“Ölsəm vəsiyyət eləyəcəm atımı Mansıra versinlər” - Bığlı Kərəm

olsem-vesiyyet-eleyecem-atimi-mansira-versinler-bigli-kerem
Oxunma sayı: 776


Muğanlılı Bığlı Kərəm səhər Arxaşandakı bütün arxlara baş çəkdi; su səsi vardı arxlarda, bir də Arxaşanın yastı-yapalaq təpələrinin üstündə həmin sükut idi ki, neçə-neçə illər ərzində bu sükutu nə quş səsi, nə qoyun-quzu mələrtisi, nə at kişnərtisi, nə də hərdən bir buralardan ağır-ağır gəlib keçən tısbağa yerişli traktorların səsi poza bilmirdi.

Bığlı Kərəm neçə il idi bu arxların qarovulçusu idi, neçə il idi Muğanlıdakı topdağıtmaz evini oğlanlarının umuduna qoyub Arxaşan kimi ilan-çayanlı, kol-kosunda quş yaşayan yerdə məskən salmışdı, ev tikib binə olmuşduşdu, malaq saxlayırdı, bir şeydən əskikliyi yox idi, səhərlər arvadı asta-asta samovara od salırdı, biş-düş edirdi, hərdən-hərdən qapılarını açan qonaq-qara üçün süfrə açıb kişisinin üzünü ağardırdı.

Sabahın gözü açılmamış Bığlı Kərəmin atın belinə qalxıb belə şəstlə durmasının, bığını burub Arxaşan təpələrinə ağayana baxmasının səbəbi vardı. Bu gecə onun atına oğru gəlmişdi. Bığlı Kərəmin Qaşqasının qədirbilənlər yanında adı-sanı vardı. Qaşqanı daylaq vaxtı bir gürcüdən su qiymətinə--altmış manata almışdı, onu da ələ dadamal öyrədib böyütmüşdü. Hər dəfə Arxaşana yaz gələndə, otlar iynə-iynə torpaqdan qalxıb təpələrin cod görkəmini dəyişəndə Bığlı Kərəmin qulağına suyun səsi bir az daha xoş gəlirdi. Quşlar bir az daha şən oxuyurdular və Bığlı Kərəm on-on beş inəyinə, bir bölük qoyununa, davarına baxanda sevinmir, amma yerlə-göylə əlləşən, axşamtərəfi düşər-düşməz madyanları qabağına salıb dişləyə-dişləyə gətirib xalxala dolduran ürgəsinə baxa-baxa fərəhindən dünyaya sığmırdı.

Bığlı Kərəm cavan olmasa da özünü bir zərrə qoca saymırdı. Qaşqa miniləsi olanda onun belinə yəhər qoydu, ağzına yüyən verdi. Ürgə fələknən əlləşirdi: yorulanacan atıldı düşdü, sonra sahibinin istəyinə tabe olub yel kimi Arxaşan torpağında seyrək toz qaldıraraq yumru təpələrin arxasında yox oldu.

İkidən-birdən bir də görürdün Bığlı Kərəmin oğlanları gülüzlü Muğanlıdan gəldilər, sonra isə: - “Ay lələ, qoy Qaşqaya minək”, - deyə kişiyə minnətə düşdülər. Bığlı Kərəmin dodaqları qaçırdı, deyirdi ki, bacarırsınızsa, gedin minin, amma gözdüyün başınızı, gözünüzü əzib şil-küt eləməsin.
Bığlı Kərəmin oğlanları cavanlıqlarına güvənirdilər, güclərinə, dəliqanlılıqlarına güvənirdilər. Amma Qaşqanın təpik atıb onları yaxın buraxmamasından məlum olurdu ki, güc də, dəliqanlılıq da öz yerində, amma ürgə doğrudan da yüyəni özgəyə verən deyil.
...Bığlı Kərəmin atı yolnan sona kimi süzə-süzə gəlirdi. Həmin gün Bığlı Kərəm Qaratəpəyə həftəbazarına getmişdi, bir az ayın-oyun alıb xurcunun gözünü doldurmuşdu, bir də kababxanada toqqanın altını bərkidib iki yüz qram da araq başına çəkmişdi, kefi saz idi, at da sahibindən şokolad payını alıb aşırmışdı.

