“Oğlum hamı üçün təhlükədir” - Valideynləri şikayətçi oldu

oglum-hami-ucun-tehlukedir
Oxunma sayı: 3201

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Natiq Piriyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Piriyev 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Zərərçəkmiş kimi tanınan, N.Piriyevin anası Kəmalə Piriyeva və atası Qulu Piriyev övladlarından şikayətçi olduqlarını deyiblər. 

K.Quliyeva bildirib ki, oğlu Natiq narkomandır və nə hərəkət etdiyini bilmir: "Oğlum hamı üçün təhlükədir, dəfələrlə onu müalicəyə göndərmişik. Bir valideyn kimi əlimizdən gələn hər şeyi etdik. Amma olmadı, oğlum bir cinayətkara çevrildi. Həm bizə, həm də ətrafdakılara zərər verdi. Mən sizi əmin edirəm ki, bu nə ailə münaqişəsi, nə də mülki məsələdir. Artıq bacara bilmirik". 

N.Piriyev əvvəllər də narkotik satışı və silah saxlamağa görə məhkum olunub. O, dəfələrlə özünə də xəsarət yetirib, cəzaçəkmə müəssisəsində olarkən boynunu kəsib.

N.Piriyev indi isə valideynlərini döyərək evi satıb pulu ona vermələrini tələb etməkdə ittiham edilir. Onları öldürəcəyi ilə hədələyib.

Murad Əhməd