Obama bazar günü and içəcək

obama-bazar-gunu-and-icecek
Oxunma sayı: 639

Bu ənənə 1789-cu ildən, Birləşmiş Ştatların ilk prezidenti Corc Vaşinqtonun zamanından davam edir. Bu mərasim Birləşmiş Ştatlar prezidentinin güc və davamlılıq rəmzi kimi qiymətləndirilir.

Corctaun Universitetindən professor Mark Rom inaqurasiya mərasiminin Amerika xalqı üçün möhtəşəm simvolik an olduğunu deyir: “Bu, demokratik yolla seçilmiş prezidentin ofisi tərk etməsi və demokratik yolla seçilmiş yeni prezidentin vəzifəsinin icrasına başlaması deməkdir. Və bu keçid dinc və təntənəli olur.”

İllərdir ki, yeni seçilmiş prezident inaqurasiya günü Ağ Evdə sabiq prezidentlə görüşür və onlar Kapitolidə keçiriləcək mərasimə bir yerdə gəlirlər. Onları orada Konqres üzvləri, Ali Məhkəmənin hakimləri, sabiq prezidentin administrasiya üzvləri gözləyir. Bu, həm prezident vəzifəsinə hörmətin və idarənin davamlılığının təzahürüdür.

Yeni prezident adətən günorta saat 12-də, Ali Məhkəmənin baş hakimi qarşısında and içir. Con Hopkins universitetinin professor Ben Ginsburq bunun da xüsusi bir rəmz olduğunu deyir. “Bu, o deməkdir ki, yeni prezidentin hakimiyyətə gəlişi Konstitutsiyaya, ABŞ qanunlarına və bu dövlətin qurucularının baxışlarına uyğundur.”

Amerika dövlətinin başçısı olaraq, yeni prezidentin şərəfində 21 yaylım atəşi açılır. Bundan sonra president ilk nitqini – inaqurasiya nitqini söyləyir.

Professor Mark Rom: “Bütün dünyanın, ölkənin gözü onda olacaq. Hamı onun növbəti dörd il üçün bir prezident kimi baxışları ilə tanış olacaq.”

Andiçmə mərasimindən sonra prezident Ağ Evə yollanır və orada iri paradı seyr edir. Yeni baş komandanının andiçmə mərasimini izləmək üçün Vaşinqtona ölkənin hər yerindən qonaqlar gəlir. İnaqurasiya şənlikləri axşam da davam edir. Yeni president onun şərəfində təşkil edilən ballardan birində iştirak edir.

Birləşmiş Ştatların prezidenti olmaq “dünyanın ən ağır işi” sayılır. Amma qarşıda duran sınaqlar bu ümid dolu bir günlə başlayır.