Kosalılı Qəməndər sürünün ağzını yola sarı salıb ağaca söykənmişdi, gördü ki, gələn qarovulçu Bığlı Kərəmdir, altındakı at da oyur-oyur oynuyur, gözü tutdu atı. Bığlı Kərəm bərabərinə çatar-çatmaz: -Ay dayı, -dedi, - gəl bu atı mənə sat.
Bığlı Kərəm urcahına çıxmış çobana baxdı, uşaq-muşağın yekəxana-yekəxana danışmağından xoşu gəlmədi:
-Yeri ə, - dedi, - yeri yolunnan get. Sən mənim atıma minəmməzsən.

İki gün sonra kosalılı Qəməndər Bığlı Kərəmlə üz-üzə oturmuşdu, bir sini qurudlu xəngəl yeyib araq içmişdi, ağzının yanını silib mətləb üstünə gəldi ki, ay dayı, məqsədim allahdan gizli deyil, bəndədən nə gizli, gəl atı mənə sat, iki boğaz inək verim.
Bığlı Kərəm bu sözlərin müqabilində gülümsündü: bir yandan Qəməndərin Qaşqadan xoşu gəlməsindən fərəhləndisə də, o biri yandan da tərs damarı tutdu: bineybaşdan qılıq-mılıqla suyulan döyüldü.

- Ə, məni kimi səy olma,-dedi, - arvad - uşaq yiyəsisən, damazlığın özünə qalsın, amma sən mənim atımı minəmməzsən.
- İki boğaz inək, üstündə bir erkək verim. Qəməndər sövdələşmədə razılığa gəlmək əzmi ilə əlini irəli uzatdı.
Bığlı Kərəm-qırsaqqız olub dediyini deyib duran gədəyə baxıb qımışdı, amma cavab vermədi, bilirdi: hər uşaq-muşaq onun atına minəmməz, bir də Qaşqanı durduğu yerdə satmaq ağlına belə gəlmirdi.
O, Qəməndəri yola salanda Arxaşan təpələrinə vahiməli bir qaranlıq çökürdü, bir də təpələri sıyırıb keçən, yalquzaq səsini andıran külək əsirdi.

Gündüz Bığlı Kərəm arxın üstündə doyunca yatdığından oyaq idi, şıqqıltıdan bildi ki, gecə bura ayaq basan xeyirliyə gəlməyib, əlini beşaçılana uzatdı.

İt kəsik-kəsik hürüb səsini kəsdi.Yaraqlı-yasaqlı aşağı düşəndə ona agah oldu ki, oğru ata gəlib, oradaca ürəyinə damdı ki, bu hər kimdirsə, Qəməndər deyil. Xalxalın böyrünə sinib beşaçılanı qaldırdı, qan töküb qada salmaq istəmədiyindən sağdan-soldan atdı, dalınca da qeyzə gəlib bağırdı:
- Ay anasını satdığım, əyə, siz Muğannı Kəriminmi üstünə gəlibsiniz?!

Beşaçılanın səsini qaranlıq gecə uddu. Bığlı Kərəmin zəhmli səsini küləklər götürüb Arxaşanın yumru təpələrinin yamaclarına çırpırdı.
Sükut oldu. Gecə bütöv, lal, tərpənməz idi. O tərəfdə, yataqlar olan yerdə ölü sükut vardı. Bığlı Kərəm dinşəyib ətrafa qulaq verəndə təpələrə sarı gedən tövşüyü eşitdi: oğrular qaçırdı, qeyzə gəldi, patronu çaxmağın ağzına verib tətiyi çəkdi. Beşaçılanın lüləsindən çıxan köz kimi qırmızı alovlar qaranlığa ox kimi sancılıb yox oldular. Bığlı Kərəm istəyirdi, dağlarda olduğu kimi beşaçılanın əks-sədasını eşitsin, səslər qayalara çırpılıb üstünə qayıtsın, ona qol-qanad versin, havalansın: amma Arxaşanın palazqulaq, yastı--yapalaq təpələri güllə səslərini udurdu; elə bil boşluqda qamçı şaqqıldayırdı.

