“Ölkənin gələcəyinin etibarlı əllərdə olacağının şahidi olacağıq” - “İrəli” sədri

olkenin-geleceyinin-etibarli-ellerde-olacaginin-sahidi-olacagiq
Oxunma sayı: 3470

 “2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci il fevralın 2-də ulu öndərin imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib. Gənclər Günü MDB məkanında, həmçinin, Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis edildi və bu gün hər il təntənəli şəkildə qeyd edilir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov deyib.

Sədrin sözlərinə görə, Azərbaycanda gənclər hərəkatının, 300-dən çox gənclər təşkilatlarının formalaşması, Milli Məclisin Gənclər və İdman Komitəsi, Prezident Administrasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu kimi dövlət qurumlarının yaranıb fəaliyyət göstərməsi ölkə gəncliyinin inkişafına güclü dəstək verir.

M. Seyidov aprel döyüşlərindən də bəhs edib: “Biz Aprel döyüşləri zamanı gəncliyimizin nə dərəcə vətənpərvər olmasının da şahidi olduq və bundan qürur duyduq. Ölkə Prezidentinin də dediyi kimi təhlükəsizlik məsələlərində biz yalnız gənc nəslə güvənirik. Bu gün sərhədlərimizin keşiyində dayanan, erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənclərimiz bütün sahələrdə olduğu kimi təhlükəsizlik, müdafiə məsələlərində dəölkəmizin etibarlı əllərdə olmasını göstərirlər”. 

“İrəli” sədri qeyd edib ki, Azərbaycanda könüllülük hərəkatı da gənclərimizin əsas dəyər verilməli olan fəaliyyəti sayılır:

“Ölkəmizdə keçirilən beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin də əməyi xüsusi vurğulanmalıdır. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasının bir səbəbi də könüllülərin bu yarışa cidd-cəhdlə hazırlaşması oldu. Onlar IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilir və şəxsi bacarıqlarını artırırdılar. Könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər. Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, “Formula 1” Avropa Qran Prisinin təşkilinə 3500-dən artıq könüllü cəlb olunub.

Ümumiyyətlə Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir. Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti də özünün mükəmməlliyi ilə seçilir, gənclərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi bu sahəylə bağlı dövlət proqramlarının olmasını da göstərmək olar. Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramı sənədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşısına bir çox məqsədlər qoyub”.

M. Seyidovun sözlərinə görə, Azərbaycan dövlətinin gənclər siyasətində idman da əsas prioritetlərdən sayılır:

“Burada əsas məqsəd sağlam gəncliyin yetişməsidir. Qeyd edim ki, bizim bu sahədə də xeyli sayda uğurlarımız, nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur”.

Sədr prezidentin “Cumhuriyyət ili” ilə bağlı sərəncamından da söz açıb:

“Bu il Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Bu əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Gənclərimiz də bu istiqamətdə fəal olmalı, ictimai aktivliyi artırmalı, gənc alimlərimiz bu yöndə daha gərgin işləməlidirlər. Bu il həm də prezident seçkiləri ili kimi yadda qalacaq. Düşünürəm ki, bu dəfə də Prezident seçkilərində gənclərimiz daha aktiv fəaliyyət göstərəcəklər, digər ölkəmiz üçün mühüm əhəmiyyətə malik beynəlxalq və daxili kütləvi tədbirlərdə olduğu kimi, seçkilərdə də aparıcı qüvvə olacaqlar. 

Beləcə, nəinki 2018-ci ildə, qarşıdakı illərdə də Azərbaycan gəncliyinin daha da inkişaf edəcəyinin, gənclərimizin bütün sahələrdə olan uğurlarımızın əsas memarlarından olacaqlarının və ən əsası, ölkənin gələcəyinin etibarlı əllərdə olacağının bir daha şahidi olacağıq. Gənclər Gününüz mübarək əziz gənclər!”.