Ölüm saçan avtobuslar - Video

olum-sacan-avtobuslar
Oxunma sayı: 1963

Son vaxtlar Bakıda qapıları açıq avtobuslardan sallanaraq gedən şəxslərin sayı daha da artıb. 

“Qafqazinfo” xəbər verir ki, bu görüntülərlə hər gün şəhərin mərkəzində, xüsusilə də Bakıətrafı qəsəbələrə gedən avtobuslarda rast gəlmək mümkündür. Günün pik saatlarında “Koroğlu” metrosundan Bakı kəndlərinə və ya əks istiqamətə hərəkət edən avtobusların çox hissəsi qapıları açıq vəziyyətdə idarə edilir, qapılardan isə bir neçə nəfər sallanaraq mənzil başına yetişir. Bu da onların həyatı üçün ciddi təhlükədir. İllərlə mövcud olan bu problemin hələ də qalması narahatlıq yaradır.

Xəzər TV də sözügedən problemə diqqət ayırıb. Telekanalın hazırladığı süjetdə göstərilir ki, avtobusun hər iki qapısı açıqdır və bir neçə sərnişin sallaşıb. Bu azmış kimi onlar yolda hərəkət edən digər avtomobillərə əl-qol hərəkəti etməklə yanaşı təpik də atırlar. Həmin görüntülər Bakı-Şamaxı yolunda lentə alınıb. 114 nömrəli avtobusun içərisi tam dolduğundan sərnişinlərin bəziləri çöldə qalıb.

Avtobusun qapılarını bağlamadan hərəkət etdirən sürücü sərnişinlərin həyatını təhlükəyə atmaqla yanaşı, digər yol hərəkəti iştirakçıları üçün də təhlükə yaradır.

Həmin görüntüləri təqdim edirik: