Ölkəni şüşə eynək taxan qızlar bürüyüb

olkeni-suse-eynek-taxan-qizlar-buruyub
Oxunma sayı: 4123

Azər Qismət

Gənclər siyasətinin əsas mahiyyət və mayasını savad təşkil edir. Savadsız gənclərlə gələcəyi qurmaq çətindir. Yaşlılar da estafeti ötürmədən dünyalarını dəyişirlər. Ötürmək istəyirlər, ancaq alınmır, çünki quyunun özündə də su olmalıdır. Yoxsa, sıfırdan başlamağa kimsənin səbri qalmayıb. Nəzərə alanda ki, gənclərin əksəriyyəti sonradan müəlliminin üzünə ağ olur və aşığın söylədiyi kimi gözlərinə ağ dammır, üstəlik o ustadını heç vaxt yada salmır, qəbri üstünə 30 qəpiklik qərənfil də qoymur, onda ümumiyyətlə gəncləri qarşılarında oturdub başlarına ağıl qoymaqdan imtina edilir. Belə olan surətdə gənclər də savadın imitasiyasını yaradırlar. Yəni, anlayırlar ki, savad vacibdir, təhsilsiz bu cəmiyyətdə yer tutmaq, mövqe qazanmaq çətindir. Hələ kimisə işə düzəldən dəllallar da obyektin savadlı olub-olmamasına diqqət göstərirlər ki, dilləri uzun olsun. Ancaq əksər gənclər oxumaq əvəzinə, imitasiyanın cürbəcür formalarını düşünüb tapırlar. 

Kimisi məşhur şairin şeirindən misranı oğurlayıb sosial şəbəkədə paylaşaraq öz adına çıxır, bununla qız tutur və bununla da dünyada nə iləsə məşğul olduğunu nümayiş etdirib 5 qəpiklik dərisinə ruh qatır. Şeirin bədbəxt müəllifi bundan xəbər tutunca, adamların beyninin alt şüuruna yeriyir ki, əsil müəllif tutduğu qızlarla kafedə laqqırtı vuran axmağın biridir. Faciə burasındadır ki, bir nəfər çıxıb həmin axmağı yerində oturtmur, müəllifin başqası olduğunu demir. Çünki oxumurlar. Öyrəndikləri sosial şəbəkədəndir: “Kitab oxumağa nə hacət? Elə hamısını burdan öyrənirik də. Yoxsa, gedim 5 manata kitab alım? Alə, nəyimə lazımdır? O pula ləbləbi ilə çay içərəm”.

Gənclərin təhsil fırıldağı çoxşaxəlidir. Kimisi Dostoyevskinin kitabını oxuyan halda şəkil çəkdirib paylaşır. Yox, o, bədbəxt yazıçının kitabını almayıb, kimdənsə 3 dəqiqəliyə icarəyə götürüb. Hələ biri lap ağını çıxarmışdı. Dünya ədəbiyyatında ən çətin oxunan, beyin axını ilə zəngin “Uliss” əsəri ilə şəkil çəkdirib yazmışdı ki, “bir gecədə oxuyub qurtardım”. Adam az qalırdı ki, əlini kompüterin monitoruna salıb gəncin boğazından yapışıb qışqırsın ki, “ay yalançı, mən boyda adam bu kitabın 30 səhifəsini güclə oxumuşam”. Həmin əsərin oxunma texnologiyasına dair 3 roman dərc edilib. Təsəvvür edin, hələ necə oxuma texnologiyasına dair romanlar. Hələ o romanları oxuyub başa çatdırandan sonra “Uliss”i ələ götürmək olar. Həmin qız isə o kitabı bir günə oxuyub qurtardığını yazanda Ceyms Coys qəbirdə 77 dəfə fırlanıb. Yazdım ki, “ay xanım, belə yalan yazmayın”. Hamı üstümə düşdü ki, “qızın savadına paxıllıq edirsiz”. Hələ biri uzağa gedib qışqırdı ki, “elə sənin kimilərdir savadlı gəncləri gözümçıxdıya salan”. Sətirlərdən duydum ki, o, boğaz badamcığı şişənə qədər qışqırırdı. Ona su verib sakitləşdirməyə imkanım olmadığından bütün gecəni narahat keçirdim. Yeri gəlmişkən, qız yazdı ki, “a kişi, sən getdin bloka”. Həmin gecə sanki göylər məni qarğımışdı. 

