Oğlunun etirafından sonra baş nazir istefanın astanasında - “Atam məni qaçırtdı”

oglunun-etirafindan-sonra-bas-nazir-istefanin-astanasinda
Oxunma sayı: 2514

Çexiya baş naziri, “Narazı vətəndaşların nümayişi” siyasi hərəkatının lideri Andrey Babiş öz postunu könüllü olaraq tərk etməyəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə baş nazir özü jurnalistlərə açıqlamasında deyib:

“Mən heç vaxt geri çəkilməyəcəyəm, heç bir zaman”. 

O, dəstəyinə görə ölkə prezidenti Miloş Zemana minnətdarlığını bildirib. 

Qeyd edək ki, artıq bir neçə gündür ki, Çexiyada Nazirlər Kabinetinin rəhbəri ətrafında qalmaqal və etiraz aksiyaları davam edir. Buna səbəb “Seznam” nəşrinin hazırladığı reportaj olub. Nəşr bildirib ki, Babiş ilk nikahından olan 35 yaşlı oğlunun dindirilməsi üçün polisə mane olub. 

Oğul Babiş atasına aid, fırıldaq yolu ilə Avropa İttifaqı fondlarından 2 milyon avro dotasiya alan “Leylək yuvası” şirkətinin qurama sahibidir. O, reportajda bildirib ki, atasının sahib olduğu şirkətin əməkdaşlarından biri tərəfindən zorla Çexiyadan Krıma qaçırılıb. Bununla da, korrupsiya fəaliyyəti ilə bağlı aparılan istintaqa mane olmaq üçün atası onu gizlətməyə çalışıb. 

Məsələni şərh edən baş nazir oğlunun şizofreniyadan əziyyət çəkdiyini və Krıma da öz istəyi ilə getdiyini deyib.