Ölümdən qazanan monopoliya...

olumden-qazanan-monopoliya
Oxunma sayı: 725

Dünya Sakit

Yəqin ki, dünyada, elə Azərbaycanda da yaxınlarını, doğmalarını xərçəng üzündən itirməyən insan tapmaq mümkün deyil. Bu bəlanın verdiyi hədsiz fiziki və mənəvi acılarla yanaşı, onun müalicəsi üçün çəkilən maddi məsrəflər də xəstəliyin ağırlığından heç geri qalmır. Bu ağırlığı artıran əsas amil isə budur ki, əksər hallarda çəkilən xərclərə rəğmən, gözlənilən effekti almaq olmur – xəstə həyatını itirir.

Getdikcə bu amansız xəstəliyin çox böyük sürətlə yayılması müşahidə edilir –dünyada  ölüm səbəbləri arasında 3-cü yerdə gələn xərçəngdən ölənlərin sayı ümumi ölümlərin 15 faizini təşkil edir. ABŞ kimi xərçənglə mübarizəyə 10 milyardlarla dollar xərcləyən dövlətin hər il vəfat edən 100 vətəndaşından 23-ü məhz onkoloji səbəbdən dünyasını dəyişir. Azərbaycanda isə rəsmi rəqəmlərə görə, 2015-ci ildə 6249 nəfər xərçəng xəstəliyindən dünyasını dəyişibsə, 2016-cı ildə bu rəqəm 6945 olub.  Bu isə təxminən vəfat edənlərin 11 faizi deməkdir. 

Hər il dünyada 14 milyon insanda xərçəng aşkarlanır. Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2025-ci ildə bu rəqəm 19 milyon nəfərə, 2030-cu ildə 22 milyon nəfərə çatacaq. 

Xərçəng təkcə ölənlərin sayının artması ilə deyil, həm də dünya iqtisadiyyatına vurduğu zərərin miqyasına görə sürətlə “irəliləyir”. Belə ki, hesablamalara görə, hazırda bu xəstəliyin yaratdığı əlillik, əmək qabiliyyətinin itirilməsi və ölüm halları üzündən dünya iqtisadiyyatı hər il 930 milyard dollara yaxın vəsait itirir. Maraqlıdır ki, ölüm hallarının səbəbləri sırasında ilk yeri tutan ürək-damar xəstəliklərinin vurduğu zərər bundan xeyli az - 800 milyard dollara yaxındır. 

Xərçəngi belə “öncül” edən amillər sırasında onun onkologiyanı dünyanın ən çox əməktutumlu sahələrindən birinə çevirməsi də var. Belə ki, onkoloji xəstəliklər müayinə və müalicə xərclərinə görə hazırda digər bütün xəstəlikləri qabaqlayır.  İnkişaf etmiş ölkələrdə xərçəngə qarşı mübarizəyə sərf olunan vəsait ümumi səhiyyə xərclərinin 7 faizinə çatıb. İnkişaf etməkdə olan ölkələrdə isə bu göstərici daha yüksəkdir. Məsələn, Belarusda dövlətin ümumi səhiyyə xərclərinin 30 faizi onkoloji xəstəliklərin müalicəsinə sərf olunur. Bu ölkədə təkcə 50-70 yaş arası əhalinin uşaqlıq boynu, süd vəzi, prostat vəzi, bağırsaq və ağciyər xərçənginə qarşı skrininqinə 20 milyon dollardan yuxarı vəsait sərf olunur.

Xərçəngin nəinki müalicə, həmçinin müayinə xərcləri də bahalığı ilə seçilir – məsələn, süd vəzi xərçənginə meylliliyi aşkarlayan testin qiyməti 3000 dollardır.  Belə bahalığın nəticəsidir ki, 2015-ci ildə dünyada xərçəngə qarşı dərman preparatlarının alınmasına 107 milyard dollar sərf olunub. 2016-cı ildə isə bu məbləğ 120 milyard dollara yaxın olub. 

Bu bahalığın səbəbləri ilə bağlı araşdırmalar göstərir ki, dünyanın aparıcı dərman firmaları bir çox hallarda qiymətləri kartel sövdələşməsinə gedərək qəsdən qaldırırlar. Məsələn, ötən il bir qrup alim kimyaterapiya preparatlarının maya dəyərindən 500-600 dəfə yüksək qiymətə satıldığını təsdiqləyən tədqiqatla çıxş etmişdilər. Sırasında dünyanın ən güclü onkoloqlarının da olduğu bu qrupun çağırışı, təəssüf ki, nəticəsiz qaldı. Çünki dünyanın ən böyük monopoliyası məhz elə xərçəngdən “qidalanır” - Onkologiya – bütün dünyada qolları olan, çox böyük bir monopoliyadır. Bu monopoliya xərçəng xəstəliyinə qarşı mübarizənin bütün mərhlələrini əlində cəmləyərək, öz mövqeyini qorumaq üçün bütün metodlardan istifadə etməkdədir. 

Maraqlıdır ki, bir çox alimlər “xərçəng” monopoliyasını nəhəng qazanc mənbəyi olan bir sahənin əldən çıxmaması üçün yüksək perspektivi ola biləcək kəşfləri beşiyindəcə boğmaqda ittiham edirlər. Lakin hələ ki, belələrinin səsi məharətlə boğulur.

Əvəzində isə kliniki təsdiqini demək olar ki, tapmayan bahalı preparatların dövriyyəyə buraxılması, həkimlərin əksər hallarda məhz belə dərmanlardan istifadəyə üstünlük verməsi halları çoxalır. Bundan əlavə, bütün dünyada, eləcə də Azərbaycanda xəstələrin sağalmasına ümid olmadığı hallarda, hətta həyatlarının son həftələrində belə kimya terapiyası aparılması praktikası geniş yayılıb...