“Ölkənin bütün məsələləri həll olunacaq”- - İlham Əliyev

olkenin-butun-meseleleri-hell-olunacaq-
Oxunma sayı: 8154


“Əminəm ki, biz bundan sonra da ölkəmizin sürətli inkişafını təmin edəcəyik. Müstəqilliyimiz möhkəmdir, Azərbaycan inkişaf edir, taleyimiz öz əlimizdədir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev mayın 28-də Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, bu hadisə də rəmzi xarakter daşıyır: “Çünki bizim müstəqilliyimizin banisi məhz Heydər Əliyevdir. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdi və 20 ildən artıqdır ki, uğurla inkişaf edir. Bu gözəl Mərkəz göz oxşayır. Həm xarici görünüşü, eyni zamanda, daxili dizaynı da çox gözəldir, zövqlə tikilibdir. Eyni zamanda, bu Mərkəzin funksional cəhəti də çox müsbətdir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün gözəl şərait var, dərnəklər, xarici dil kursları, kompyuter mərkəzi fəaliyyət göstərəcək. Əminəm ki, Neftçala rayon sakinləri, gənclər bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər”.

İlham Əliyev bildirib ki, regionların inkişafı ilə bağlı proqramlar icra olunur: “Bu, çox müsbət haldır. Deyə bilərəm ki, iki proqram artıqlaması ilə icra edilib. İndi üçüncü proqram icra edilir, 2018-ci ilə qədər tamamilə icra olunacaq və o vaxta qədər bütün rayonlarımızda əsas infrastruktur layihələri başa çatmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki bunlar çox konkret proqramlardır. Bu gün Azərbaycanın maliyyə vəziyyəti elədir ki, biz istənilən layihəni özümüz icra edə bilərik və edirik. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılır, regionların inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələlər öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, bütün işlər vaxtında və keyfiyyətlə görülsün. Əminəm ki, biz buna nail olacağıq və artıq bütün bölgələrdə infrastruktur layihələri 2018-ci ildə başa çatacaq".

Neftçala rayonunda  həllini gözləyən layihələrə toxunan İ.Əliyev qeyd edib ki, ilk növbədə yolların tikintisi diqqət mərkəzində olmalıdır: “Bu məqsədlə iki il bundan əvvəl burada bir neçə kəndi birləşdirən yolun tikintisinə vəsait ayrılıb və o layihə icra edilib. Salyan-Neftçala avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulur. İndi cari təmir aparılıb, ancaq bu yol əsaslı təmir olunacaq və biz yaxın zamanlarda buna da başlayacağıq. Bakı-Salyan yolunun böyük hissəsi artıq istifadəyə verilib, dördzolaqlı çox gözəl yoldur. Yəni, buradan həm Bakı, həm digər rayonlarla əlaqələr daha da möhkəm olacaq. Kənd yollarının tikintisi də gündəlikdə duran məsələdir. Neftçalada böyük bir yol layihəsinin icrası həllini gözləyir. Bu da 61 kilometr uzunluğunda, təqribən 20-dən çox kəndi birləşdirən bir yol olacaq. Beləliklə, həm o yol, həm də hazırda icra edilmiş yol layihələri demək olar ki, kənd yolları problemini bütünlüklə həll edəcək”.

Prezident son illər ərzində Neftçalada içməli su probleminin tədricən həll olunduğunu deyib: “İyirmidən çox kənddə təmizləyici qurğular quraşdırılmışdır və bu qurğular əhalinin təxminən 50 faizini təmin edir. Ancaq biz Neftçala sakinlərini təmiz içməli su ilə tam şəkildə təmin etməliyik və bunu edəcəyik. Layihələr hazırlanır, yəqin ki, yaxın vaxtlarda onların icrasına başlanacaq. Modul tipli layihələr də əlbəttə ki, davam etdiriləcək. Ancaq şəhərin yeni şəbəkəsi qurulmalıdır. Yeni mənbələr aşkar edilməlidir və əlbəttə ki, infrastruktur işləri aparılmalıdır. Bu, gündəlikdə duran məsələdir və bu məsələ öz həllini tapacaqdır. Əhalinin 50 faizi qazla təmin edilir. Neftçala rayonunda qazlaşdırma 100 faiz olmalıdır və qarşıya belə vəzifə qoyulub. Hesab edirəm ki, bu məsələlərlə məşğul olan dövlət qurumları bu işləri daha da sürətlə aparmalıdır”.

İ.Əliyev deyib ki, yeni iş yerlərinin açılmasını çox vacib məsələdir: “Burada bir neçə müəssisə fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, onların sayı daha da çox olmalıdır. Xüsusilə nəzərə alaq ki, bu il “Sənaye ili” elan edilши. “Sənaye ili”nin xüsusiyyəti ondan ibarətdir ki, bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bir neçə böyük sənaye mərkəzimiz vardır və onların inkişafı əlbəttə ki, prioritet xarakter daşıyır. Ancaq, eyni zamanda, mən göstəriş vermişəm ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Hər bir rayonun xüsusiyyətlərinə görə bu zonalarda müxtəlif istehsalat sahələri yaradılsın. O cümlədən Neftçala rayonunda da belə zona olmalıdır. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaqdır ki, onlar orada öz sənaye müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcək. Çünki sahibkarlığın inkişafı üçün hər il dövlət büdcəsindən təxminən 300 milyon manat güzəştli şərtlərlə kreditlər verilir və bu, özəl sahibkarlığı stimullaşdırır”.

Dövlət başçısı deyib ki, son illərdə bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülüb: “Bu, bizə bu gün iqtisadiyyatımızın böyük hissəsinin qeyri-neft sektorunda formalaşmasına imkan verib. Bu, böyük nailiyyətdir və çalışmalıyıq ki, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatı sahələrində daha da böyük uğurlara nail olaq. Buna nail olmaq üçün bütün imkanlar vardır - dövlət siyasəti, maliyyə resursları, sahibkarlığa dəstək siyasəti”.

İ.Əliyev bundan sonra da Azərbaycanın sürətli inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Müstəqilliyimiz möhkəmdir, Azərbaycan inkişaf edir, taleyimiz öz əlimizdədir. Müstəqillik dövrü bir daha onu göstərir ki, xalqımız ancaq müstəqil olan zaman uğurla inkişaf edə bilər.Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada inkişaf var, sabitlik hökm sürür, biz vətəndaş həmrəyliyi şəraitində yaşayırıq. Bizim məqsədimiz də birdir - ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaq”