Oğurladığımız atalar...

ogurladigimiz-atalar
Oxunma sayı: 3564

Raminə Eyvazqızı

Ən pisi unudulmaqdır. Yavaş-yavaş aprel döyüşlərindəki şəhidlərin təkcə şəkillərindəki simalarını deyil, həm də ailələrinə, ocaqlarına gedən yolu da unuduruq. Şəhidin nə təzəsi, nə köhnəsi, nə qocası, nə cavanı olmur. Çox istədik, onlar sonuncu olsunlar. Olmadılar və bizim “şəhid verdik” xəbərimizin də davamı əlbət ki, gələcək. Gələcəyə buraxmayacağımız qisası hələlik dondurmuşuq. Təkcə donan bu deyil. Vicdanı donmuş insanların ara-sıra əməlləri ilə biz də buz heykələ dönürük. Xaçmazda şəhidin qəbrinin baxımsız halda olması, ardınca Zərdabda şəhid qəbri üzərindən bayrağın götürülməsi, şəhid ailəsinə bank kreditinə görə verilən gərginlik, ötən gün yayılan böyük rüsvay-şəhid ailəsini müavinət sənədi üstündə get-gələ salınması....

Ən ağrılı gələn odur ki, şəhid Raqufun özündən sonra baxımsız olan ailəsini qınayanlar da oldu. “Ağlı olardı şəhid düşməzdi”... Bu kəlmə onlarla hərbçi və onların ailəsi üçün qayadan da ağır zərbədi. Oğlu olmayanlar bu “məsləhəti” daha ürəkdən deyə bilirlər. Vaxtiylə oğul doğsun deyə arvadını həkimlərdə süründürən, amma indi qız atası olduğu üçün şükür edənlərin də içərisi azca “cız” edir. Gedən can onlardan deyil, qeyrisindəndi.
Şəhid düşənlərin ailəsinə təsəlli vermək kimi rahat heç nə ola bilməz. Yekə kişilərin şəhid qəbri üstündə bayrağımızı ölənin övladının döşünə sıxması da bir gözəsoxma səhnəsi idi. Bu gün rüsvay xəbərləri bunu ehtiva edir. Amma çoxumuz yalandan ağlamamışdıq axı. İndi şəhid ailəsini tanımayan o “kişilər”in utancını yenə bizlər çəkməliyikmi? Bu kəslər niyə daş-qalaq edilmir ki, başqaları da dərs götürsün. Ötən gün hər kəs Raqufun xanımının şəklini paylaşıb, müraciətini yayanda xəcalətdən bir yerə girmədik. Sosial şəbəkənin bir tayında erməni dığalarını yerinə oturdarmı, yoxsa bizim qansızların utancını bölüşəkmi? Səriştəsizlər, görəsən qanırsız ki, siz Raquf kimi qəhrəmanları ailəsindən oğurlamısız. Bu oğurluqda şərikik. Ona görə ki, Raquf uzun illərin hərbçisi idi.

Hərbçi həyatının nə qədər ağır olduğunu əlinə bir dəfə avtomat götürən deyə bilməz. İllər idi, Raqufin xanımından həyat yoldaşını, uşaqlarından atalarını oğurlamışdıq. Bunun fərqindəyikmi? Vətən üçün, 23 il hərbçi çəkməsi geyinmək, evə dəyib, tələsik xidmətə qayıtmaq hər kişinin işi deyil. Şəhid Raquf uşaqlarının böyüməsini addım-addım izləyə bilməyəndə, evindən, ailəsindən ayrı düşəndə əhd etməmişdi ki, biz onu bu dünyada olmayanda da sevək. Onun nəhəngliyini bilirik, amma bu gün ruhunu sakitləşdirə bilmirik. Erməni gülləsi də Raqufun cismini oğurladı bizdən. Bizim “oğurluğumuz” yanında az deyil. Bu “oğurluq” davam edir. Şəhidin həyat yoldaşı Sevinc xanıma 4 ayda göstərilən etinasızlıq, “diqqət oğurluğu”... Uşaqlarının bir gözündə ata həsrəti, o biri gözündə nifrətli baxışlar yaranıb. Bu səriştəsizlərin əsəridir.

Polkovnik-leytenant Raqufun Vətən üçün can yandırması bir yalnış idimi? Uşaqlarını, ailəsini Vətənə dəyişməsi nöqsanımı idi? Ona edilən layiqsiz davranış xidmətdə olan vicdanlı hərbçilərin, ailəsindən, uşaqlarından oğurladığımız ailə başçılarının ürəyinə xal salmayacaqmı? Bundan sonra bu eldə şəhid olmaq üçün Vətən axtaran oğullar böyüyəcəkmi? Yoxsa Raquf kimi qəhrəmanların övladları qəzəbini atasını udan torpağamı tökəcək? Şəhid olmaq qəbahətdirmi, yoxsa qəhrəmanlıq? Vicdansızlığı qəhrəmanlıq bilənlər, susmayın!