Odun üstünə benzin tökdünüz...

odun-ustune-benzin-tokdunuz
Oxunma sayı: 2906

Adəm Məmmədov

Avropa Şurasının Baş katibi Turbyorn Yaqlanda müraciət

“İndiyə qədər müdafiə etdiyim şəxslər içərisində istər yüksək vəzifə sahibləri, istərsə də kifayət qədər yüksək vəzifəli şəxslərlə konflikti olan sadə insanlar olub. Fəaliyyətim müddətində müxtəlif məhkəmə instansiyalarında 6 müxtəlif iş üzrə 11 şəxsə bəraət hökmü çıxarılmasına, ağır cinayət işlərində təqsirləndirilən digər bir sıra şəxslərə qarşı başlanan araşdırmalara ibtidai istintaq mərhələsində bəraətverici əsaslarla xitam verilməsinə nail olmuşam, bundan əlavə, istintaqa və ya məhkəməyə təzyiq göstərməyə cəhd etdiyinə görə bir sıra yüksək vəzifəli şəxslərin və ya hüquq-mühafizə sistemi əməkdaşının cəzalandırılmasına, işdən kənarlaşdırılmasına və ya həbs olunmasına nail olmuşam”.

“Çox məyusuq...”

“Cənab Yaqland! Bu yaxınlarda Azərbaycanda futbolçu Cavid Hüseynovun bir qrup fanatı ilə fotoreportyor Rasim Əliyev arasında baş vermiş insident və bunun nəticəsində R.Əliyevin həlak olması hadisəsi Sizə yaxşı məlumdur və bu hadisə ilə bağlı bütün Azərbaycan xalqı kimi, Siz də kədərləndiyinizi və belə hallara görə təəssüf hissi keçirdiyinizi 10.08.2015 tarixdə öz bəyənatınızda ifadə etmişdiniz. Bildirirəm ki, mən həmin iş üzrə başlanmış istintaq araşdırmalarında təqsirləndirilən şəxslərdən biri olan futbolçu Cavid Hüseynovun rəsmi vəkiliyəm. Minnətdaram ki, Siz bir ata, bir humanist insan olaraq dünyanın bütün guşəsində qətlə yetirilmiş, haqsızlığa, əziyyətə düçar olmuş hər bir insanın taleyinə görə narahat olursunuz, dünyada ədalətsizliyin, qeyri-insani davranışların qarşısını almaq üçün öz səlahiyyətləriniz və imkanlarınız çərçivəsində aktiv fəaliyyət göstərirsiniz. 1981-ci ildə Azərbaycanda tədqiqatlar aparmış və sonradan yazdığı "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmalı olması versiyasını irəli sürmüş məşhur səyyah Tur Xeyerdalın və əsərlərini hələ uşaqlıqdan sevə-sevə oxuduğum Henrik İbsen kimi dünya şöhrətli humanist yazıçının həmvətənlisi olan Sizin kimi şəxsiyyət, başqa cür ola da bilməzdi və Avropa Şurası kimi nüfuzlu və humanist bir beynəlxalq təşkilata rəhbər seçilməyinizdə, şübhəsiz, Sizin bu yüksək keyfiyyətlərinizin əvəzedilməz rolu olub.

Lakin Sizin vətəniniz olan və 1944-cü ildə işğaldan azad olunmasında Sovet qoşunları tərkibində mənim babamın da yaxından iştirak etdiyi Norveç və digər Avropa dövlətləri ilə müqayisədə öz müstəqilliyinə təzə-təzə qədəm qoymuş, mövcud olduğu 5000 ildən artıq bir dövrdə Şərq psixologiyası, məntiqi, mentaliteti və qanunları ilə yaşamış və Avropa psixologiyasını, mentalitetini hələ indi-indi öyrənməyə başlamış Azərbaycana qarşı Avropa Şurasının, bir çox halda dözümsüz və bəzən hətta barışmaz mövqeyi, hər bir Azərbaycan vətəndaşı kimi məni də məyus edir və təəssüfləndirir. Azərbaycan dövləti ilə Avropa Şurası arasında hərdən yaranan bir çox gərginliyin kökündə də, məhz Azərbaycan kimi fərqli mentalitetə, hüquq sisteminə malik ölkələrin həmin bu spesifikliyinin, Avropa Şurası tərəfindən nəzərə alınmamasının durduğunu bir ziyalı kimi biz aydın görürük”, -deyə vəkil məktubunda bildirir.

“Odun üstünə benzin tökmüş oldunuz”

A.Məmmədov yerli psixologiyanın və spesifik xüsusiyyətlərin düzgün nəzərə alınmamasına nümunələrdən biri kimi, fotoreportyor Rasim Əliyevin vəfatı ilə əlaqədar Yaqlandın 10.08.2015-ci ildə verdiyi bəyanatı göstərir: “Bu bəyənat humanizm və insanpərvərlik baxımından düzgün olsa da, amma elə bilirəm ki, istər beynəlxalq qanunvericilik baxımından, istərsə də yerli psixologiyanın nəzərə alınmaması baxımından, bir qədər tələsik və əsassız verilmiş bəyanatdır, hətta yerli dövlət orqanları vaxtında qabaqlayıcı tədbirlər görməsəydilər, cinayətlər silsiləsinə səbəb ola bilərdi. Bu qənaətimə əsas olan arqumentlərimi aşağıda sadalayıram.

Sizin verdiyiniz Bəyənatda qismən deyilir: “Mən "Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu"nun (RATİ) direktoru Rasim Əliyevin ölümündən şokdayam...”. Bəyənatın sonunda isə izah olunur ki, “RATİ - jurnalist və KİV nümayəndələrinin hüquqlarını müdafiə edən QHT-dir”. Rəsmi şəkildə bəyan edirəm ki, əvvəla, adıçəkilən təşkilatın direktoru hazırda İsveçdə yaşayan Emin Hüseynov adlı bir şəxs olub və mərhum Rasim Əliyevin bu təşkilatla heç bir əlaqəsi olmayıb, indiyə qədər onun adından və ya onun imzası ilə bu təşkilatın heç bir bəyanatı yayılmayıb, heç bir tədbiri keçirilməyib və onun bu təşkilatın rəhbəri olması barədə indiyə qədər heç bir mətbuatda heç bir məlumat dərc edilməyib.

İkincisi isə, mərhum Rasim Əliyev fotoreportyor olub, yəni müxtəlif qəzet və televiziya kanalları üçün (o cümlədən, son olaraq ANN.az internet kanalı üçün) şəkil və videolar çəkib. İndiyə qədər onun heç bir mətbuat orqanında heç bir məqaləsi dərc olunmayıb.Baş vermiş insidentsə, Rasim Əliyevin peşə fəaliyyəti ilə, yəni çəkdiyi şəkil və videoya görə deyil, rəsmi mətbuatda dərc edilməyən və dərc edilməsi də nəzərdə tutulmayan şəxsi “Facebook” statusunda yazışmaları ilə əlaqədar baş verib ki, bu da birmənalı olaraq onun ölümünün peşə fəaliyyəti ilə əlaqələndirilməsini mümkünsüz edir.

Hadisələrin hələ çox həssas və emosional olduğu bir mərhələdə Sizin hadisə barədə yalnız şayiələrə əsaslanaraq, yüksək tribunadan tələsik və səhv bəyənat səsləndirməniz, bütün dünya və Azərbaycan jurnalistlərinin, müdafiəçisi olduğum şəxsin əleyhinə səfərbər olmalarına və hadisə iştirakçısı olmuş tərəflərdən yalnız birinin (guya ki, həmkarları olan mərhum Rasim Əliyevin) lehinə təbliğat aparmalarına, bunun nəticəsi olaraq, ictimai rəyin, müdafiəçisi olduğum şəxsin əleyhinə köklənməsinə səbəb oldu. Bu isə, istintaqın ağır psixoloji təzyiq altında davam etməsinə, müştərimin hüquqi vəziyyətinin əhəmiyyətli dərəcədə ağırlaşmasına və Avropadan fərqli olaraq, qohumluq ənənələrinin güclü olduğu Azərbaycan mühitində od üstünə benzin tökərək, nəsillərin bir-biri ilə qarşıdurması həddinə gətirib çıxardı. Yaxşı ki, dövlət orqanları hadisələrin eskalasiyasının qarşısını vaxtında ala bildilər. Əks halda Sizin avtoritetinizə etimad edən insanlar növbəti qanları tökməyə artıq tam hazır idilər”.