Bu an Bığlı Kərəm bir də istədi ki, qardaşlarını, oğlanlarını sağ-solunda görə, hayına hay verən ola, amma həminki qaranlıq gecə, həminki zülmət gözünə dayanmışdı, öz-özünə:
- Ay nə təkləndim, - dedi, - müxənnət zamana.
Təpədəki qaraltıları seçdi, beşaçılanı sinəsinə qaldırdısa da yenə də oğrulara qıymadı; sağdan-soldan atdı, döyüşdən qalib çıxmış adam təntənəsi ilə:

- Əyə, -deyə bağırdı, - qıraqda yüz özünüzdən deyəndə bir də mənnən deyin! Bilin, analar oğullar doğub.Muğannılı Bığlı Kərəm deyərlər mənə! Qıymadım, gedin kişi olun!
Qaranlıq o səsləri də uddu, cavab gəlmədi.

Təpədə iki papiros gözü vardı. Bığlı Kərəm bilirdi oğrular döşdə oturub nəfəslərini dərirlər. Bığlı Kərəm bir də onu bildirdi ki, oğrular daha qayıdıb gəlməyəcəklər. Birdən özünün belə qocalığındanmı, Qaşqanı təkbaşına saldırdığındanmı, nədənsə ürəyi kövrəldi, yadına yaylaqlarda at oynadıb ad çıxardığı vaxtlar düşdü, ağır-ağır yığnaqların nəməri asılardı onda atının tərli boynundan.

Bığlı Kərəmin belə qəm-qüssəyə batıb, yalqızlıq hiss eləməsi bir də sürülər yaylağa köç eləyəndə olurdu. Onda tərəkəmə Bığlı Kərəmin ruhunu dağlar çəkirdi. Yüklü ulaqlara, alapaça atlara, dağlara sarı üz qoyan köçə baxa-baxa gözündə Arxaşanın təpələri kövrəlirdi, yazıqlaşırdı. Həmin günün axşamı Bığlı Kərəm başının üstündən asdığı sazın tozunu silib bir az dınqıldadırdı. İndi birdən-birə oğruların peyda olmasından, dağların-daşların yadına düşməsindən qanı qaynadı, sidq ürəklə oğrulara yazığı gəldi, üzünü təpəyə sarı tutub:

- Əyə, - dedi, - indi bu gecə vaxtı əliboşmu gedəcəksiniz. Enin, bir yaxşı erkəyim var, kəsək, öpüşüb-barışıb qardaş olaq.
Təpədən boğuq səs gəldi, oğru burnunu əli ilə tutmuşdu:
- Sağ ol! Sağ ol! Başın uca olsun!

Sonra təpənin döşündəki o papiros gözü yox oldu, oğrular təpəni aşıb getmişdilər. Bığlı Kərəm oğruların haralı olmasını yüz yerə yoza-yoza onu gözləyən qarısının yanına qayıtdı.

...Təpələrin arasından günəş boylanırdı. Bığlı Kərəm atın üstündə şəstlə oturub Arxaşana ağayana baxa-baxa geri qayıdırdı. Təpələrdən o yanda Kosalıydı, Nazarlıydı, Qaratəpə, Təhlə idi, bu tərəfdə Qaraçöp-yeddi olmaq o tərəfdə, Alvan dağının alt yanında, gürcü kəndlərinin içində də Muğannı.

Bir traktor tısbağa yerişiynən enişi enirdi. Bığlı Kərəm Muğannı səmtə baxa-baxa gözünün qabağına kəndin arasında başına papaq qoyub gəzən arvad yosunlu kişilərin sifəti gəlib durdu. Adamların suyu dəyişmişdi. Yadlar o yana, qohumların içindən hobbanıb-düşəni, dinib-duranı divan-dərəylə yanıyanları vardı.
Həyətdə arvadı samovara od salmışdı, atı xalxala salıb yuxarı qalxdı. Nəvəsi oyanmışdı, gözünü ovurdu, mehrini uşağa salmışdı, gətirib yanında saxlayırdı.

Bığlı Kərəm nəvəsinin alnından öpdü, üzünü samovarın yanında qurdalanan arvadına sarı tutdu ki, oğul olsa bu olacaq, amma dili gəlmədi deməyə, ölsəm vəsiyyət eləyəcəyəm ki, atımı Mansıra versinlər. Başını qaldıranda gördü ki, yolnan təhnəsinin taxtaları silkələnə-silkələnə bir maşın gedir.