Ölümün yox, həyatın tərəfində!

Ölümün yox, həyatın tərəfində!
Oxunma sayı: 656

Kənan Hacı

Yazıçı ölümün yox, həyatın, müharibənin yox, sülhün, şərin yox, xeyirin tərəfində olan adamdır. Nardaranda tökülən qanlar bir yazı adamı kimi məni çox ağrıtdı, içimdə bir şırım açdı. Belə məqamda nə yazmaq lazım olduğunu da bilmirəm, bu qədər aciz olduğum yadıma gəlmir. Tökülən qan bizim qanımızdır, polis də, sadə insan da bu torpağın övladıdır.

Azərbaycan öz dövlətçiliyini qanlar bahasına qurdu, bir xalq, millət, dövlət olaraq bu yerlərə asanlıqla gəlib çıxmadıq. Elə Bakı camaatı müstəqilliyin ilk illərində hər zaman mübarizənin ön cərgələrində oldular, Azərbaycanın imperiyadan xilas olması üçün, öz müstəqilliyinə qovuşması üçün böyük mücadilə verdilər. Mən o günlərin canlı şahidiyəm və “Yaddaş kartı” kitabımda bu haqda ayrıca bir fəsil var.

Bu gün baş verənlər məni çox üzür. Göz açıb evimizdə Quran görmüşəm, 13-14 yaşımdan məscidə gedib Quran oxumağa başlamışam, uzun müddət namaz qılmışam. Valideynlərim də dinə bağlı insanlar olublar. İslam dininin fəzilətləri haqda söhbətləri dinlədikcə bu dinin insanları şər əməllərdən uzaqlaşdıracağına, bəşəriyyəti rifaha qovuşduracağına sidq-ürəkdən inanmışam. Bu gün isə xəyallarım suya düşür.

Axı peyğəmbərimiz buyurub: “Elmi beşikdən qəbrədək öyrənin!” “Alim öldü, aləm öldü”. “Bilik qazanmaq hər bir müsəlmana vacibdir”. “Bilikli olmaq bütün yaxşılıqların, nadanlıq isə bütün pisliklərin başıdır”. “Heç bir xəzinə elmdən daha xeyirli deyil”. “Qiyamət günü bir alimin mürəkkəbi min şəhidin qanına bərabər tutulacaq”. Belə misalların sayı çoxdur, dinimiz hər fürsətdə bizə oxumağı, elmə sahib olmağı tövsiyyə edir. Bütün dağıdıcı əməllər elmsizlikdən törəyir, elmsiz insanı hər istiqamətə yönəltmək mümkündür.

Azərbaycan dövləti hər zaman milli-mənəvi, dini dəyərlərə böyük önəm verib. Hər bir vətəndaş bu dövlət üçün, bu millət üçün qiymətlidir. Bizim Qarabağ boyda ağrımız var, torpaqlarımız işğal altındadır, bu boyda ağrını unudub öz içimizdə bir-birimizi didməklə düşməni özümüzə güldürürük. Düşmən sevinir, dost yasa boğulur. Gəlin, bunu unutmayaq! Sabitliyimizi qoruyaq. Bayrağımızı ucaldanların ruhu xatirinə Azərbaycan dövlətini qoruyaq! Dövlətimiz bizim ən böyük sərvətimizdir!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi