“O, sonra iş tapa biləcək, ya yox”

o-sonra-is-tapa-bilecek-ya-yox
Oxunma sayı: 643

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, ali məktəblərin III ixtisas qrupu üzrə ixtisas seçimində iştirak üçün tələb olunan minimal ballar 250-dən aşağı salınmayacaq.
Qeyd edək ki, əvvəl III ixtisas qrupu üzrə ixtisas seçimində iştirak üçün tələb olunan minimal bal 300 idi.

Onun fikrincə, müsabiqədə iştirak üçün tələb olunan 250 bal elə də aşağı deyil. Cünki bəzi illərdə hətta abituriyentlərə 200 balla da ali təhsil almağa imkan verilib.

"Müəyyən şirkətlər xarici ölkələrin ali məktəblərinə tələbə dəvət edirlər. Mən bilmirəm ki, bu şirkətlər nə dərəcədə düzgün iş aparırlar və uşaqlar onların vədlərinə aldanıb getdikləri ölkədə hansı səviyyədə təhsil ala biləcəklər. Biz hesab edirik ki, 250 balla humanitar sahə üzrə ali təhsil almaq mümkündür. Təbii ki, 250 balla tələbə yığan məktəblə 600 baldan yuxarı nəticə göstərən tələbəsi olan məktəbin təhsil mühiti müxtəlif olacaq",- Abbaszadə əlavə edib.

O qeyd edib ki, müsabiqədə iştirak üçün tələb olunan minimal ballarının aşağı salınmasında əsas məqsəd ali məktəblərdə plan yerlərini boş qoymamaq deyil. Komissiya sədrinin sözlərinə görə, onlar bununla daha çox abituriyentin ali təhsil almasına imkan yaratmaq və onların qəbul üçün qeyri-rəsmi yollara əl atmasının qarşısnı almaq istəyirlər.

Abbaszadə deyib ki, təhsil almaq hüququ Azərbaycan dövlətinin vətəndaşlarına verdiyi hüquqlardan biridir. Amma dövlət heç zaman təhsil almış insanlarına işlə təmin edəcəyi barədə zəmanət vermir.

"Abituriyent özü ixtisasını seçərkən fikirləşməlidir ki, o, sonra iş tapa biləcək, ya yox. Dövlət zəmanət vermir ki, mən sənə iş verəcəyəm. Amma əhalinin nə qədər yüksək faizi ali təhsilli olarsa, dövlət bir o qədər güclü olar. Indiki dövrdə ali təhsil almaq çox önəmlidir",-Abbaszadə deyib.