Obama ilə görüşən erməni niyə həbs olundu?

obama-ile-gorusen-ermeni-niye-hebs-olundu-
Oxunma sayı: 2565


Rusiya xüsusi xidmətlər idarəsinin «Rosbalt» Xəbərlər Agentliyinə verdiyi məlumata görə, Levon Hayrapetyan iyulun 15-də Monakodan qayıdarkən Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılaraq əkskəşfiyyatçıların  gücləndirilmiş mühafizə qrupu vasitəsilə sorğu-sual üçün RF İstintaq Komitəsinə təhvil verilib.

Rusiyada V.Çernomırdınin dostu kimi tanınan L.Hayrapetyan haqqında  araşdırmalar «avtoritet» S.Finaqinin rəhbərlik etdiyi «kinqisepp» qruplaşmasının fəaliyyəti ilə və ona yaxın olan «Basmaç» ləqəbli Aleksandr Matusovun  başçılıq etdiyi «şelkovski» qruplaşmalarının işləri ilə əlaqədardır. Adları çəkilən qruplaşmalar isə adam öldürmək, terrorçuluq, iri həcmli biznes  maraqları  ilə məşğul  olurmuşlar.

Levon Hayrapetyan  1949-cu ildə Dağlıq Qarabağın  Margakert  rayonun Vəng kəndində anadan olmuş, uzun illər «Oqonyok» jurnalı və «Komsomolskaya Pravda» qəzetində jurnalist işləyib. Sonralar yüksək vəzifəli insanlarla tanış olaraq biznes işinə qoşulub. Viktor Çernomırdin və Başqırdıstanın prezidenti Murtaza Raximovun etimadlarını qazanaraq onlarla çox yaxın dost olub. Son  zamanlar Rusiyanın Xarici  İşlər  naziri  Lavrov  ilə  də  yaxın əlaqələrinin olduğu  bildirilir.                                                                                                                               

Qısa  vaxt  ərzində biznes  sahəsində uğurlar əldə edən L.Hayrapetyan “Başneft” (Başqırneft) şirkəti ilə neft təslimatı işinə başlayır.Neft təslimatı işi ilə məşğul olduqdan sonra isə ABŞ-da ən böyük  korporasiyalardan olan «Tracinda Corporation»-un  yaradıcısı və prezidenti  Kirk Kerkoyanla iş birliyi yaradır. Qısa vaxt ərzində dünya erməni diasporasının ən varlıları arasında 10-cular sırasına  yerləşir. O, Dağlıq Qarabağ müharibəsi ərəfəsində və atəşkəs ərzində Qarabağdakı   bütün  obyektlərin tikilməsinə  sponsorluq edirdi. 

Onun son zamanlar Qarabağda reallaşdırdığı obyektlər isə, general Suvorov və general Mədətov adına hərbi məktəblərinin tikintisi idi. Hansı ki, general-mayor Arkadi Tatevosyana həvalə edir. Bu məktəb Dağlıq Qarabağın təhlükəsizliyi məqsədi ilə tikilən regionun ən böyük obyektlərindəndir. Hazırda bu obyektlərin tikintisi yarımçıq qalmışdır və tikintilərinin davam etdirilməsi artıq məlum deyildir. Levon Hayrapetyan Dağlıq Qarabağ məsələsinin və sözdə  «Soyqırım» məsələlərinin də ermənilərin mənafelərinə uyğun olaraq həll olunması üçün əlindən gələni edirdi. Hətta o, bu məsələlərin həlli ilə əlaqədar ABŞ prezidenti B.Obama ilə də görüşüb.

Maraqlıdır ki, onun Qarabağdakı əlaltısı general A. Tatevosyan L. Hayrapetyanın iki gün öncə Dağlıq Qarabağda olduğunu və onun Yerevandan Moskvaya yola düşdüyünü söyləyib. Amma Rusiya mətbuatında onun nəyə görə Monakodan Moskvaya gəlməsi barədə yanlış məlumat vermələrini anlamadığını bildirib. O,həm də utanmadan bildirib ki, Levon Hayrapetyanın həbs olunmasının günahkarı Azərbaycandır, çünki onun son zamanlarda biznesdəki nailiyyətləri Azərbaycanlıların  xoşuna  gəlmirdi.

Əgər  L. Hayrapetyanın qeyd olunan qruplaşmalarla iş birliyi və cinayətlərdə iştirakı təsddiq edilərsə  onu RF cinayət məcəlləsinin 160-cı (mənimsəmə ) və 174-cü (cinayətkar gəlirlərin leqallaşdırılması ) maddələri ilə mühakimə olunması gözlənilir. Hazırda isə məhkəmənin qərarı ılə o, iki ay müddətinə  həbs olunub. 

Erməniləri isə narahat edən odur ki, Ermənistana və Dağlıq Qarabağa ən çox yardım edən mənbə qurumaqdadır.

İsmayıl  Tanrıverdi 

BDU-nun Erməni araşdırmaları ETL-in Böyük elmi işçisi