“Ola bilər ki, o an Zeynəb xanıma nəsə qəribə hal gəldi” - Fotolar +Video

ola-biler-ki-o-an-zeyneb-xanima-nese-qeribe-hal-geldi
Oxunma sayı: 17687

Xalq artisti Afaq Bəşirqızının prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı söylədiyi fikirlər istər sosial şəbəkələrdə, istərsə də KİV-lərdə gündəmi zəbt edib. 

“Qafqazinfo” sözügedən çıxış və bu mövzü ətrafındakı müzakirələrlə bağlı Xalq artisti ilə görüşərək söhbətləşib:

- Afaq xanım, siz fasiləsiz çalışan bir aktrisasız. Teatrda tamaşalarınız, çəkildiyiniz filmlər və seriallar var. Amma son günlər prezidentlə məlum görüşdəki çıxışınız, “Xocalı laylası” layihəniz daha çox müzakirə olundu, təqdiralayiq hesab edildi. Siz necə düşünürsüz? Aktrisa sırf öz peşəsi ilə məşğul olmalıdır, yoxsa ictimai əhəmiyyətli işlər də vacibdir?

- Həmin o başını aşağı salıb işini görən incəsənət xadimi Xalq artisti fəxri adını istəyir axı. Düzdür, ada layiq görülməsini sənətinə görə istəyir. Amma bir titulun üstündə “xalq” varsa, deməli, xalqı fikirləşməli, düşünməlisən. Ən azından vətəndaşsan, şəxsiyyət vəsiqəsində bu ölkənin vətəndaşı olduğun qeyd edilir. Bəs Azərbaycanın lazım olan məqamında səsini çıxarmırsansa, kim səsini çıxarmalıdır? Məndən keçdi, dostuma dəydi? Bu qədər eqoistlik nəyə lazımdır?!

Düz deyirsiz, mən hər zaman sənətimlə öndə olmaq istəmişəm. Amma indi elə bir məqam gəlib çatdı ki, öz borcumu yerinə yetirdim. 

- Dövlət başçısı ilə görüşünüzdəki çıxış planlaşdırılmışdımı? Problemləri söyləmək barədə qabaqcadan qərar vermişdiz?

- Xeyr, əvvəldən hazırlanmış çıxış deyildi. Ümumiyyətlə, mənə heç söz də verilməmişdi. Həyəcanımı yəqin ki, hiss etmişdiz. Açıq danışaq, çox dəvətlərə gedə bilmirəm. Geniş auditoriyaya çıxmağı çox sevmirəm. Mən görüş anında prezidentimə sözlərimi birnəfəsə çatdırmaq istədim. Açığı, fikirləşmişdim ki, teatrın problemini imkan olsa səsləndirim. Amma bizə dedilər ki, yox, çıxışa icazə verilmir. Mən də bu barədə fikirləşmədim.  

Bilirsiz ən dəhşətlisi nədir? Biz heç kəsə dərdimizi danışa bilmirik. Aktyor, sənətkar elə bir zirvədə olmalıdır ki, desinlər, İlahi, nə vaxt ona əlimiz çatacaq? Amma aktyorun içindəki dərdini, evsizliyini, işsizliyini, pulsuzluğunu, imkansızlığını görəndə adiləşir. Bir misal çəkim. Hüseyn Ərəblinskinin evi yox idi, amma barmağına böyük bir üzük taxırdı. Yəni əsl aktyor həyatın gözündən pərdə asmağı bacarmalıdır. Çünki sən həmişə toxunulmaz, əlçatmaz kimi qalmalısan. Zirvə fəthi insanın sonu, sənətkarın son nöqtəsinin qoyulması deməkdir. Ona görə heç bir sənətkar ölümündən qabaq zirvəyə çatmayıb. 

- Sosial şəbəkələrdə müzakirə olundu ki, niyə Rasim Balayev, Flora Kərimova kimi insanlar sözügedən görüşə dəvət olunmayıb. 

- Cənab prezident dedi ki, bu görüşlərin sayı artacaq, belə görüşlər yenə olacaq. 

- Çıxışınızdan sonra hər kəs sizi müzakirə edir, sosial şəbəkədə sizin barədə postlar paylaşırlar. Şərhləri oxuyursuzmu?

- Mənim səmimiyyətimə inanın, şərhləri oxumuram. Mənim canım (red- jurnalist Türkan Məmmədli) bu barədə mənə məlumat verir. Özümə borc bildim ki, sosial şəbəkədə onların fikirlərinə cavab yazım. Yenə deyirəm, əgər mənim imkanım olsa, bir çox problemi cənab prezident və Mehriban xanıma çatdıraram. Bu, mənim vətəndaşlıq borcumdur. Bilirsiz, mən həmişə demişəm ki, bir güllə bahar olmaz. Bir Afaq Bəşirqızı ilə teatr olmaz. Biz özümüzdən sonrakıları yetişdirməliyik, orta nəslə qayğı göstərməliyik. Söhbəti yox, özümü bu həyatda halal, xeyirli işlərə borclu bilmirəm. Çünki əlimdən gələni edirəm. Amma bunun heç kimə dəxli yoxdur. Bundan sonra imkan düşsə, yenə edəcəm. 

- Görüşdən sonra sizə hansı müraciətlər olundu? İstər vətəndaşlar, istərsə də, hökumət səviyyədə...

- O çıxışıma cənab prezident laqeyd qalmadı, hər şeyi qeyd etmişdi. Artıq gələn sədalardan bilirəm ki, həyata keçən qanunlar var. Artıq aktyorların ev məsələləri də işlənilir. Mən görüşdə bir ifadə işlətdim: “Cənab prezident, sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı inqilab etməliyik”. Hamı hər şeyi çox gözəl bilir. Məmuru stola oturdanda demirlər ki, bura sənin ata evindir! İstəyirsənsə sök, dağıt, istəyirsənsə ye, üstündən də su iç! O, bizim qayğımızı çəkməlidir. Bizim deyəndə özümü nəzərdə tutmuram. Mənim qayğımı onların çəkməyinə şükür ki, ehtiyac olmadı. Axı sənə inanıb bu sahəyə qoyublar, sən nə edirsən? Sən hansı bir aktyora kömək etmisən? Sənə elə sahə verilib ki, aktyorlara o pulla heç olmaya 5 mərtəbəli ev tikə bilərsən. Axı səndən əvvəlkilər bunları edib.  Onların qoyduqları mirası dağıdırsan, öz eyş-işrətinə xərcləyirsən. Nə deməkdir bu?!

Məni hamı çox istəyir, heç kəsin düşmənliyi yoxdur. İntriqa alovundan, sarı bulvar qəzetlərindən, axmaq verilişlərdən uzağam. Amma vicdanım var, ana, qadın və ailə başçısıyam. Mən başqasının haqqının üstündə oturub kef edə bilmərəm. Başqasına edilən haqsızlığa da göz yuma bilmərəm. Ən azından biz müsəlmanıq, gündə 24 dəfə Allah deyirik. Biz necə insanıq?  Biz necə qorxmamalıyıq? Özündən qabaq qarnı gələnlərə nə qədər güzəştə gedək? Bu qədər haqq tapdalanır.  

Mən hələ orada demədim ki, Uşaq Kukla Teatrı nə vəziyyətdədir. Bəlkə də əvvəldən hazırlaşsaydım, beynimi təkmilləşdirsəydim, çox söz döyəcəkdim. Uşaq teatrımız pis vəziyyətdədir. YUĞ teatrı Kukla Teatrının binasına yerləşdirildi. İndi sizə bir söz deyim, YUĞ Vaqif İbrahimoğlunun teatrı idi. O teatrı “YUĞ”layırdı. Vaqifdən sonra teatrı saxlamaq çox çətin idi. Vaqif İbrahimoğlu teatrı köhnə hamamın binasında yaratmışdı. Ora da söküldü, bu barədə fikirləşmək də çətin idi. 