“Bizdə heç vaxt napoleonlar, hitlerlər, breyviklər yetişməyib”

Vəkil davam edir ki, Yaqlandın Avropa Şurasının Nazirlər Komitəsi ilə razılaşdırmadan sərgilədiyi bu subyektiv mövqeni, Azərbaycan daxilindəki və xaricindəki bir sıra qüvvələr məsuliyyətsiz bəyanatdan daha çox, bütövlükdə Avropa Şurasının Azərbaycana qarşı qərəzli münasibəti kimi dəyərləndirib, Azərbaycan cəmiyyəti içərisində Avropa Şurasının nüfuzunu daha da aşağı salmaq işində bir alət kimi istifadə edir: “Onlar bildirirlər ki, 1 milyon azərbaycanlı məcburi köçkünün hüquqlarının Ermənistan dövləti tərəfindən pozulmasına qarşı Avropa Şurası 25 ildir ki, heç bir ciddi tədbir görmədiyi halda, ayrı-ayrı seçmə fərdlərlə bağlı belə çevik və aqressiv münasibət bildirməsi, Avropa Şurasının öz üzvü olan dövlətlərə qarşı ikili standartlar yürütməsinin bariz nümunədir. Sizin həmin bəyanatınızda mənim müəyyən etdiyim yanlışlıqları yerli mətbuata açıqladıqdan sonra isə, həmin qüvvələr daha da fəallaşaraq, bunun konkret siyasi məqsədlərə hesablanmış provakasiya olmasını iddia etməyə başladılar. Azərbaycan mentalitetinin və qanunlarının hökm sürdüyü bir mühitdə böyüyüb, boya-başa çatmış, ali təhsil almış bir hüquqşünas kimi, şəxsən mən bu tipli anlaşılmazlıqları məqsədli siyasi gedişlərdən daha çox, Avropa Şurasının hüquq sistemindəki boşluqlar və sivilizasiyalar arasındakı uçurumlarla əlaqələndirməyə meylliyəm.

Keçən əsrin sonlarına qədər Avropa Şurasının sərhədləri yalnız Avropa sərhədləri ilə məhdudlaşmışdı. Avropa dövlətləri üçünsə monarxiya sistemi (Norveçdə, İngiltərədə, İspaniyada, İsveçdə, Hollandiyada, Danimarkada, Belçikada, Andorrada, Lüksemburqda, Monakoda...), dövlət və hökumət başçılarının xalq tərəfindən deyil, məhdud qrup insanlar tərəfindən seçilməsi (yalnız Fransa istisna olmaqla qalan bütün Avropada) və yaxud nəsildən-nəslə ötürülməsi (məsələn Sizin vətəniniz olan Norveçdə), seçkilərə müşahidəçilərin buraxılmasının qanunla yasaq edilməsi (Almaniyada, İtaliyada, Polşada...), seçki zamanı saxtalaşdırmaya imkan verən çoxsaylı üsullardan (e-mail, faks, poçt, elektron aparatlar vasitəsilə səsvermə metodlarından) istifadə olunması (bütün Avropa dövlətlərində) və s. norma idi və olaraq da qalır. Bu gün Avropa Şurasının sərhədləri xeyli genişlənib və buraya daha modern hüquq sistemi olan Azərbaycan kimi çoxsaylı yeni dövlətlər daxil olub. Bu dövlətlərdə monarxiya sistemi gülüş doğurur; ölkənin taleyinə dair bütün məsələlər, o cümlədən ölkə rəhbərlərinin seçilməsi məsələsi ümumxalq səsverməsi üsulu ilə və çoxsaylı müşahidəçilərin iştirak etdiyi və müşahidə kameraları ilə təchiz olunmuş seçki məntəqələrində həyata keçirilir - bu məntəqələrdən kənarda həyata keçirilən bütün növ seçki üsulları qanunsuz hesab edilir və istənilən şəxsin məhkəmə və hüquq sisteminə müdaxiləsi cinayət məsuliyyəti yaradır.

Bu birinci tip hüquq sisteminə malik dövlətlərdə - başqa millətlərə və dinlərə qarşı patoloji dözümsüzlük (Norveçin Avropada antisemitizm və islamofobiya siyahısına liderlik etməsi, qaraçıların Fransadan məcburi deportasiya edilməsi - 2010, Macarıstanda söz azadlığını məhdudlaşdıran qanun qəbul edilməsi - 2010; Müsəlman qadınlarının ənənəvi geyim formalarının (hicab, çarşab, niqab və s.) Fransa və digər bir sıra Avropa ölkələrində rəsmən qadağan edilməsi - 2004, Slovakiya və Çexiyada qeyri-xaçpərəst dinindən olan miqrantlara sığınacaq verilməsindən rəsmən imtina olunması - 2015 və s.), ikincilərdə isə - pataloji tolerantlıq hökm sürür. Məsələn bu ikincilərdən olan Azərbaycanda 20-dan artıq millət və onlarla fərqli dinin nümayəndələri (müsəlmanlar, yahudilər, katoliklər, provaslavlar və s.) eyni dövlətdə min ildən artıqdır ki, mehriban qonşuluq şəraitində yaşayır. Burada heç vaxt napoleonlar, hitlerlər, anders breyviklər və b. yetişməyib”.

“Əsl şok hissi odur ki...”

A.Məmmədov yuxarıda qeyd etdiyi məqama bir daha diqqət çəkir: “Ənənəvi Avropa Şurası ilə onun bir çox yeni üzvləri, o cümlədən Azərbaycan arasındakı bir çox anlaşılmazlıqlar, bu Şuranın köhnə üzvləri ilə yeni üzvlərinin qanunvericilik sistemi və milli şüuru arasındakı fərqlərdən əmələ gəlir və bu gün artıq Siz bu hər iki sistemə malik dövlətlərin üzvü olduğu bir quruma rəhbərlik etdiyinizi heç vaxt nəzərdən qaçırmamalısınız. Məsələn rəhmətlik Rasim Əliyevin ölümü ilə bağlı verdiyiniz məlum bəyanatınızda Siz bildirirsiniz: “Mən... Rasim Əliyevin ölümündən şokdayam”. Qeyd edim ki, yaxın günlərdə toy edib, ailə qurmağa hazırlaşan belə bir gənc övladını, daha bir həmvətənlisini itirdiyindən, bütün Azərbaycan xalqı Sizdən daha çox təəssüf hissi keçirir. Allah rəhmət eləsin. Əmin olun ki, günahkarlar layiqli cəzalarını alacaqlar.

Lakin Azərbaycan xalqı da öz növbəsində o hallardan əsl şok hissi keçirir ki, hələ də dünyanın hansısa guşəsində, hətta Avropa kimi bir qitədə Sizin vətəniniz olan Norveç kimi dövlətlər mövcuddur ki, orada dövlət və hökumətin başçısı, Ali Baş komandan xalq tərəfindən seçilməyən, hakimiyyəti nəsildən-nəsilə miras ötürülən və Konstitusiyaya görə hədsiz böyük səlahiyyətlərə malik olan krallardır. Azərbaycan xalqı o faktdan şok hissi keçirir ki, 21-ci əsrdə hələ də Avropa dövlətlərindən bir çoxunda, o cümlədən Sizin vətəniniz olan Norveçdə din dövlətdən ayrılmayıb və nəinki dövlət başçısının, hətta nazirlərin də protestantlığı qəbul etməsi qanunla məcburidir. Hətta 21.05.2012-ci il tarixinə qədər yeni qanunlar mütləq Kilsə ilə razılaşdırılmalı idi. Bu necə ola bilər ki, 21-ci əsrdə insanlara, onların və ya onların nümayəndələrinin seçmədiyi adamlar hökmdarlıq etsin, hər kəsə onun iradəsi nəzərə alınmadan məcburən din və padşahlar təyin edilsin? Şəxsən mən özümü belə bir cəmiyyətdə kiminsə əşyası, qulu kimi hiss edərdim. Azərbaycan xalqı o fakdan şok hissi keçirir ki, ümumiyyətlə Avropanın heç bir ölkəsində normal sivil seçki sistemi mövcud deyil: Fransa istisna olmaqla, Avropanın heç bir ölkəsində dövlət və hökumət başçıları xalq tərəfindən seçilmir - onlara məcburən təyin olunur. Bəzi başqa vəzifələrə formal olaraq seçkilər keçirilsə də, əksər Avropa ölkələrinin qanunvericiliyi seçkilərə xarici və daxili müşahidəçilərin buraxılmasını qəti qadağan edir və bütün Avropada, seçki bülletenini evdə doldurub, seçki məntəqəsinə poçtla, faksla, e-maillə yollamaq norma hesab olunur. 21-ci əsrdə biz kimi aldadırıq?

