“Obamanın mövqeyini ədalətsiz hesab edirik”

obamanin-movqeyini-edaletsiz-hesab-edirik
Oxunma sayı: 639

“Qafqazinfo” həmin bəyanatı təqdim edir:

Artıq bir neçə gündür ki, Fələstin qan içindədir. İsrail hərbi hava qüvvələri Qəzzanın yaşayış məskənlərini, məktəbləri, evləri, bağçaları ağır mərmilərlə bombalayır. Körpə uşaqlar, qadınlar, qocalar raket atəşləri nəticəsində külü göyə sovrulmuş evlərin dağıntıları içərisində can verirlər.

Aramsız bombardmanlar yaralılara tibbi yardım göstərilməsinə imkan vermir. Hərbi blokadaya alınan Qəzza bölgəsi humanitar böhran keçirir. İşğalçı İsrail qoşunları, bombardmançıları heç kimə rəhm etmədən öldürür, hər kəsi fiziki məhvə məruz qoymağa can atırlar.

Bizcə bu soyqırım ideyası sionizmin mahiyyətindən doğan bir məsələ olaraq xüsusən müsəlmanlara qarşı yönəlmişdir. Qəsbkarlar bu əzəli müsəlman torpaqlarında ərəblərin yaşamasına son qoymaq niyyətini yalnız öldürməklə həyata keçirmək istəyirlər. Məhz bu məqsədlərinə nail olmaq üçündür ki, Şimon Peres hakimiyyəti bütün sülh danışıqlarını hər hansı bir bəhanə ilə dalana sürükləyir, baş tutmasına, işğal olunmuş Fələstin torpaqlarının sahiblərinə qaytarılmasına razılıq verməməyə çalışır. İşğalçı qüvvələr Fələstin xalqının, Həmas müqavimət hərəkatçılarının iradəsini qırmaq, tarixi Fələstin torpaqlarından onları əl çəkməyə məcbur etmək istəyir. Qəsbkar İsrail qüvvələri buna nail ola bilməsələr də, bütün hallarda onlar, bütövlükdə Şimon Peres hakimiyyəti işğalçılıq niyyətlərindən əl çəkmir, müsəlmanlara qarşı soyqırımı davam etdirirlər . Məhz bu gün Qəzzada baş verənlər təkcə fələstinlilərə qarşı deyil, dünyaya və insanlığa qarşı cinayətdir. Bu bəşəri cinayətə insan qatilləri cavab verməlidirlər.

İsrail hərbi hava qüvvələri tərəfindən Qəzzada törədilən qətliama qarşı hələ ki, dünya birliyindən ciddi, zəruri cavab reaksiyası alımamışdır. Əksinə, işqalçıya , artıq yüzlərlə dinc insanın ölümünə səbəb olan cinayətkara ABŞ, Obama administrasiyası haqq qazandırmağa çalışır, onun bu hərəkətlərini özünümüdafiə kimi qiymətləndirir. Biz Obamanın bu mövqeyini ədalətsiz addım hesab edir, ABŞ-ın xarici siyasətində mahiyyəti etibarı ilə riyakar ikili standartlarla yanaşma kimi qiymətləndiririk. İş o yerə çatmışdır ki, Obama fələstinli körpələrin, qadın və qocaların öldürülməsinə etiraz edən bəzi müsəlman dövlətlərinin mövqeyini tənqid etməkdən belə çəkinmir. Göründüyü kimi, dünyada cinayətkarın öz adı ilə çağrılmaması belə zülmün və əsarətin, bəşəri cinayətlərin baş verməsinə, hətta belə cinayətkarların müdafiəçilərinin dünya ağalığı iddiasında olmasına şərait yaradacaq. Adını demokratiya, ədalət carçısı qoymağa çalışanların riyakar maskasını Qəzza qətliamı bu gün yırtdı desək səhv etmərik.

Zaman müsəlman dövlətlərinin bir bayraq altında birləşərək dünyanı sionizm acısından xilas etmək, dünyaya sülh və əminamanlıq gətirmək, İslam torpaqlarını, o cümlədən Fələstin, Qarabağ torpaqlarını işğalçı rejimlərdən qurtarmaq üçün yetişmişdir. İslam Konfransı Təşkilatı- bütün müsəlman dövlətləri beynəlxalq qurumların təsir mexanizmlərinin işə salınması, İsrailə qarşı təsirli tədbirlər həyata keçirilməsi üçün hərəkətə keçməlidir. Biz dünyanın tərəqqipərvər qüvvələrini, sülh tərəfdarlarını işğalçı rejimləri dayandırmağa, əks təqdirdə onların bütün müsəlman ölkələrindəki səfirliklərini bağlamağa çağırırıq. Qəzzada yol verdiyi bəşəri cinayətə görə İsrail hərbi qüvvələrinə hücum əmri verənlər, başda insan qatili Şimon Peres adminstrasiyası olmaqla beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Biz beynəlxalq aləmdən Qəzzada tezliklə insan qətliamının dayandırılması, fələstinlilərin doğma torpaqlarında yaşamaq hüquqlarının bərpa olunması üçün konkret addımların atılmasını tələb edirik.