Olimpiya çempionunu ipponla udan Elnur Məmmədlinin bacısı oğludur

olimpiya-cempionunu-ipponla-udan-elnur-memmedlinin-bacisi-ogludur
Oxunma sayı: 6393

Dünya çempionatına uğurlu start verən 60 kq çəki dərəcəsindəki çüdoçumuz Kəramət Hüseynovla bağlı maraqlı fakt ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, məşhur cüdoçumuz, Olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğludur.

Qeyd edək ki, Kəramət Hüseynov 1998-ci il avqustun 30-da Bakıda dünyaya gəlib.  Kəramət Hüseynov 2009-cu ildən cüdo ilə məşğul olmağa başlayıb.

O, ilk uğurunu 16 yaşında Azərbaycan çempionu olmaqla qazanıb. Cüdoçu bundan sonra Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunda qızıl medal əldə edib. Həmin ildə, Polşanın Byelsko-Byala şəhərində keçirilən analoji turnirdə isə bürünc medal qazanır. Hüseynov bir il sonra Gürcüstanın Tbilisi şəhərində keçirilən gənclərin olimpiya festivalında da fərqlənir. İdmançı qonşu ölkədə keçirilən yarışı gümüş medalla başa vurub.

Növbəti illərdə də beynəlxalq arenalardakı uğurlarını davam etdirən Kəramət, yeniyetmələrin və gənclərin Avropa kuboku yarışlarında dəfələrlə müxtəlif əyarlı medallar qazanıb. O, bu yarışlarda kolleksiyasına ümumilikdə, 4 qızıl, 2 gümüş və 4 bürünc medal daxil edib. 

Onu da bildirək ki, Kəramət Hüseynov hazırda Bakıda davam edən dünya çempionatında 4 görüşdə qələbə qazanıb. Onun rəqibləri arasında rusiyalı Olimpiya çempionu Beslan Mudranov da olub. İdmançımız rəqibinə ipponla qalib gəlib.