirlər. Mən bəstəkaram, ətrafım da bəstəkarlar var. Mənə və ətrafıma bununla bağlı heç müraciət etməyiblər. Əvvəl düşünürdük ki, bəlkə, Avropa tamaşaçısının zövqünə uyğun olaraq xarici musiqiçilərə müraciət edirlər.

 

8 ildir ki, Avropa tamaşaçısı ilə təmasdayıq. Zövq və savad cəhətdən problemimiz yoxdur. Xaricilərə müraciətdə nə maraq var? Bu sualın cavabını bilmirəm. Maliyyə baxımından da bizim musiqiçilər daha sərfəlidir. 8 il ərzində ən uğurlu çıxış elə Elnurla Samirin çıxışı oldu. Özümün bəstəm olduğu üçün demirəm, bu barədə hər kəs danışır, fikrini bildirir. Bizim nə əksikliyimiz, eybimiz var idi? Şou, ifaçılar, ümumiyyətlə, hər şey keyfiyyətlidi. Nə Gövhər, nə Samir, nə də Elnur ölüb. Həmin Elnur ötən il səhnəyə çıxdı, nəticə nə oldu? Söhbət məhsulu yaxşı hazırlamaq, təqdim etməkdən gedir”.

"Eurovision" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü Leyla Əliyeva isə siyasi-iqtisadi proseslərin səhnəyə çıxan ifaçının taleyinə təsir göstərdiyini qeyd edib:

“Bu müsabiqədə daim uğur qazanmaq asan deyil. Hər il Avropanın musiqi nəbzini tutmaq lazımdır. Bütün dünyanı əhatə edən siyasi-iqtisadi proseslər səhnəyə çıxan ifaçının taleyinə təsir göstərir. Əlbəttə, yarışmanın təşkilat komitəsi müsabiqənin siyasi rəng almasının əleyhinə olub. Azərbaycan hər zaman çıxışları ilə seçilib. İlk gündən bu günə kimi dəyərli nailiyyətlərimiz olub.

 

Bu ilki mahnımız Avropa nəbzindən və siyasi proseslərdən asılıdır. Səmra Rəhimliyə uğurlar diləyirəm. Mən Səmranı milli seçim turlarından tanıyıram. İnanıram ki, onunla düzgün bir komanda işləyəcək. İstedad xammal kimidir. Onu cilovlasan dəyərli daş ola bilər. Səmranın səhnə imici, çıxışı, mahnısı çox vacıbdir”.

 

Bu arada qeyd edək ki, Səmraya ailəsi, xüsusilə də anası İlahə Baxşıyeva bütün çıxışlarında yanında olaraq ona mənəvi dəstək olur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi