ABŞ-dan müsəlmanlara açıq dəstək gəldi

<b>ABŞ-dan müsəlmanlara açıq dəstək gəldi</b>
Oxunma sayı: 101



ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonun Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğasından sonra yüksəliş dövrü yaşayan İslam mənşəli partiyalarla əməkdaşlığına toxunub. Klinton Vaşinqtonda Milli Demokratiya İnstitutunun təşkil etdiyi konfransda çıxışı zamanı “Ərəb baharı” kimi tanınan demokratik dəyişikliklərə açıq dəstək verdiklərini söyləyib.

ABŞ-ın bölgədə yaranan yeni siyasi görünüşə real düşüncə və “demokratiyaya verilən uzunmüddətli dəstək avtoritar rejimlərlə əməkdaşlığın gətirdiyi keçici uğurlardan daha yaxşıdır” prinsipi ilə yanaşacağını söyləyən Klinton diktatorların illər boyu öz xalqlarına zülm etdiyini vurğulayıb. Dövlət katibi radikallar qüvvələrin güclənməsini önləmək üçün avtoritar rejimlərə müəyyən dəstək verildiyini və ABŞ-ın da bir müddət bu prinsiplə hərəkət etdiyini bildirib.

Klinton deyib ki, ABŞ-ın maraqları zaman-zaman Yaxın Şərqdə demokratiyaya verdikləri dəstəklə uyğunluq təşkil etməyə bilər, amma yenə də demokratik azadlıqlar uzunmüddətli sabitliyin ən yaxşı təminatçısıdır.

Dövlət katibi Obama administrasiyasının “Ərəb baharı”na verdiyi dəstəyin dünyəvi rejimlərin islamçı qüvvələrin əlinə keçməsinə yol açdığı haqda tənqidlərə cavabında “Müsəlmanların demokratik rejimdə yaşaya bilməyəcəyi iddiaları yanlış, təhlükəli və səhvdir” deyib. O, dindar və dünyəvi partiyaların eyni şəkildə zorakılığa qarşı çıxmalı, qanunun aliliyinə riayət etməli, ifadə, din, sərbəst toplaşma və s azadlıqlara hörmət bəsləməli olduğunu da vurğulayıb.

“Ərəb baharı”nda ABŞ-ın roluna toxunan Klinton inqilabların Vaşinqtonla əlaqəli olmadığını bildirib: “Baş verənlər bizim tərəfimizdən təşkil olunmayıb”. Dövlət katibi ölkəsinin demokratiyanı qorumaq və inkişaf etdirmək məqsədilə Tunis, Misir və Liviya xalqı ilə əməkdaşlıq edəcəyini bildirib.
Suriyada baş verənlərə toxunan ABŞ dövlət katibinin sözlərinə görə, Bəşər Əsəd dəyişiklikləri təxirə sala bilər, ancaq xalqının qanuni tələblərini sonsuza qədər rədd edə bilməz. Klinton “gələcəyi silah gücü ilə dağıtmağa çalışan liderlərin” son günlərini yaşadığını söyləyib.


azadliq.info


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi