Oğul “kişi” doğulmazsa...

ogul-kisi-dogulmazsa
Oxunma sayı: 671

Sözümün canı, təəssüf ki, bu zamanda kişi cinsindən olub “kişi” xüsusiyyətinə malik insanımız azalıb. Maraqlıdır ki, indi mərd qadınlara belə “kişi” sözünü işlətmək adiləşib. Niyə bu söhbəti açdım, indi açıqlayacağam. Bu gün boşanmaların adi hala çevrilməsi belə xüsusi dəb kimi qarşılanır. İnsanların yolunu qısa müddətdən sonra ayırmasına “özü bilər” fikrini bildirirlər. Və boşanma səbəblərini araşdıranda məlum olur ki, qadın tərəfi qarşı tərəfdə “kişi” xüsusiyyətlərini tapa bilmir. Bunu qeyd etməklə demək istəməzdim ki, bütün boşanmalarda kişi çinsindən olanlar təqsirkardır. Amma çox xoşagəlməz vəziyyəti ailəni saxlayan, yolaverən kişilərin həmin o dediyim xarakterində olan boşluqlar yaradır. Ən pisi də odur ki, kişi cinsindən olan kəs boşandıqdan sonra keçmiş qadını, həyat yoldaşı və nəhayət övladlarının anası haqqında nalayiq sözlər işlətsin. Bax bu həqiqətən kişilikdən deyil. Sizinlə eşitdiyim maraqlı, həm də xoş olmayan əhvalatı paylaşardım.

Bir nəfər bir neçə aymış ki, həyat yoldaşıyla boşanıbmış. Klassik səbəb də şiddətli keçimsizlik olub. Bu xarici ölkələrdəki “hörmətli” boşanmadan deyilmiş. Yəni, bizdə boşanan tərəflər çox vaxt son sözlərini, son təhqirlərini deməkdən çəkinmirlər. Hətta deyərdim ki, zövq alırlar. Yenicə boşanmış şəxs qısa müddətdə yeni eşqə düşür, evlənmək istəyir. Təbii ki, indi yeni sevgilisini inandırmalı, özünün “kişi” xüsusiyyətlərini göstərməlidir. Amma qızın ailəsi tərəfindən ona sual olunur ki, sənin boşanma səbəbin nə olub. Həmin o kişi cinsindən olan kəs keçmiş qadınıyla yola getməməyin səbəblərini xırdalamaqdansa, belə bir çirkin böhtana əl atıb. Övladlarının anasının onu başqasıyla aldatdığını, bir sözlə əxlaqsız olduğunu deyib. Allahdan və şər atmaqdan qorxmayan bu kişi cinsindən olan kəs dediyinin nə olduğunun belə fərqinə varmayıb. Onun üçün əsas insanları tezbazar özünün “kişi” olmasına inandırmaq olub, vəssalam. Təsadüfən açılan söhbətdən sonra, o eks-həyat yoldaşından üzr istəmək kimi alçaqlığa da gedib. Bəs övladlar belə “ata”ya bundan sonra necə “ata” desinlər? Bəs bu övlada necə oğul və ya “kişi” deyək?

Mənə ən ağır gələn odur ki, hələ də bəzi insanlar “mütləq bir oğlum olsun” kimi arzularından əl çəkmirlər. Oğul istəməyin təbii haqq olduğuna qarşı deyiləm, amma bu haqqdan çox insanın şəxsi maraqlarıdır. Bu məsələ təəssüf doğurur. Hələ də kişilər qadınlarını (oğul dünyaya gətirmək üçün) dəfələrlə abort otaqlarına bətndəki qızdan xilas olmağa təşviq edirlər. Oğul dünyaya gətirmək hələ kişi yaratmaq deyil. Vay o gündən ki, gözününü dikdiyiniz oğul sizə “kişilik” qazandırmasın. Bir də oğul sonradan yox, elə doğulanda artıq kişi doğulur. Sonranın “kişi” olması kimi məsələyə heç inanmıram. Necə ki, bu gün adına “iş” yaraşdırmayan kişi cinsindən olanlar ata, ana cibinə baxır, yeri gələndə diluzunluq da edirlər. Belə ata, ana olmaqdansa, vaxtında “doğulmayan qızınız”dan vaz keçməyin, axı o da insandır.

Süpürgəçi qadın tanıyıram oğlu tərəfindən döyülür. O isə susur. Pul verməyəndə qadın ağlı başında olan amma “kişi” olmayan övladının qapazaltısına çevrilir. Qınamaqdan çox acı vəziyyətdir. Belə ana necə oğlu olması ilə fəxr etsin? Günahkar axtarmaq zamanı isə çoxdan keçib.