Gənclərin savad imitasiyalı fırıldağından “Binə”, “Sədərək” ticarət mərkəzləri də qəşəng qazanır. Belə getsə, ölkə şüşə eynəklərin taxılmasına görə Ginnesin rekordlar kitabına düşəcək. Kimə baxırsan şüşə eynək taxır, xüsusən qızlar. Bu savadlılığın imitasiyasının başqa formasıdır. Guya oxumaqdan gözləri xarab olub. Hələ həqiqi gözləri xarab olanlara məsləhət də verirlər: “Eynəyi elə yox, belə tax. Gecə yatanda çıxar”. 

Gənclərin savad imitasiyasına sosial şəbəkədəki informasiya bölməsində guya hansısa ali məktəbdə təhsil alması da daxildir. Fırıldağa təzə başlayanda əsasən Bakı Dövlət Universitetinin adını yazardılar. Ölkəmizin Avropaya inteqrasiyasını görüb BDU-nu Xarici Dillər Universiteti ilə əvəzlədilər. Sonra imitasiya sərhədlər aşdı. Başladılar Oksford və Harvard universitetlərinin adını yazmağa. Soruşanda ki, “a bala, axı sən burda ola-ola Oksfordda necə təhsil alırsan, bəs qaib yazmırlar?” Qayıdıb deyir ki, “qiyabi oxuyuram”. Oksford və qiyabi təhsil. Beynim error verdi. Görəndə ki, həmin universitetlərin fəaliiyyəti şəffafdır, yəni istənilən vaxt orada təhsil alanların siyahısına baxıb yalanı tutmaq olar, bax, onda keçdilər Yaponiyanın ali məktəblərinə. Kimdir heroqlifi anlayan.

Gənclərin savad imitasiyası bunlarla yekunlaşmadı. Onlar savad almaq əvəzinə min cür variantlara əl atdılar. Artıq bu formalar daha da genişlənir, sərhədlər aşır, orijinallığı ilə paxıl gözləri deşir. Bir ara yeni variant tapılmadığına görə hamı kimi mən də narahatlıq keçirirdim. Nəhayət, yeni fırıldaq fontan vurdu. Məlum oldu ki, kimsə NASA-da işləyir. Bu, imitasiyanın təntənəsi idi. Saytlar, qəzetlər o gənclərdən yazdı, vətənpərvərlər fəxr dolusu sözlərlə qəlblərinə fərəh gətirdilər. Anladılar ki, şüşə eynəklər, “Uliss” variantları daha işə yaramır. Bu, məhəllə xarakteri dəyişir, tez yeni variant üzərində baş sındırdılar. Bayaq yazdığım kimi hələ bu təntənə deyilmiş. Biri yazdı ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında məsləhətçi işinə düzəlib. Yəni, şuranın 5 daimi üzvü hansısa ölkəyə müdaxilə etməyə qərar verməzdən əvvəl ondan məsləhət alacaqlar: “Ayə, qoşunları İraqa, ya Suriyaya yeridək?”. Di hı. İndi çatın ona görüm necə çatırsız. Gedin başınızı divara vurub düşünün: “Bunlara bax, çuşka kimi şüşə eynək taxırlar”. Bəlkə də bundan əsəbləşən, zəncir çeynəyən o biri gənclər indi daha orijinal fırıldaq üzərində çalışır, gecələr yatmırlar. Bütün bu yazdılarım başını aşağı salıb kitabın sətirlərinə baxmaqdan gözlərinin nurunu əridən gənclərə şamil edilmir.

Əgər bir azdan kimsə bəyan etsə ki, Amerika prezidentinin Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi seçilib, ya Fukusima Atom Elektrik Stansiyasında baş məsləhətçi vəzifəsinə götürülüb, təəccüblənməyin. Çünki dünyamız böyükdür və imitasiyalar hələ tükənməyib. İrəli dostlar, daha yenilərini düşünüb tapın. Yoxsa, imitasiya bazarında boşluq yaranıb.