Oğlan övladı istəyənlər mütləq oxusun!

oglan-ovladi-isteyenler-mutleq-oxusun
Oxunma sayı: 37481

Nərmin Dadaşova

Niyə açdın xəbəri, oxucu dost? Çoxmu maraqlı gəldi sənə oğlan övladına necə sahib olmaq olar mövzusu?

Uzaqdan uzağa tanıdığım çoxuşaqlı bir ailə var. Tanrı onlara arzuladıqları hər şeyi vermişdi - evi, pulu, maşını, üç qız övladını. Ancaq yenə də əskik olan bir şey var idi. Aha, doğru düşündüz - oğlan uşağı! Bu gözəl qadın oğul anası ola bilmək üçün nə az, nə çox, düz 6 qız qatili oldu. Cinsiyyəti öyrənə bilmək üçün 12 həftə hamiləliyini davam etdirir, UZİ otağından da birbaşa abort otağına gedirdi. Və nəhayət, Allahın yaxasından düşməyən, dediyim-dedikdir inadlı qadın o müdhiş arzusuna çatır. Dünyaya oğlan uşağı gətirir. Ancaq uşaq “hermofrodit” diaqnozu ilə doğulur. Bu da olur, uca yaradanın ilahi ədaləti. 

Di gəl, əvvəl-əvvəl ailə bu durumdan bir o qədər də narahat olmur. Çünki uşağını əmiyə, bibiyə göstərib, söyüş söyə biləcəyi orqanının olması hər şeyi onlara unutdurur. Ta ki, hər şeyin fərqinə varıb, əl boyda uşaqdan zorla kişi düzəltmək üçün onu dəfələrlə bıçaq altına atmalarına qədər...

Yenə gündəmimizi ana ölümü xəbəri silkələyib. İki gün əvvəl Bakıda gənc, gözəl bir qadın növbəti, altıncı uşağını dünyaya gətirərək “intihar” edib. Doğuş zamanı ana-uşaq ölümü, ümumiyyətlə xəstəxanaya sağ girib ölü çıxmaq əslində bizim üçün çoxdan xəbər olmaqdan çıxıb. Ancaq bu dəfə günahkar olan tərəf həkimlər deyil. 34 yaşlı Şamaxı rayon sakini səkkizinci hamiləliyini ölümlə tamamlayıb. Bundan əvvəl iki qızdan sonra dünyaya gətirdiyi üç oğlunu qan rezuslarındakı uyğunsuzluq səbəbindən itirən ana, streotipləri qıra bilməyib, beş doğuşdan sonra üç qız hamiləliyini yarım qoyub, həkimlərin qadağasına rəğmən növbəti oğlan uşağını dünyaya gətirib. Bu dəfə uşaq sağ qalıb, ancaq özü ömrünün ən gözəl yaşında dünyasını dəyişib. Hə, oxucu dost, daha bir qadın, cəhalətin, seksizmin,  qohum-qonşu, ər zorakılığının qurbanı olub.

Əziz qadınlar, biz həmişə özümüzü qurban verən tərəf olmuşuq. Ən ağır yüklərin altına çiynimizi verib, ən ağır sözlərin, ən ağır ittihamların altında əzilmişik. Mən bilirəm, gözəl qadın, sən heç vaxt qız olduğu üçün bətnindəki körpəyə qıyacaq qədər cəllad ola bilməzsən. Ancaq bunu səndən istəyən cəllada uyacaq qədər axmaq ola bilirsən. Ailə planlaşdırılmasında, uşaq dünyaya gətirib-gətirməmək kimi intim, şəxsi məsələlərdə qayınanandan daha az iştirak edə biləcək qədər qorxaq, “oğlan doğub” daha çox seviləcəyini düşünə biləcək qədər sadəlövhsən.  

Dünyasını dəyişən Kəmalənin qohumları ölümdə həkimləri günahlandırır. İndi qadınlar üzr evində yığışıb “Yetimlərini kimə qoyub getdin?..” ağısı deyirlər onun üçün. İndi hamı ortalıqda qalmış üç körpəni ağlayır. Kəmalə öz missiyasını tamamladı çünki. Həyatı bahasına da olsa, soyadlarının davamçısını dünyaya gətirə bildi. 

Səhər “Qafqazinfo”nun video müsahibə bölməsində bir neçə ay əvvəl intihar edən  Susannanın evindən çəkilən reportaja baxırdım. Onların evində hər şey öz axarında gedirdi. Uşaqlar oynayır, gülür, şairə qayınana isə çəhrayı allığını yanağına sürüb gəlinin necə xoşbəxt, rifah içində yaşadığından danışır, onu ölüm həddinə çatdırmaqda ittiham olunan oğlunun şəninə təriflər yağdırırdı.

Hə, əzizmənlər, qarşınızda iki fakt var, fiziki və mənəvi terrorun qurbanı olmuş iki qadın. Bir-iki ilə unudulacaqlar, uşaqları böyüyəcək, ərləri evlənəcək... 

“Yox!” deməyi bacarmaq qədər böyük xoşbəxtlik tanımıram, gözəl qadın. Sən inkvizator deyilsən, uşağın cinsiyyətinin nə olmasında da zərrə qədər rolun yoxdur. Əgər oğlunuz olmursa, edə biləcəyin bir şey yoxdur yəni, canına qıyma.

Qurban olmağa, yox de!