“Ölkədə evsizlər ordusunun sayı getdikcə artır”

olkede-evsizler-ordusunun-sayi-getdikce-artir
Oxunma sayı: 1053


“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev aznews.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kirayədə qalan vətəndaşlar hər ay gəlirlərinin 30-70%-ni kirayəyə yönəltmək məcburiyyətində qalırlar. 

“Elə ailələr var ki, qazancları kirayə haqlarını ödəməyə belə çatmır. Hər il 80 minə qədər yeni ailə qurulur ki, bunların ən azı yarısının evə ehtiyacı olur. Bu isə təxminən 30-40 min evsiz deməkdir. Dövlətin ipoteka proqramı isə bu tələbatın 8-10%-ni ödəyə bilir. Ölkədə evsizlər ordusunun sayı getdikcə artır. İpoteka şərtlərinin ağırlığı bu proqramdan məhdud sayda vətəndaşın yaranmasına imkan verir. İpoteka kreditləşməsində əsas problem ilkin ödənişin olmasıdır. Adi ipotekada ilkin ödənişin həcmi 20%, güzəştli ipotekada isə 15%-dir. Bu vəsait xeyli insanı proqramdan kənarda qoyur”, - deyə Samir Əliyev vurğulayıb.

İqdisadçı bildirib ki, hökumət əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün mövcud mexanizmləri təkmilləşdirməklə yanaşı dünyada tətbiq edilən yeni mexanizmləri də işə salmalıdır. 

“Qısaca olaraq ipoteka kreditləşməsində ilkin ödənişin aradan qaldırılması üçün İpoteka Kreditlərinin Zəmanət Fondu təsis edilməlidir. Belə Fondun yaradılması ilə bağlı ölkə prezidentinin 2007-ci il tarixli Fərmanı var. “Tikinti əmanət bankları haqqında” qanunu ölkədə alman modeli olan tikinti-əmanət banklarının yaradılmasını təmin edə bilər. Əhalinin mənzil təminatını yaxşılaşdırmaq və onların ucuz evlərə çıxışını asanlaşdırmaq üçün “Hamı üçün ev” xüsusi dövlət proqramının (2016-2020-ci illər) qəbul edilməlidir. Mövcud mənzil qanunvericiliyi sosial evlərin tikintisini nəzərdə tutsa da, təcrübədə həllini tapmır. Bələdiyyələrin maliyyə vəziyyəti imkan vermir. Deməli, ümid dövlətə qalıb. Bunun üçün dövlət büdcəsində vəsait ayrılmaqla bu problemi həll etmək olar”, - deyə Samir Əliyev əlavə edib.