Ölkədən daşınan milyardlar geri qayıtsa...

olkeden-dasinan-milyardlar-geri-qayitsa
Oxunma sayı: 1889

Dünya Sakit

Azərbaycandan kənara maliyyə axını həmişə güclü olub – söhbət 90-cı illərin ortalarından bəridə olan dövrdən gedir. Neft gəlirlərinin ölkəyə daxil olmağa başlamasıyla xaricə vəsait axınının başlanması təxminən eyni dövrə düşür. Elə xaricə kapital axınının ən çox genişləndiyi illər də neft gəlirlərinin ən çox gəldiyi və xərcləndiyi 2007-2013-cü illəri əhatə edir. Müxtəlif hesablamalarda bu illər ərzində Azərbaycandan çıxarılaraq xarici ölkələrə yatırılan vəsaitlərin həcmi 8-9 milyard dollar məbləğində qiymətləndirilir.

Bir çox mütəxəssislər isə hesab edirlər ki, qanuni-qanunsuz, ölkədən çıxarılan pulların həcmi 55-60 milyard dollar civarındadır. Onlar deyirlər ki, beynəlxalq səviyyədə aparılan hesablamalar(CIA World Factbook hesabatı və sair) başqa ölkələrdə Azərbaycan vətəndaşlarının qanuni formada yatırdıqları vəsaitləri əks etdirir. Hansı ki, o pulların çoxu Azərbaycanda qanuni fəaliyyətlər yolu ilə əldə olunub, ölkədən də qanuni yollarla çıxarılıb. Düşünürəm ki, bu fikir reallığa daha yaxındır. Məsələ burasındadır ki, çıxarılan pulların böyük əksəriyyəti Azərbaycanda qeyri-qanuni fəaliyyətlər, dövlət vəsaitlərinin korrupsiya yolu ilə mənimsənilməsi nəticəsində toplanıb. Uzağa getmədən, məşhur “Beynəlxalq Bank işi”nin cinayət materialları ilə tanış olmaq kifayətdir ki, yalnız bir xəttlə Azərbaycandan necə böyük həcmdə pulların xaricə çıxarılma sxemini görə biləsən. Nəzərə alsaq ki, neft gəlirlərinin axdığı illərdə ölkədə Beynəlxalq Bankdan savayı 41-42 özəl bank olub, onda onların hər biri vasitəsilə daha nə qədər vəsaitlərin kənara çıxarılmasının mümkün olduğunu təsəvvür etmək o qədər çətin olmaz.

Onu da qeyd edim ki, 2015-ci ilədək Azərbaycandan kənara pul çıxarılmasında, demək olar ki, problem olmayıb. Yalnız neftin qiymətinin kəskin enişi fonunda ciddi valyuta problemi yarandıqdan sonra Azərbaycanda xaricə vəsait axınının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirildi. İndi hökumət rəsmilərindən bir çoxu da etiraf edir ki, 2015-ci ildən bəri kapital axınının qarşısını xeyli dərəcədə almaq mümkün olub. Hətta bu şəraitdə belə vəsaitlərin kənara çıxarılması davam etməkdədir. Son illərdə xarici ölkələrdə mal-mülk alan vətəndaşlarımızın sayı durmadan artır. Məsələn, qonşu Türkiyədən Azərbaycan vətəndaşları 2016-cı ildə 610, 2017-ci ildə isə 942 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvarında alınan mənzillərin sayı isə 65 olub. Müqayisə üçün deyim ki, ötən ilin yanvarında azərbaycanlılar Türkiyədən 54 mənzil almışdılar.

Uzun sözün qısası, demək istədiyim odur ki, bu gün Azərbaycandan kənarda öz vətəndaşlarımıza məxsus milyardlarla dollar vəsait var. Bunun bir qismi daşınmaz əmlaka yatırılıb, böyük bir qismi bank hesablarında saxlanılır. Hansı ki, hər iki istiqamət passiv yatırım hesab olunur, qoyulan vəsaitlərin özünü doğrultması onilliklər boyu mümkün olmur. Çox az biri qisim vəsait xaricdə aktiv biznesə yatırılıb.

Ölkə iqtisadiyyatı isə kəskin maliyyə çatışmazlığı yaşayır. Əminliklə demək olar ki, bu gün qeyri-neft iqtisadiyyatı adı maliyyə olan bir təkana böyük ehtiyac duymaqdadır. Bu ehtiyacın qarşılanması üçün ən yaxşı mənbələrdən biri isə xaricdə yatan vəsaitlərdir. Hökumətin ən qısa müddətdə həmin vəsaitlərin ölkəyə gətirilib iqtisadiyyata yatırılması üçün təsirli vasitələr tapması lazım. Bir sıra ekspertlər həmin vəsaitlər üçün maliyyə amnistiyasının tətbiq edilməsini zəruri sayırlar. Kifayət qədər real təklifdir. Hökumətin bu barədə düşünməsi heç də pis olmazdı. Maliyyə amnistiyası dünyada uğurla tətbiq olunan üsullardan biridir. Elə regionumuzda da tətbiq olunur - Rusiya neft böhranı başlanandan dərhal sonra belə bir addım atıb. Yəni təcrübə var və Azərbaycanın da maliyyə amnistiyasına getməsi çətin olmaz, yetər ki, istək oldun...