Mən əminəm ki, eynilə də əksər Avropa vətəndaşları xəbər tutanda ki, haradasa Azərbaycan kimi dövlətlər mövcuddur ki, orada seçki bülletenlərini ancaq və ancaq seçki məntəqələrinə gəlib, orada doldurub qutuya atmaq lazımdır və həmin seçki məntəqələri videomüşahidə kameraları ilə təchiz olunub, bütün dünyanın hər yerindən fasiləsiz internet üzərindən izlənə bilir və ya məntəqələr bütün günü müşahidəçilərin üzünə açıq olur - o zaman onlar həqiqətən şok hissi keçirir. Azərbaycan xalqı o faktdan şok hissi keçirir ki, hələ də Avropanın mərkəzində Avropa Şurasına üzv olan bir sıra dövlətlər mövcuddur ki, onlar insan haqlarının tapdalanmasının səviyyəsinə görə BMT tərəfindən Afrikanın ən geridə qalmış ölkələri ilə bir sıraya qoyulur, məsələn, BMT-nin müvafiq komissiyasının 2012-ci il noyabr Qərarı ilə bu sahədə “B” kateqoriyasına aid edilmiş Sizin vətəniniz Norveç kimi. Və nəhayət Azərbaycan xalqı o faktdan şok hissi keçirir ki, 21-ci əsr olmasına baxmayaraq, hələ də Avropanın bir sıra dövlətləri, o cümlədən Sizin vətəniniz olan Norveç 18-19-cu əsrlərdə qəbul edilmiş Konstitusiyalarla idarə olunur (Məsələn, Norveç Konstitusiyası 1814-cü ildə yazılıb)”.

“Hələ də hər kəslə sanksiya dilində danışırsınız”

Vəkil bütün bu məsələləri ona görə ətraflı sadaladığını vurğulayır ki, dövlətlərin problemləri ilə məşğul olarkən, oradakı mühüm və qeyri-mühüm problemləri dəqiq təsnif edə bilmədikdə, həmişə faydasız nəticələr alınır: “Məsələn Azərbaycan torpaqlarının 20%-nin başqa bir Avropa Şurası üzvü olan dövlət tərəfindən işğal olunmasından, bunun nəticəsi olaraq 1 milyon əhalisinin hüquqlarının Ermənistan dövləti tərəfindən tapdalanmasından şok hissi keçirmədiyiniz halda, hansısa bir sıravi vətəndaşın məişət zəminində baş verən davada ölməsindən şok hissi keçirməyiniz o nəticələrə gətirir ki, Avropa Şurası indiyə qədər nəinki dünyanın heç bir guşəsində (Qafqazda, Ərəbistan yarımadasında), hətta Avropanın düz mərkəzində də (Yuqoslaviyada, Ukraynada) baş vermiş heç bir qanlı münaqişəni sülh yolu həll edə bilməyib. Çünki mühüm və qeyri-mühüm problemlər düzgün fərqləndirilmir və ya 19-cu əsr qanunları, münasibətləri ilə fərqləndirilir.

Modern hüquq və seçki sisteminə malik Azərbaycan və digər bu tipli dövlətlərlə, arxaik dövlət quruluşuna və qanunvericilik sisteminə malik dövlətlər arasında mütəmadi olaraq konfliktlərin meydana çıxması qaçılmazdır və mən belə başa düşürəm ki, Siz bu məsələdə ancaq və ancaq yeniliyin, islahatların, inkişafın tərəfində olsanız, hamı daha çox xoşbəxt ola bilər. Çünki, hadisələrə və insanlara həmin arxaik monarxiya və “vəhşi Qərb” təfəkkürü ilə yanaşmaq, Napoleon Banopart dövründən bəri 3 Dünya Müharibəsini törədib və bu gün də həmin Avropa ölkələri özlərinin bütün qonşuları ilə - Rusiya, İran, Türkiyə, Ərəb ölkələri və s. düşməndirlər və hamısı ilə sanksiyalar dilində danışırlar ki, bu da həmin ənənənin hələ də davam etdiyini göstərir. Daha modern qanunvericilik və idarəetmə sisteminə malik olan Azərbaycansa, hətta öz aralarında bir-biri ilə ən qatı düşmən olan bütün dövlətlər və dövlətlər birliyi ilə - Rusiya, Avropa, ABŞ, İran və s.-lə neçə illərdir mehriban qonşuluq şəraitində yaşamağı bacarır və daxilində də 20-dən artıq millət və bütün iri dinlərin (Yəhudi, Xaçpərəst, İslam) nümayəndələri min ildən artıqdır ki, mehriban qonşuluq şəraitində yaşamaqdadırlar. Bunun nəyi pisdir? Və biz niyə görə dəyişib, Avropa kimi olmalıyıq?”.

“Nə qədər ki gec deyil...”

