Oliqarxlarımız niyə sayt açır? - - Şok təfsilat

oliqarxlarimiz-niye-sayt-acir-
Oxunma sayı: 6377


“Sadə Azərbaycan vətəndaşının özünə qəzet, sayt açmaq imkanları və buna dair icazəsi daha genişdir, nəinki iqtidarda təmsil olunan və milyardlara malik qüdrətli oliqarxların. Siyasi hakimiyyət xüsusi həssaslıqla nəzarət edir ki, hər hansı vəzifəli məmura, böyük sərvət sahibinə birbaşa aid olan, onun aşkar, ya da gizli iradəsinə girəcəkmedia quruluşları olmasın.

Varsa da, bunların maliyyə təminatları həmin oliqarxlarda, ya da məmurlarda qalmaqla, siyasi idarəetməni vahid mərkəzdən -  Prezident Administrasiyasından həyata keçirirlər. Prezident şəxsən özü maraqlıdır ki, hər hansı vəzifəli məmur, yaxud da yüksək maddi imkanı olan iqtidaryönümlü sima media holdinq yönəltməsin. Çünki bu halda ölkənin informasiya məkanı qarma-qarışıq olur, rəqib, ya da düşmən olan qruplar, məmurlar bir-birilərinə qarşı kompromat müharibəsi aparırlar. Nəticədə zərbə bütövlükdə iqtidara dəyir, bir sıra mühüm saray sirləri ictimai məhsula çevrilir”.

“Qafqazinfo” “Yeni Müsavat”a iistinadən  xəbər verir ki, son 4 aya qədər hakimiyyətin informasiya siyasətinin gizli düsturunu ifadə edən bu cür bilgilər oxşar cümlələrlə ictimai rəyə də çıxarılıb.

Lakin hazırda vəziyyət kardinal şəkildə dəyişib. Məsələ bundadır ki, ötən ilin sonlarından etibarən siyasi iqtidar son dərəcə mühüm sayılacaq bir qərar verib və artıq həmin qərar uyğulanmağa başlayıb. Qərar da ondan ibarətdir ki, bundan belə bir sıra “etibarlı və sadiq” oliqarxlara öz nəzarətlərində olan media quruluşları, əsasən də informasiya saytları və agentlikləri qurmağa icazə verilib. Radio və televiziya istisnadır - bu, xüsusi hallarda mümkündür (indiyəqədərki məlumatlardan çıxış etsək, deyə bilərik ki, əslində mümkün deyil).

Beləliklə, son günlər SOCAR prezidenti Rövnəq Abdullayevin yeni media holdinq qurmaq layihəsinin haradan meydana çıxdığı da aydın olur. Ondan bir-iki ay əvvəl nəqliyyat naziri Ziya Məmmədova və onun klanına media quruluşları yaratmaq izni verilmişdi. Hansı ki, Məmmədov klanı son 5-6 il idi ki, heç olmasa bir sayt sahibi olmağa çalışırdı; lakin buna icazə verilmirdi. Ötən ilin sonlarında konsepsiya dəyişdi və Ziya Məmmədov etibarlı oliqarxlardan biri kimi media sektoruna buraxıldı. İndi onun da nəzarətində saytlar var. Doğrudur, onların da siyasi kursunu PA müəyyənləşdirir; lakin pul verən  arada “musiqi” də sifariş edir. Məsələn, Ziya Məmmədova bağlı olan saytlar kifayət qədər açıq halda Kəmaləddin Heydərovun zərərinə olan məlumatları tirajlayır. Eyni zamanda, SOCAR-ın şefi də müntəzəm olaraq vurulur.

R.Abdullayevin report.az adlı informasiya agentliyi yaratması təşəbbüsü kifayət qədər “hellavari” alındı. Onun adamları bu layihəni bəri başdan üzünə-gözünə bulaşdırdılar. Elə bir açıq verdilər ki, onu heç nə ilə gizlətmək mümkün deyil; sirli konsepsiya da buradan ortalığa çıxdı. Eyni zamanda, Neftxudaya qarşı digər oliqarxlar, qruplar da fürsət bulmuşkən hücuma keçdilər. Çünki onun adı hazırda Türkiyə Cümhuriyyətinə rəhbərlik edən iqtidarın savaş açdığı “nurçular”la bərabər, hətta onların sponsoru və himayəçisi kimi çəkilir. Bu kontekstdə, indi o, həm də Bakıdakı rəqibləri üçün asan hədəfə çevrilib. Lakin “Yeni Müsavat”a məlum olub ki, R.Abdullayev, karyerasının son aylardakı kritik durumuna rəğmən, ölkənin siyasi iqtidarı, konkret olaraq prezident İlham Əliyev tərəfindən birmənalı olaraq silinmiş fiqur deyil. Üstəlik, yeni media-holdinq yaratması ilə bağlı icazə onun həm də sadiqlik əmsalının göstəricisi sayıla bilər. Sadəcə o, ya da onun adamları bir növ görməmişlik edərək, iqtidarın mühüm bir planını deşifrə etdilər. Plan da bundan ibarətdi ki, yuxarıda da qeyd etdiyimiz kimi, bir sıra oliqarxlara media sektoruna girməyə icazə verməklə, siyasi hakimiyyət virtual məkanda öz zərərinə yaranmış balansı düzəltmək, həm də müxalif düşüncəli, yaxud da bir başa siyasi müxalifətə bağlı olan yazar və jurnalistləri yüksək maaş və qonorarla nəzarəti altına almağa çalışır.

