Olimpiadadan sonrakı atəşkəs...

olimpiadadan-sonraki-ateskes
Oxunma sayı: 971


Birincisi, Azərbaycan və Ermənistan prezidentləri Soçi olimpiadası müddətində atəşkəsə riayət edəcəklərini vəd etdilər. Bu, ən vacib nəticə idi. Olimpiadanın başlamasına bir neçə gün qalmış atəşkəsin pozulması intensivliyinin azalması (gündəlik 200-250 pozuntudan 40-50 pozuntuya qədər enib) tərəflərin bu vədə sadiq qalacaqlarına işarədir. Bu qərar daha çox Moskvaya lazım idi. Vaxt azdır və həmsədrlər yaranmış 20 günlük fasilədən səmərəli istifadə etməlidirlər. Əks halda, olimpiada bitdikdən sonra atəşkəsin pozulmasının intensivliyi yenidən arta bilər. Bu baş verməsin deyə həmsədrlər atəşkəsin qorunacağı 20 gündə gələcək təmasların və danışıqların dinamikasını artırmaq üçün yeni təkliflər hazırlamalıdırlar.

İkincisi, həmsədrlərin bölgəyə səfərlərinin bir başqa məqsədi prezidentlərin bu ay üçün nəzərdə tutulan görüşlərini hazırlamaq idi. Ancaq həmsədlərin Bakı və Yerevanda keçirdikləri görüşlərdən bu qənaətə gəlmək olar ki, Azərbaycan və Ermənistan prezidentləri görüşməyə  tələsmirlər. Bu səbəbdən həmsədrlər görüşlə bağlı konkret tarix müəyyənləşdirə bilmədilər. Prezidentlərin görüşməməsi həm də ondan xəbər verir ki, masa üzərində danışıqları irəli aparmaq üçün məzmunlu təklif yoxdur.  

Tərəflər atəşkəsi qoruyacaqlarını vəd etsələr də, Bakı ilə Yerevan arasında informasiya  müharibəsi əvvəlki tempdə davam edir. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov danışıqlarda hər dəfə irəliləyiş olanda atəşkəsin pozulduğunu deyib. Bu fikir Azərbaycanda “Söhbət hansı irəliləyişdən gedir” sualının geniş müzakirəsinə səbəb olub. Əslində bugünədək danışıqlarda xeyli detal razılaşdırılıb. Problem ondadır ki, detalların razılaşdırılması ümumi razılaşmanın əldə olunması üçün yetərli deyil. Tərəflər arasındakı prinsipial fərqlərin ortadan qaldırılması istiqamətində irəliləyiş yoxdur. 

Əlbəttə, keçən ilin sonundan danışıqlar intensivləşib, prezidentlər, xarici işlər nazirləri görüşüblər. Ancaq əgər Elmar Məmmədyarovun dedi kimi, danışıqlarda irəliləyiş qeydə alınmışdısa, yanvar ayında atəşkəs niyə intensiv şəkildə pozulmalıydı? Əksinə, tərəflər atəşkəsə riayət etməli idilər. Demək, danışıqlarda əhəmiyyətli irəliləyişdən danışmaq doğru deyil. Cənab Məmmədyarov son görüşlərdə Paris görüşü çərçivəsində Yerevana konkret təkliflər göndərildiyini, indi cavab gözlədiyini də bildirib. Ancaq bu haqda nə həmsədlər, nə də Ermənistan rəsmiləri fikir bildiriblər. Görünür, Elmar Məmmədyarovun son açıqlamaları da iki dövlət arasındakı informasiya müharibəsinin tərkib hissəsi sayılmalıdır. 

İnformasiya müharibəsində Ermənistan rəsmiləri də geri qalmır və daha aqressiv siyasət aparırlar. Fevralın 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTM) baş katibi Nikolay Bordyuja növbəti dəfə Yerevana səfər edib. Bordyuja az qala hər ay Ermənistana səfər edir. O, heç KTM-nin digər üzvləri olan Qazaxıstan və ya Qırğızıstana bu qədər səfər etmir. Aydındır ki, bu səfər cəbhə bölgəsində atəşkəsin pozulmasıyla bağlıdır və bu səfərdə daha çox Yerevan maraqlı olub. Atəşkəsin intensiv pozulduğu günlərdə Bordyujanın Yerevana səfəri Bakıya mesajdır ki, genişmiqyaslı toqquşmaların başlayacağı halda Rusiya bütün gücü ilə Ermənistanı müdafiə edəcək. Elə keçən həftə Rusiyanın Ermənistandakı hərbi bazalarının yerləşdirilməsi məntəqələrinin sayının 21-ə çatdırılması qərarının rəsmiləşdirilməsi də bir növ Azərbaycana xəbərdarlıqdır. 

Ermənistanın müdafiə naziri Seyran Ohanyan da keçən həftə informasiya müharibəsində öz tövhəsini verib. O, birinci açıqlamasında deyib ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə KTM Ermənistanı müdafiə edəcək, ikinci açıqlamasında isə deyib ki, Rusiyanın 102-ci hərbi bazası yalnız Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədini qorumur, Gürcüstan və Azərbaycanla sərhədinin təhlükəsizliyinə də cavabdehdir. Yəni Ohanyan bununla demək istəyib ki, Azərbaycan atəşkəsi intensiv pozmaqda davam edərsə, Rusiyanın hərbi bazası Azərbaycana qarşı hərəkətə keçəcək. 

“Azərbaycan-Ermənistan müharibəsi başlayacağı halda Rusiya özünü necə aparacaq? Birmənalı şəkildə Ermənistanı müdafiə edərək Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edəcəkmi” sualı Rusiyanın siyasi və ekspert dairələrində də ciddi müzakirə predmetidir və bu suala birmənalı cavab yoxdur. O ki qaldı KTM-ə, müharibənin başlayacağı təqdirdə bu quruma üzv olan ölkələr – nə Belarus, nə Qazaxıstan, nə də Qırğızıstan Ermənistanı müdafiə etməyəcəklərini dəfələrlə bildiriblər. 

“Atlas” Araşdırmalar Mərkəzi