Oğrulara pərəstiş

ogrulara-perestis
Oxunma sayı: 2880

Qan Turalı 

Biz filmlərə niyə baxırıq?
Kitabları niyə oxuyuruq?
Sadəcə, vaxt keçirmək üçünmü?
Söz yox, bu da var amma məncə ən vacib səbəb hadisələrə yeni bir münasibət, yeni bir baxış tərzi qazanmaq olmalıdır. 

İspaniya istehsalı olan “La casa de papel” (Kağız evi) serialı da əslində hamını oğurluq mövzusuna yenidən baxmağa dəvət edir. 
Dəvət etmir, bəlkə də məcbur edir. 
Biz Koroğlu əfsanəsi ilə böyümüşük, ingilislərin Robin Qudu var.
Onlar varlıdan alıb kasıba verən xalq qəhrəmanlarıdır.
“La casa de papel” də müasir dövrün Koroğlui personajını yaradır. 
“Biz soyğun edəcəyik, amma heç kimin pulunu oğurlamayacağıq” deyirlər.
Soyğunçular əvvəlcə İspaniya Kral Dərbxanasını, euroların çap etdiyi yeri soyurlar. 
Girovlar götürürlər, polis binanı mühasirəyə alır.
İstəsəydilər bir neçə milyon euronu  götürüb qaçardılar.
Amma onlar radikal bir plan qurublar: Mühasirə günlərində tam sürətlə pul çap edəcək və milyardlarla euronu götürüb gizli tuneldən qaçacaqlar. 
Serial kəskin süjetli olsa da qaçdı-qovdudan ibarət deyil.
Gizlilik üçün hər birini şəhər adları ilə adlandırıblar.
Tokio, Nayrobi, Moskva, Berlin, Denver, Rio, Helsinki, Oslo...
Və soyğunun beyni Professor...
Əsas fikri isə soyğunun sonunda professor özü açıqlayır: “Avropa Birliyi heç bir qızıl qarşılığı olmadan milyardlarla euro pul çap edir və bu pulu banklara göndərir”. 
Bir çox tənqidçilər soyğunçuların geyindiyi qırmızı fəhlə kombinzonları və taxdıqları Salvador Dali maskaları ilə kommunizmə göndərmə etdiklərini yazır.
Çox güman ki, elədir, lakin bu incə işarələr filmin əsas məzmununu zəiflətmir.
La casa de papel ideoloji bir film ola bilər, lakin onun bəşəri mesajını heç bir vasitə ilə gözardı etmək olmaz.
İzləməyənlər olduğuna görə süjet haqda danışmaq istəmirəm.
Mühasirə günlərində İspaniya xalqının soyğunçular tərəfinə keçdiyini də vurğulamaq istəyirəm.
Soyğunçular dövləti soyurlar.
Bu haqqı özlərində görürlər.
Və modern dünyanın yeni Koroğlu və ya Robin Qud əfsanəsi Dərbxana soyğunçularının timsalında doğulur.  
Bəli, onların mövqeləri mübahisələndirilməlidir.
Amma bu çox parlaq bir mübahisədir. 
Oğrudan oğruya halaldırmı?
Sual budur!