Ölkəyə gələnlərin çoxu siqaret və spirtli içkilər gətirir - Gömrük idarəsindən açıqlama

olkeye-gelenlerin-coxu-siqaret-ve-spirtli-ickiler-getirir
Oxunma sayı: 3134

Tovuz Gömrük İdarəsinin sərnişin şöbəsinin rəisi Eldar Əhmədov sözügedən postda vaxtaşırı olaraq müşahidə edilən sərnişin sıxlığının yaranmasının səbəblərindən danışıb.

E.Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda müşahidə edilən sıxlıq yay mövsümü ilə əlaqədardır:

“Çünki ölkədən istirahətə gedənlərin sayı çoxdur. Eyni zamanda ölkəmizə də turistlər gəlir. Daha çox axşam saatlarında sıxlıq qeydə alınır. Günorta saatlarında isti havayla əlaqədar sıxlıq az olur”.

Sərnişinlərə xidmət göstərən gömrük xidməti əməkdaşlarının sayının azlığı ilə bağlı problemə də aydınlıq gətirən E.Əhmədov qeyd edib ki,  hazırda “Sınıq Körpü” Gömrük postunda gömrük nəzarətinin daha da səmərəli və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanlarının kadr potensialı gücləndirilir və bu istiqamətdə işlər davam etdirilməkdədir.

Şöbə rəisi bildirib ki, gün ərzində gömrük sərhəd buraxılış məntəqəsində fiziki şəxslər tərəfindən 800-ə yaxın sadələşdirilmiş bəyannamə yazılır və onun da 500-ə qədəri alkoqollu içkilər və tütün məhsullarına aiddir:

“Qeyd edim ki, ay ərzində hər bir vətəndaşın şəxsi istifadə üçün 600 ədəd siqaretin və 3 litr alkoqollu içkinin respublika ərazisinə güzəştli qaydada gətirməsinə icazə verilir. Biz ölkəyə gələn şəxslərin ilk növbədə gediş-gəlişinin mütəmadiliyinə diqqət yetiririk. Belə ki, Nazirlər Kabinetinin 305 saylı qərarına nümunə olaraq deyə bilərik ki, fiziki şəxslər tərəfindən hər təqvim ayı ərzində bir dəfə 30 kq müxtəlif növ ərzaq məhsullarının güzəştli qaydada gətirilməsinə icazə var. Vətəndaşın keçmə tezliyini Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarə sistemi vasitəsilə müəyyən etmək olur. Artıq ay ərzində vətəndaş bunu iki dəfə həyata keçirirsə, bu qanunun pozulması deməkdir. Bu halda biz məhsulu götürüb müvəqqəti saxlanc anbarına təhvil veririk. Əvəzində isə vətəndaşa akt tərtib edirik və o malı 3 gün ərzində gəlib geri apara bilər”.

E.Əhmədov vurğulayıb ki, iyunun 21-də postdan 4000 nəfər şəxs ölkəyə giriş edib, 4500 şəxs isə ölkədən çıxış edib:

“Gün ərzində 8500 şəxsə xidmət göstərilib. Elə gün olur ki, bu rəqəm 10 mini də keçir.

Günel Türksoy