Ölümsüzlüyə apara biləcək 7 amil

olumsuzluye-apara-bilecek-7-amil
Oxunma sayı: 3044

Arif Nuri

Canlı orqanizm təbiətdə olan hər bir varlıq kimi istifadə olunduqca köhnəlir, qocalır. Orqanizm getdikcə özünü yeniləmə və özünübərpa proseslərini itirir, qocalmağa başlayır. Bu təbii bir prosesdir. Elm-texnika hələ ölümsüzlüyün çarəsini tapa bilməyib. Amma bu çarənin yaxın gələcəkdə tapılacağı elə də qeyri-real görünmür. Yəqin ki, insanların əksəriyyəti həmin çarənin tapılacağı zamana qədər yaşamaq istəyərdilər.

Ötən məqaləmizdə qeyd etdiyimiz məsləhətlərlə yanaşı aşağıda qeyd etdiyimiz 7 amili də nəzərə alsanız, ömürsüzlüyə qovuşma şansınızı xeyli artırmış olarsınız. Bu yeddi amilin həqiqətən uzun ömürlülüyə gətirdiyi həm elmi cəhətdən, həm də praktikada sübut olunmuşdur.

Birinci amil - əməkdir, aktiv və daimi əmək. Əbəs yerə deyilməyib ki, uzunömürlülər arasında tənbəllər olmur. Əmək insan həyatının ən vacib tərkib hissələrindən biridir. Əgər insan daimi məşğuldursa, bu məşğulluq ona maraqlıdırsa, o zaman bu uzun ömür yaşamağa kömək edir.

İkinci amil – bu əməyin, istirahətin, qidalanmanın düzgün münasibətidir. Məsələn, Yaponiyada belə bir problem var, bir çox insanlar həddindən artıq işləməkdən ölürlər. Bu ölüm üçün onlarda xüsusi termin də var. Bu insanlar bütün günü il ərzində işləyib, istirahət etmirlər. Ona görə, təkcə işləmək, daimi məşğul olmaq kifayət deyil. Daimi məşğulluğu düzgün istirahət və qidalanma ilə də müşayiət etmək lazımdır.

Üçüncü amil – ailədə və işdə normal psixoloji mühitin olmasıdır. Bu çox vacibdir. Bəzən elə olur ki, insan çox işgüzardır, böyük nüfuzu var, işini sevir, ondan zövq alır, amma ailədə olan problemlərin insanın ürək- damar problemlərindən ölümünə gətirib çıxarır.

Dördüncü amil – hər şeydə mülayimlikdir. “Qızıl orta”.

Beşinci amil – xeyirxahlıq, düzgünlük, insanlara açıq münasibət, insanlararası konfliktlərin minimuma endirilməsidir.

Altıncı amil – insanın həyatdə həm mənəvi, həm də fiziki olaraq özünü reallaşdırmasıdır.

Yeddinci amil – bu zərərli vərdişlərin olmamasıdır.

Bu 7 amili birləşdirən ideya odur ki, insan fiziki orqanizminin qayğısına qaldığı kimi, həm də mənəviyyatını da düşünməlidir. Orqanizm insan ruhu üçün bir yuvadır, bizə doğulduğumuz anda hədiyyə olunur, bizim işimiz onun qayğısına qalmaqdır. Bunun qarşılığında o, bizə uzun, sağlam və xoşbəxt həyat bəxş edəcəkdir.

Hamınıza uzun, sağlam və xoşbəxt həyat arzusu ilə.