Ölən adama pəncərədən baxırdılar...

olen-adama-pencereden-baxirdilar
Oxunma sayı: 4226

Sezən Aksunu “yalnızlık simfoniyası” yıxdı,  məni “işsizlik simfoniyası”. Sezənlə nə əlaqə deyəcəksən indi. Demə, oxucu dost. Ümumiyyətlə, bu gün mənə heç nə demə, sadəcə dinlə. Elə dibsiz bir kədərin içində çabalayıram ki. Elə səliqə-səhmanla, elə yerli-yerində  darıxıram ki. Məsələn dünən gecə, yuxusuzluqla əlləş-vuruş olduğum, bilmirəm saatın neçəsində gözüm akvariumakı balıqlara sataşdı. Birdən mənə elə gəldi ki, bu böyüklükdə kainatda, bunca çoxluqda, qarmaşada ancaq biz oyağıq. Onlar suda vurnuxur, mən quruda. Dan yeri sökülənə qədər gözümü zillədim balaca qara balığa. Onun da yerinə darıxdım sabahadək. Nə qədər olar axı,  üzmək, o başa-bu başa... Hə, Sezəni deyirdim axı, necə oxuyur, “Acılar gözlerini dikmiş üstüme nöbette...”

Neçə gündür gündəmi izləməməyə çalışıram. İçimdəki şair demiş, “heç nə yaxşı olmayacaq” xofunun təsdiqini görməkdən qorxuram açığı. Qorxuram ki, bircə zorlama xəbəri, bircə intihar xəbəri, bircə döyülmüş uşaq, təhqir olunmuş qoca xəbəri, ya da mənim kimi haqsızlığa uğramış gənc xəbəri bəs etsin... stəkanı daşdıran sonuncu damla olmağa. Mən ki, bunu istəmirəm. 

Yenicə girdiyim evdar qadın “modu”nu səhər uşaqları bağçaya yollayar-yollamaz işə saldım. Stolun üstündə qalaqlanmış qızımın, balaca rəssamımın çəkdiyi vərəqləri səhmana salmağdan başlayacaqdım işə. Əlim-ayağım buz kəsildi birdən. Təzəcə çəkdirdiyim ürəyimin aritmiyalı kordiaqramma kağzının arxa üzünə qırmızı-qırmızı çiçəklər çizmişdi qızım. Bir də gülən qadın rəsmi... “Tanrım, aldım mesajını”, dedim.  Bir fincan dəmli çay süzüb kompüterimin düyməsini basdım.

Xəbər lentini geri itə-itə baxdım olub keçənlərə. Ən ağırı dünən “Yeni Med” adlı klinikanın qarşısında ürəktutmasından ölən orta yaşlı kişinin videosu idi. Qadını ağlayırdı başının üstündə.Kömək etməyə çalışan sıravi vətəndaşdan biri acıqlandı ona. “Sakit ol, nəbzi hələ vurur” dedi. Qadın zatən bilirdi, bilirdi ki, birazdan ürək pozacaq oyunların şərtini. Buraxacaq döyünməyin başını. Çünki, orada, bir addım o tərəfdə ölən adama pəncərədən baxırdılar həkimlər. Sonra baxdım ki, bizim keçmiş nazir Fazil Məmmədovu qaraciyərində yaranmış problemdən dolayı təcili Türkiyədəki xəstəxanalardan birinə yerləşdiriblər. Ölməsin deyə. Hacı Nuran da yaşamaq üçün üzünü tutub Almaniyaya tərəf. Düz ediblər. Çünki ölüm haqq  olmaqdan çıxıb artıq bu gözəlim məmləkətdə, şans məsələsinə çevrilib... Ölməmək üçün,  o “Yeni Med”ə girə bilmək üçün, Hacı Nuran olmaq şərtdir, arxadaş. Uzağa getməyin, baxın sosial media hesablarına. Hər beş paylaşımdan birində  “Yardım edin” çağırışı var, hesab nömrəsi var, adamın içini parçalayan, kömək gözləyənlərin fotoları var.  

Özünüzdən muğayət olun, dostlar. Ürəyə etibar yoxdur, cibinizdə pulunuz olsun...

 Tibbi sığortanın nə olduğunu bilən gələcək nəsil arzulayıram bizə...