“Oğlumun bu işə aidiyyatı yoxdur”

oglumun-bu-ise-aidiyyati-yoxdur-
Oxunma sayı: 645

Ticarətçilər iddia edirlər ki, onları metropoliten rəhbərliyi aldadıb. Ona görə də sahibkarlar noyabrın 13-də etiraz aksiyası keçirdilər. Metronun “İçərişəhər” stansiyası yaxınlığına toplaşan 50-dən çox şikayətçi Prezident Administrasiyasına (PA) yürüş etdilər. Onlar tələb etdilər ki, obyektləri qaytarılsın.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə iddialarla razılaşmır. O, “Yeni Müsavat”a açıqlamasında köşklərin 20 min manatdan satılmasını cəfəngiyat adlandırdı: “Metro keçidlərində olan köşklər yalnız metropoliten işçilərinə verilir. Bu da onların vəziyyətini yaxşılaşdırmaq üçün atılan addımdır. Ona görə də köşklərin ayrı adamlara satılması barədə deyilənlər yalandır. Metro işçisi heç vaxt 20 min manata obyekti kiməsə satmaz, sata bilməz. Gəlsinlər baxsınlar, bütün köşklər Metropoliten işçilərinin adınadır. Bu məsələni bilərəkdən şişirdirlər. Biz qanunsuz heç bir iş görmürük”.
T.Əhmədovun sözlərinə görə, məhkəmədə hakim işləyən oğlunun bu məsələdə adının hallandırılması düzgün deyil: “Oğlumun bu işə aidiyyatı yoxdur. Sadəcə orada əvvəl işləyən ticarətçilərə bu yerlərin metro işçilərinə verilməsi ağır gəlir. Ancaq mən bu məsələni ölkə rəhbərliyi ilə də danışmışam və metro işçilərindən başqa heç kimə köşk düşmür. Bu mövzuda geniş söhbət etməyə də hazıram”.