Sumqayıt Dövlət Dram teatrının binası var, amma teatr ondan istifadə edə bilmir. Təsəvvür edin, onlara icazə vermirlər. İcra Hakimiyyətinin bitməz-tükənməz tədbirləri teatra bir dənə plan qurmağa imkan vermir. Bir aktyorun səlahiyyəti yoxdur ki, hansısa qapını əllə açsın. Bu nə deməkdir, canım? Bunların hamısını cənab prezident bilməlidir, mən də əmin olmalıyam ki, prezident bunu bildi. Hər şeyi onun da boynuna qoymaq mümkün deyil. Mən yenə sizə deyirəm, biz müharibə şəraitində yaşayan bir ölkəyik. Ondan əlavə də, siyasi müharibələrdən danışmıram. Bunu xalqın bütün nümayəndələri bilmir. Tələb edəndə şəraiti nəzərə almaq lazımdır. Bütün bunların hamısını ziyalılar başa salmalıdırlar, susmamalıdırlar. Şəxsi ambisiyaları kənara qoyaq. Bəsdir, mənə, oğluma, nəvəmə kimi istəmələri qurtarın. A kişi, nə olub? Bir az dayanın! Sabah bunların heç biri olmaya bilər. Çünki sənin vətənin olmayandan sonra sən də, arzuların da yoxdur. Heç kəsə də lazım deyilsən. Yavan aşının üstündə arıq toyuğu qəbul etmirsənsə, xarici yağlı plovun qazmağı olmaq istəyirsən? Sən heç kimə lazım deyilsən!  Deməli sözlər çoxdur, oğlum! Sabah sizin yanınızda utanmayaq. Mən bir rəhmətliklə bu dünyadan getmək istəyirəm. Rəhmətlik olmaq ən böyük mükafatdır. 

- Siz qabartdığınız problemlə bağlı daha əvvəl prezident və yaxud hər hansı quruma müraciət etmişdinizmi? 

- Xeyr, müraciət etməmişəm. Məndə o səlahiyyət yoxdur ki, müraciət edim. O qədər elə müraciətlər yollarda boğulub ki... Ünvanları da səhv salınıb. 

- Sizinlə bərabər Zeynəb Xanlarovanın da çıxışı müzakirə edilir. Buna münasibətiniz necədir?

- Zeynəb xanım bizim incəsənətimizin incisi, musiqi sənətimizin ağbirçəyi, öz sözünü demiş insandır. Ola bilər ki, o anda nəsə qəribə bir hal gəldi. Vətənimizin gözəlləşməyi, tikilən otellər xoşuna gəlib. İnsandır, o da öz fikrini bildirdi. Dedi ki, bu gözəlliklərdən danışaq, amma danışan olmadı. 

Mənim xalqım böyük-kiçik yeri biləndir. Gənclərimin tərbiyəsinə, qızlarımın həyasına, ağsaqqallarımın məsləhətinə, ağbirçəyimin vəsiyyətlərinə qurban olum.  Amma çox xahiş edirəm, şərhləri yazarkən bir az sayğılı olun. İfadəmə görə üzr istəyirəm. Bilin ki, siz adi bir küçə xuliqanından danışmırsız. Siz sənətkardan danışırsız. Səhvsiz təkcə uca Tanrıdır. Bəlkə də o mənada demədi. Görüşdə kəsərli sözlər oldu, amma az idi. Mehriban Zəki kinostudiyanın təmirsiz olması barədə danışdı. Hər bir sahənin adamı öz peşəsinin qayğısına belə qalsa, problem olmaz. Qardaşım, əzizim, Şəmsinin oğlu, Fərhad Bədəlbəyli böyük bir problemə toxundu. Firəngiz xanım 92 yaşına qədəm qoymuş, evsiz-eşiksiz, Azərbaycan incəsənətində  böyük işlər görmüş, qonşu ölkədən bura pənah gətirmiş, əslən azərbaycanlı olan mədəniyyət nümayəndəsindən danışdı. 
  
