Ombudsman nümayəndələri Babək Həsənovla görüşüb

ombudsman-numayendeleri-babek-hesenovla-gorusub
Oxunma sayı: 1411

Ombudsmanın Milli Preventiv Mexanizminin üzvləri  əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib. 

Ombudsman Aparatından “Qafqazinfo”ya daxil olan məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə cəza çəkən bir sıra məhkumlar, o cümlədən Babək Həsənov da qəbul edilərək konfidensial qaydada dinlənilmiş və müraciətlər yerində araşdırılıb.

B.Həsənov MPQ-nin üzvləri ilə görüş zamanı müəssisəyə gətirildiyi gündən yeni məhkumlar üçün nəzərdə tutulmuş karantin  hissəsində yerləşdirildiyini və hazırda isə ümumi yaşayış sahəsində olduğunu bildirib.

Qeyd olunmalıdır ki, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları cəzaçəkmə müəssisələrinə yeni daxil olmuş bütün məhkumların bir gün ərzində kompleks sanitar təmizləmədən və tibbi müayinədən keçdikdən sonra iki həftəyədək müddətə karantin sahələrində yerləşdirilməsini nəzərdə tutur.

Görüş əsnasında məhkum B.Həsənov müəssisəyə gətirildiyi ilk gündən ailə üzvləri ilə telefonla danışmasına və yaxınları ilə də görüşünə normal şərait yaradıldığını, habelə müəssisədə saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onunla rəftarı ilə də bağlı narazılığının olmadığını bildirib. B.Həsənov tibbi müayinədən də keçirilib.