“Müxalifətin qələmi”ni satın almaq adı da qoymaq olar bu prosesə. Yəni dediyimiz yeni media konsepsiyası əslində müxalifətə və müxalif mediaya qarşıdır - uğur qazanan sayt və qəzetlərdəki müstəqil yazar, reportyor və jurnalistlər yüksək maaş təklifləri ilə oliqarxların nəzarətində olan və ya yeni açılan saytlara yığılmalıdır. İqtidar texnoloqlarına elə gəlir ki, yazılı mətbuatda və eləcə də elektron mediada müxalifət tendensiyasının uğur qazanmasının, bu cür media quruluşlarının daha tirajlı olmasının əsas sirri ümumi sayı təxminən 40-50 nəfər olan yazarlara, jurnalistlərə  bağlıdır.  Onların bir qismin artıq “alıblar”; prosesi davam etdirmək və hətta bir-birinə münasibəti kəskin olan oliqarxlara saytlar, agentliklər açaraq, yerdə qalan media ulduzlarını da oraya toplamaq qərarı var. Bununla da iqtidar texnoloqları media sektorundakı iqtidar-müxalifət konfliktini bir-biri ilə gizli rəqibliyi, hətta düşmənçiliyi olan  ayrı-ayrı media-holdinqlərin konfliktlərinə transformasiya etdirmək niyyəti daşıyırlar.

Facebook kimi Azərbaycanda populyar olan sosial şəbəkədə də fəallaşan, ayrı-ayrı qruplar yaradıb, son zamanlarda müşahidə edilməyən virtual fəallıq nümayiş etdirən, oradakı informasiya savaşında qüvvələr nisbətini dəyişməyə, ən azı, ciddi təşəbbüslər göstərən iqtidarın siyasi mühəndislərinə elektron mediada da təşəbbüsü tam ələ almaq tapşırığı verilib. Media və informasiya sahəsində “qoruyucu kəmər” yaradılır.

Təbii ki, müstəqil medianın ölkənin ciddi oliqarxiyasına qarşı maddi rəqabət aparmaq imkanları yoxdur, olması da gözlənilmir. 

Lakin işin yaxşı tərəfi bundadır ki, iqtidarın siyasi böyükləri və onların xidmətində çalışan texnoloqlar yanılırlar - məsələ yalnız tirajlı yazarlarda, peşəkar jurnalistlərdə deyil. Əsas məsələ yaradıcılıq azadlığındadır! Bu azadlıq yazarlara və jurnalistlərə verilməsə, yeni layihələr də, indiyə qədər olanlar kimi boşuna məsrəfdən başqa bir şey olmayacaq. Bir baxın, müxalifyönümlü yazılı mətbuatdan nə qədər tənqidçi yazar və tanınmış jurnalist oliqarxiyanın saytlarına keçib! İndi onların nə yazdıqları, harada yazdıqları belə məlum deyil. Yoxa çıxmış, itkin düşmüş kimi bir statusdadırlar... Eynilə yazılı mediada bu taktikanı sərgiləmişdilər: 2-3 tirajlı müxalifət qəzetini təsirsizləşdirmək üçün onlarla mətbu nümunə qurdular. Lakin onları, hətta bir ara pulsuz da payladılar, kimsə gözünə tutub oxumadı.

Doğrudur, Ziya Məmmədov, Rövnəq Abdullayev, Məhərrəm Əliyev, Kəmaləddin Heydərova məxsus olan media quruluşlarının bir-biri ilə çəkişməsini izləmək oxucu üçün maraqlı olacaq. Amma “ip” çəkilən, yuxarıdan əmr gələn kimi  kimi, hər şey dayanacaq. Bu iqtidar daxilindəki rəqiblərin bir-biri ilə imitasion media çəkişmələri siyasi hakimiyyəti cəmiyyətdən və müxalifətdən gələn tənqidlərdən xilas edə bilməz. Tam əksinə, vəziyyəti daha da dramatikləşdirər, insanlara düşünməmək üçün əyləncə olmaq yerinə, düşünmək üçün material olardı.

Lakin bu, gələcəyin qənaətləri sırasındadır. Hələliksə, görünən budur ki, hakimiyyətdə təmsil olunan oliqarxların nəzarətində saytların yaradılması və media sektoruna böyük korrupsiya pullarının buraxılması sürəci davam edəcək.

Bir az sonra siyasi gündəmi və informasiya savaşlarını oliqarxların mətbu davaları daha da rövnəqləndirəcək.