- Görüşdən dərhal sonra Mədəniyyət Nazirliyinə kinematoqorofiyanın inkişafı ilə bağlı 5 milyon ayrılıb. Vaxtilə seriallarla bağlı da sərəncan imzalanmış, bu sahədə bir qədər dirçəliş baş vermişdi. Sizcə, bu vəsaitdən necə istifadə olunacaq?

- Hə, çox oldu. Hətta mən bir uşaq tanıyırdım, birdən-birə binanın bütün mərtəbəsini aldı. Vallah, rejissor idi. “İnfiniti” markalı maşın da aldı. Seriala buraxılan puldan yaxşı istifadə etdi, Allah canını sağ eləsin! Aktyorlara verilən qonorarlardan isə söhbət gedə bilməz. Dedi hələ sevinin ki, sizi seriala çəkirəm. Aktyora bu sözü deyirlər! Aktyora bu dəqiqə qorxu gəlirlər. Deyirlər ki, sən mənim sözümdən çıxdın? İndi səni mükafata göndərəcəm, dayan?! A, sən mənim sözümdən çıxdın? Atdandın 65 yaşa, səni təqaüd gözləyir. Aktyor da aldığı balalarının çörəkpulusundan qorxur. Böyük bəlalar var. 

Allah prezidentimizin canını sağ eləsin. Biz müharibə şəraitində olan bir ölkəyik. Hələ bu şəraitdə 5 milyon kinematoqrafiyanın inkişafına, 2 milyon yol tikintisinə ayrılırsa, yaxşı şeydir. Amma elə bir dərədəyik ki, hələ 5 milyon yara sağaltmaz. Həmişə gur sel gələndə özüylə çör-çöp gətirər. Bax biz indi bu çör-çöp zamandındayıq. Yaxşı rejissorlar var. Rejissorların yetişməsi, görəcəkləri işlərlə özlərini doğrultma zamanıdır. Molla aş istəyirdi, ya qazan, ya da düyü olmurdu. Olar da olanda arvad evdə olmurdu. Yaxşı rejissor olanda ssenari yaxşı olmur. Bu sənət qızıl kimi bir şeydir. Nə qədər cilalasan, bir o qədər parlayır. Uşaqların çoxu xaricə gedir, amma orada bizimkilərə ehtiyac yoxdur. İstedadlı uşaqlar var. 

Kinostudiyanın rəhbəri Müşviq çox çalışır, xaraba qalmış binanın az qala ki, divarlarını rəngləyir. O kinostudiya necə dağıdıldı? “Dəli kür” filmində Leyla Bədirbəylinin taxdığəı zinət əşyalarının hamısı brilliant idi. Oranın necə maşınları, mebelləri var idi. Bu yaxınlarda çəkilən filmdə at yəhərini tapa bilmədilər. Hardan itdi? Çürümüş döşəmədən, yoxsa sınıq pəncərədən bayıra çıxdı? 

Amma insan ümidlə yaşayır. Mənə elə gəlir ki, hər şey düzələcək. Yenə deyirəm, bu, sərəncamdan asılı deyil. O kişi sərəncamını imzalayır. Sərəncamı hara işlədənlərin cəzası olmalıdır. Mənim haqqım sənin nəslinin mirası deyil. Mən bütün sənət adamlarını nəzərdə tuturam, onların haqqını yeməyə heç kəsin ixtiyarı yoxdur. Biz bundan sonra buna imkan verməyəcəyik.

Elvin Elxan

Foto-Video: Nuran Məmmədov

Çəkilişdə göstərdikləri dəstəyə görə "Cizz-Bizz" restoranına təşəkkür edirik.

Ünvan: Kiçik Qala 141 Tel: 050-546-00-55; 012-505-50-01