A.Məmmədov yazır ki, dəfələrlə dünya müharibəsi törədib, hər birində də uduzub özünü 200 il geriyə aparmış Avropa dövlətlərindən fərqli olaraq, son min ildə 2 dəfə (XII və XVI əsrlərdə) güclü imperiya olmağı bacarmış, Avropa renessansından hələ bir-neçə yüz il əvvəl öz nəhəng renessans dövrünü yaşayıb, bəşəriyyətə Nizami Gəncəvi (1141-1209), Bəhmənyar əl-Azərbaycani (?-1066) kimi mütəfəkkirlər bəxş etmiş Azərbaycanın qanunvericilik sistemi və dövlətçilik təcrübəsi, eləcə də, bugünkü siyasi və iqtisadi uğurları, informasiya müharibələrinə məharətlə duruş gətirmək qabiliyyəti bu gün bir çox dövlətlərə örnək olmalıdır: “Özümü böyük Avropa Şurası ailəsinin bir hüquqşünası hesab edərək, hətta təklif edərdim ki, Azərbaycan modeli tərəfinizdən daha ətraflı öyrənilsin və gələcəkdə Avropa Şurasında struktur və siyasət islahatları həyata keçirərkən, bir nümunə kimi istifadə edilsin. Mən tam əminəm ki, bununla Siz Avropa dövlətlərinə çox böyük fayda vermiş olardınız və bir reformator siyasətçi olduğunuzu bütün dünyaya sübut etməklə, 2009-cu ildə Siz Nobel mükafatı komitəsinin rəhbəri olarkən, cəmisi 8 ay hakimiyyətdə olan ABŞ prezidenti Barak Obamaya Nobel mükafatı verməyinizlə, sonrakı karyeranız arasında əlaqə axtaranların ittihamlarına tutarlı cavab vermiş olardınız (yeri gəlmişkən, uzun müddət Nobel Mükafatı Komitəsinin rəhbəri olmuş bir şəxs kimi, yəqin yaxşı bilirsiniz ki, bu mükafat Fondunun vəsaitlərinin bir qismini də, Nobel qardaşlarının 1870-1920-ci illərdə Bakıda göstərdikləri biznes fəaliyyətlərindən əldə etdikləri gəlir təşkil edir).

Hörmətli cənab Yaqland, ola bilərmi ki, Napoleon dövründə, I və II Dünya Müharibələri dövründə olduğu kimi, sizi və bizi, yəni Avropanı bütün yaxın qonşuları ilə qarşı-qarşıya qoymaqla, bundan yenə də, hansısa dividentlər götürməyi planlaşdıran kənar qüvvələr mövcud olmuş olsun? Ələlxüsus da, İŞİD kimi ipə-sapa yatmayan və nəyə görəsə öhdəsindən heç kimin “gələ bilmədiyi” möcüzəli fövqəlqüvvənin addım-addım Avropa sərhədlərinə yaxınlaşdığı bir dövrdə!?! Yəni, ola bilərmi ki, İŞİD-i yaradanların OPEK-dən sonrakı növbəti hədəfi, fövqəlgüclü İran və ya Rusiya yox, təhlükəsizliyi, onsuz da İŞİD-lə “bacarmayan” NATO-dan asılı vəziyyətdə olan Avropa olmuş olsun? Axı biz Sizinlə əl-ələ verib, nə qədər ki gec deyil, dünyanın daha qlobal problemləri ilə məşğul ola bilərik?!”.

“Təkzib edin!”

Vəkil Baş katibə məktubunu belə bitirir: “Sadaladığım bütün bu faktları, eləcə də, mərhum fotoreportyor Rasim Əliyevin ölümü ilə bağlı Sizin yüksək tribunadan bütün dünyaya səsləndirdiyiniz bəyanatdakı ciddi səhvlərin mənim müştərim olan Cavid Hüseynovun hüquqi vəziyyətini əhəmiyyətli dərəcədə ağırlaşdırdığını və istintaqa psixoloji təzyiq göstərdiyini nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Avropa Şurasının saytında birbaşa həmin bəyanatla eyni səhifədə bəyanatınızdakı səhvləri etiraf edən təkzib dərc olunsun. Əks halda, Sizin həmin bəyanatınızın, Rusiyaya qarşı (və ümumiyyətlə heç vaxt heç kimə qarşı) sanksiyalara qoşulmayıb, öz neytralitetini qoruduğuna görə Azərbaycana qarşı Avropanın başladığı informasiya müharibəsinin elementi olmasına bundan sonra, səfirliklərinə bu bəyənatın rus və ingilis dilində olan versiyasını ünvanladığım ölkələrdə də artıq heç kimin şübhəsi qalmayacaq”.

Bizimyol.info