Ödənişimiz on-line-laşır

odenisimiz-on-line-lasir-
Oxunma sayı: 633

Son illər Azərbaycanda elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində geniş islahatlar aparılır. Bunun nəticəsində banklar arasında əvvəllər günlərlə və bəzən həftələrlə çəkən hesablaşmaların saniyələr ərzində başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda ödəniş əməliyyatlarının real vaxt rejimində (on-line) həyata keçirilməsinə imkan yaranıb.

Kart sahiblərini necə maarifləndirək?

Azərbaycanda elektron hesablaşma sistemlərinin istifadəyə verilməsi 2001-ci ilin əvvəllərinə təsadüf etsə də, son 10 ildə ölkədə kart sahibləri arasında maariflənmə səviyyəsinin aşağı olması inkişaf etmiş ölkələrlə müqayisədə göstəricilərin aşağı olmasına səbəb olur.
Bu gün respublikada 4,6 milyondan artıq plastik kart sahibi var. Lakin həmin şəxslər arasında sorğu keçirilərsə məlum olacaq ki, onların bir çoxu ödəniş kartının hesablaşmalarda istifadə edilməsindən xəbərsizdir. Çoxları plastik kartın ya pensiya, ya da maaş kartı olması kimi məlumata malikdirlər. Hətta bir çox kart sahibi hesab edir ki, POS-terminallarda ödəniş aparılarkən onlardan əlavə xidmət haqqı tutulacaq. İlk növbədə, müştərinin bu “qorxu sindromu”nu aradan qaldırmaq, kart sahiblərinin bu ödəniş alətindən aktiv istifadəyə cəlb etmək məqsədilə banklar geniş təbliğat və təşviqat işləri aparmalıdır.
İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bütün Qərb ölkələrində olduğu kimi, satış obyektlərində plastik kartlardan istifadə məcburi xarakter daşımalıdır: “Plastik kart çox rahatdır və nağd pul ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Təsadüfi deyil ki, plastik kartlardan müasir dünyada yüz milyonlarla insan istifadə edir. Dünyanın inkişaf etmiş ölkələrində insanların 80-90 faizi ödəniş vaxtı plastik kartlardan istifadə edir. Marketdə, bazarda, oteldə və restoranlarda ödənişlər plastik kartla aparılır. Hər ticarət obyektində post-terminallar qoyulub. Nağdsız ödəmələrə keçidin bir çox üstünlükləri var. Bu ödəmələrdə həm vaxta, həm də pula qənaət edilir. Post-terminallara ödəniş edəndə artıq qalan qəpik balansda cəmlənir. Hesabda qalan qəpiklər itmir və üst-üstə yığılır. Bundan başqa, kart oğurluq hadisələrinin qarşısını almaq üçün ən etibarlı addımdır”.

Ekspertin sözlərinə görə, plastik kartlardan istifadə vətəndaşlar üçün rahatlıq, etibarlılıq, əlverişlilik, vaxta qənaət, üzərində böyük məbləğdə nağd pul daşımaq məcburiyyətinin olmaması, bank üçün isə rəqabət qabiliyyətinin və nüfuzun artması, ödənişə zəmanət, kağız-pul kütləsinin hazırlanma, uçot və emal xərclərinin azalması, minimal vaxt sərfi və fiziki əməyə qənaət deməkdir. Ödəniş kartlarından istifadə kart sahibləri üçün bankomatlar vasitəsi ilə hesablaşmaların nağdsız formalarını həyata keçirmək (mobil rabitə, kabel televiziyası, kommunal xidmətlərin və s dəyərinin ödənilməsi), pulu hesabdan hesaba köçürmək, kart üzrə xərclərə nəzarət etmək, eləcə də pul vəsaitindən uzaqdan istifadə etmək və pul hesabını internet, telefon və s. vasitəsilə idarə etmək imkanları yaradır. Üstəlik, nağd puldan fərqli olaraq, sərhədi keçərkən ödəniş kartındakı vəsaitlərin deklarasiyasına ehtiyac olmur. Bu da həmin şəxslərə və dövlət xidməti əməkdaşlarına əlavə vaxt itkisinin qarşısını almağa imkan verir.
Aparılan müşahidələrə əsaslansaq, Bakıda nağdsız ödəmələrdən çox az istifadə edilir. Heç buna şərait də yoxdur. Hələ də post-terminalın, plastik kartların nə olduğunu bilməyənlər var. Bakıda yalnız bəzi super-marketlərdə, böyük otellərdə post-terminallar quraşdırılıb. Kiçik dükanların çoxunda isə, ümumiyyətlə, bu barədə anlayışı olmayanlar var.
Digər baxımdan, ölkədə plastik kartlardan istifadə ənənəsi hələ formalaşmayıb. Bütün bunlar da plastik kartlardan istifadəyə, elektron hökumətin qurulmasına mənfi təsir göstərir.

Nagdsız hesablaşmaların genişlənməsi üçün dövlət də nəzarətini artırır

Dövlət tərərfindən də nağdsız hesablaşmaların geniş tətbiqi üçün müxtəlif tədbirlər görülür. Belə ki, artıq Azərbaycan Mərkəzi Bankında Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) layihəsinin icrasına başlanılıb. Region ölkələri içərisində ilk dəfə Azərbaycanda həyata keçirilən bu sistemin yaradılması ilə Milli Ödəniş Sistemi infrastrukturunun resurslarından daha səmərəli və effektiv istifadə edilməsi, kommunal və digər kütləvi xidmətlər üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi üçün əlverişli şərait yaradılıb.
Bundan əlavə, ölkə başçısı tərəfindən Daxili İşlər Nazirliyinə (DİN) inzibati xətalara görə cərimələrin və Dövlət Gömrük Komitəsinə (DGK) qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmələri tapşırılıb.

Yazı “AtaBank” ASC tərəfindən elan edilmiş “Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir” müsabiqəsinə təqdim olunur

Nigar Məmmədli